Məlum olduğu kimi alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı qayda dəyişir. Bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması isə qadağandır.
MÖVZU İLƏ BAĞLI:
Spirtli içkilər əsəbləri SAKİTLƏŞDİRİR?
Bəs, alkoqollu içkilərin pərakəndə satış qiymətinin minimum həddinin müəyyən edilməsi bazarda nəyi dəyişəcək?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 2019-cu ildə spirtli içkilərin istehsalına və satışına dair lisenziya ləğv olundu:
“O zamana kimi ölkədə az sayda araq istehsalçısı vardı. Lisenziya ləğv olunduqdan sonra 50-dən artıq araq istehsalçısı meydana çıxdı. Yəni lisenziyanın ləğvi araq istehsalçılarının əl-qolunu açdı. Nəticədə onlar bazar hər cür məhsul çıxartmağa başladılar.
Qəribisi budur ki, hər istehsalçı özü üçün qiymət müəyyənləşdirmişdi. Bu da haqlı sual doğururdu ki, nəyə görə eyni xammaldan hazırlanan araqların qiymətində bu qədər fərq var?! Bu mənada araq məhsullarının minimum satış qiymətinin müəyyən edilməsi müsbət hadisədir”.
Müsahibimiz yeni qaydalarla bağlı narahatlığını da dilə gətirib:
“Yeni qayda əsasən istehsalçının hüquqlarını qoruyur. Yenə də istehlakçı hüququ arxa plana keçir. Məlumdur ki, spirtli içkilər bazarında kifayət qədər aşağı qiymətdə satılan məhsullar var. Hətta “podval”da kustar üsulla hazırlanan içkilərin olması da sirr deyil. Dünənə qədər sexdə və aşağı keyfiyyətdə hazırlanan araqlar istehlakçıya daha aşağı qiymətə təklif edilirdi. Yüksək keyfiyyətli məhsullarsa daha baha qiymətə satılırdı.
Yeni qayda qüvvəyə minəndən sonra aşağı və yuxarı keyfiyyətli araqlar demək olar ki, eyni qiymətə təklif olunacaq. Ən pisi də odur ki, arağın qiymətinin minimum həddi daha çox işbazların işinə yarayacaq. Onlar artıq biləcəklər ki, xərcləri nədir, qazancları nədir. Bunun da təbii ki, xoşagəlməz nəticələri olacaq. Keyfiyyətsiz araqlar bazara daha çox ayaq açacaq.
Bu mənada yeni qaydalarda istehlakçı hüquqlarından bəhs olunsa da, əslində bu daha çox istehsalçıların marağına xidmət edir. İstehlakçı əslində daha çətin seçim qarşısında qalacaq. Bilməyəcək ki, hansı araq daha keyfiyyətlidir. Təəssüf ki, biz yenə də keyfiyyətin yox, kəmiyyətin ardınca gedirik”.
Surxay Atakişiyev, Bizim.Media