Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlunata görə, 2023-cü ilin ilk yarısı ərzində Azərbaycan əhalisinin adambaşına istehlak xərcləri 337.51 manat olub. Bu 2021-ci ilin sonu 308.58 manat və 2022-ci ilin sonu 333.43 manat idi. Statistikadan aydın olur ki, ev təsərrüfatlarının xərclərinin 45.4 faizi və ya 153.12 manatı qidaya xərclənib. 2022-ci ilin sonuna olan göstəriciyə görə bu öncəki ildə 44.1 faiz təşkil edib.
Şəhər əhalisi istehlaka 351.84 manat adambaşına xərc çəkməklə bunun 44 faizini və ya 154.98 manatını qidaya xərcləyib. Kəndlərdə yaşayan əhali isə hesabat dövründə aylıq adambaşına 321.01 manat istehlak xərclərinin 46.78 faizini və ya 150.16 manatını qidaya xərcləyib.
Bəs özü əkin səpinlə məşğul olan kəndlilərin qidaya şəhər əhalisi qədər pul xərcləməsi hansı problemlərdən xəbər verir?
Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli, bu məsələdə bir neçə səbəbin olduğunu bildirib:
“Belə ki, bu gün paytaxtda bəzi sahələr üzrə qiymətlər bölgələrdəki qiymətlərdən xeyli yüksəkdir. Xüsusilə də Qəbələ, Quba kimi turizm rayonlarındakı ticarət obyektlərində yüksək bahalılıq müşahidə olunur. Bu da bir nüansla bağlıdır. Belə ki, sahibkar baha satmaq istədiyi məhsulun qiymətini heç vaxt ucuzlaşdırmaz. Əslində baha qiymət qoymaqla daha çox pul qazanmağa çalışır”.
Ekspert vurğulayıb ki, Bakıda əhalinin rayonlara nisbətən seçim imkanı çoxdur:
“Paytaxtda alternativlər və təkliflər həddindən çoxdur. Bu da bir çox hallarda qiymətləri aşağı salır. Hansısa bir dağın ətəyində bir şiş kabab yemək, Bakının mərkəzindəki restoranlarda yediyimiz yeməyin qiymətindən xeyli baha başa gələcək. Bu da paytaxtdakı rəqabətdən və təkliflərin çoxluğundan irəli gəlir. Dağın ətəyində isə kafe və ya restoran sahibi bilir ki, müştərinin başqa alternativi olmadığı üçün onunla razılaşmağa məcburdur”.
Kəndlinin şəhərli ilə eyni xərci çəkməsi ilə bağlı məsələyə gəlincə, müsahibimiz vurğulayıb ki, əslində “kəndlər daha ucuz olmalıdır” deyilən bir anlayış yoxdur:
“Əksinə, daha baha ola bilər. Əslində, DSK-nin bununla bağlı göstərdiyi rəqəmlər elə də böyük məbləğ deyil və bunlar ortalama xərclərdir. Statistikanın şəffaf olmaması da bu məsələdə problem yarada bilər. Belə ki, xərclərin qeydiyyat sistemi böyük ticarət mərkəzlərində, super və hipermarket şəbəkələrində olsa da, bazarlarda yoxdur. Bu da statistik rəqəmləri təhrif edir və qərarlara mənfi təsir göstərir. 150-155 manatlıq hədd əslində minimal istehlak həcmini müəyyənləşdirir, yəni alınan çayın, qəndin, çörəyin və ya ətin aylıq qiymətidir. Bunlar da baza məhsullardır”.
“Kəndlə şəhər arasındakı fərq aradan qalxır”
“Bu gün kənd təsərrüfatında böyük aqro-parklar mövcuddur. Belə ki, əvvəl kənddəki həyətyanı sahəsində əkin-biçin edən şəxs bu gün şəhərdə fəhləliklə məşğul olur. Bu da çox mənfi bir prosesdir. Əgər aqrar sahənin strukturunu bölsək, görərik ki, ev təsərrüfatlarının payı getdikcə azalır, ancaq aqroprakların payı artır. Əgər dünənə qədər bütün kəndlilərin şəxsi təsərrüfatı vardısa, bu gün bu da aradan qalxır. Onsuz da kəndilinin öz həyətində yetişdirdikləri statistikaya daxil edilmir, ona görə ki, özü istehlak edir. Bu da statistikalar arasındakı fərqi aşağı salır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:20 / 10.11.2023
Kənd əhalisi qidaya niyə paytaxt sakinləri qədər PUL XƏRCLƏYİR? – SƏBƏBLƏR
Hazırda oxunan: Kənd əhalisi qidaya niyə paytaxt sakinləri qədər PUL XƏRCLƏYİR? – SƏBƏBLƏR
Hazırda oxunan: Kənd əhalisi qidaya niyə paytaxt sakinləri qədər PUL XƏRCLƏYİR? – SƏBƏBLƏR
163658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.