Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
Belə ki, OPEC-in hesabatında, ölkəmizdə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur.
Təşkilat 2024-cü il üçün Azərbaycanın neft tədarükünün təqribən 15 min barel artacağını (öncəki proqnoz göstərici – 20 min barel) və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.
Bəs bu artımlar nədən qaynaqlanır?
Mözu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, istər OPEC-in, istərsə də Beynəlxalq Enerji Agentliyinin ötən ilin sentyabr ayından etibarən 2024-2025-ci illərlə bağlı verdikləri proqnozlarında yalnız artım müşahidə olunur.
Müsahibimiz, cari ilin aprel ayının əvvəlində hasilatın Azəri-Çıraq-Günəşli (AÇG) platformasından qarşılanacağını bildirdi:
“Abşeron yatağında kondensat yatağının da ötən illə müqayisədə artacağı gözlənilir. 2025-ci ildə isə bu artım olmayacaq və hasilat öz səviyyəsində qalacaq. Əgər bu ilin 2 ayının nəticələrinə baxsaq, ölkəmizdə ilk dəfə maye karbohidrogenlərin gündəlik hasilatının 600 min bareldən aşağı olduğunu görərik. Daha dəqiq desək, hasilat 598 min barelə qədər azalıb. Dövlət Statistika Komitəsinin hesabatında isə azalmanın ötən illə müqayisədə 5.9 faiz həcmində olduğu qeyd olunub”.
Azalmanın cari ilin sonuna qədər davam edəcəyini deyən ekspert əlavə edib ki, OPEC-in bu göstəriciləri əsl reallığı əks etdirmir.
Bəs, OPEC bu hesabatı nəyə əsasən açıqlayır?
İlham Şaban təşkilatın hasilatla bağlı göstəricilərinin çox fərqli olduğunu diqqətə çatdırıb:
“İraq, BƏƏ, Liviya kimi ölkələr OPEC-lə öz göstəriciləri arasında ciddi fərqlərin olduğunu söyləyirlər. Beynəlxalq Enerji Agentliyi də bu təşkilatın göstəricilərindən bir şey anlaşılmadını bildirir. Bəzi hallarda isə çox ciddi səhvlər ortaya çıxır. Təşkilatın ölkəmizdə nümayəndəliyi yoxdur və bütün göstəriciləri Azərbaycan Energetika Nazirliyindən alır. Beləliklə də aydın olur ki, bu qurumun hesabatları reallıqdan çox uzaqdır”.
İ.Şabanın dediyinə görə, təşkilatın Azərbaycanla bağlı dərc etdirdiyi kvotası ilə Azərbaycanın real hasilatı arasında 118-120 min barel fərq var:
Ekspert neft hasilatı ilə bağlı Dövlət Statistika Komitəsinin və Energetika Nazirliyinin hesabatlarının reallığı daha açıq əks etdirdiyini diqqətə çatdırıb.
Rövşən Ziya, Bizim.Media