“Birgə investisiya fondunun yaradılmasının əsas məqsədi həm Azərbaycanda, həm Türkiyə ərazisində əhəmiyyətli layihələri investisiya ilə təmin etməkdir. Çox güman ki, işğaldan azad olunmuş torpaqlarda da ciddi və birgə layihələrin həyata keçirilməsi düşünülür”.
Bu sözləri Bizim.Media ilə açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycan və Türkiyə birgə investisiya fondunun yaradılmasının prioritetləri haqqında danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə birgə investisiya fondu yaradır
Onun sözlərinə görə, birgə investisiya fondu Azərbaycan və Türkiyə arasında həyata keçiriləcək və strateji əhəmiyyət daşıyan investisiya layihələrinin sistemli və çevik maliyyələşdirilməsini təmin edə biləcək.
“İnvestisiya daha uzun müddətli və əlverişli şərtlərlə həm biznes üçün, həm dövlətlə biznesin birgə layihələrinin həyata keçirilməsi üçün sərf olunacaq. Bu da təbiiki gələcəkdə əlavə iş yerləri deməkdir ki, bu da iqtisadi aktivliyin yüksəlməsinə xidmət edən addımlarla müşahidə ediləcək.
Yəni bu özü-özlüyündə hər iki ölkə arasında yaxınlaşmanın və iqtisadi inteqrasiyanın növbəti bir mərhələsidir”.
Qeyd edək ki, bu gün keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə dair dəyirmi masada iki ölkə arasında birgə investiya fondunun yaradılması haqqında qərar verilib.
Vüsalə Balayeva, Bizim.Media