Xəbər verdiyimiz kimi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əmanətlərə müəyyən vergi güzəştləri də öz əksini tapıb.
Qeyd edək ki, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olub və qeyd edilən bu müddət 2023-cü il 1 fevral tarixində bitib.
Həmin tarixdən etibarən əmanətlər üzrə faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması həyata keçirilir.
Layihəyə əsasən, fiziki şəxslərin əmanətləri üzrə faiz gəlirlərinin onlara məxsus olan kapital gəlirləri olması nəzərə alınmaqla, faiz gəlirlərinin milli və ya xarici valyutada olmasından asılı olmayaraq, banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Bununla belə, layihəyə əsasən, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad ediləcək.
Eyni zamanda fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinin 3 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur.
“Əhali əmənətləri üzrə vergi güzəştləri tam olmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
“Əhali əmanətləri üzrə gəlirlərin vergiyə cəlb edilməsinin heç bir mənfi təsirinin olmayacağını müəyyən dairələr bildiriləndə biz birmənalı bununla razılaşmadıq. Bunun əmanət həcmlərinə mənfi təsir edəcəyini və güzəştlərin qüvvədə saxlanılmasının vacib olduğunu bildirdik”, - deyə o qeyd edib.
Ekspert bank əmanətlərinə vergi güzəştlərinin tətbiqinin mümkünlüyündən də danışıb:
“Yenidən bu güzəştlərin qismən qaytarılacağı bildirilir. Belə ki, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə olan gəlirlərinin vergidən azad olunacağı elan edildi.
Düşünürəm ki, qismən güzəşt ciddi effekt verməyəcək.
Çünki üç əsas risk amili buna mane olacaq. Bunlardan birincisi, dünyanın öz iqtisadi turbulent dövrünü yaşaması, ikincisi ölkəmizdəki inflyasiyanın depozit faizlərini diri-diri udması, üçüncüsü isə bir-birinin ardınca bir neçə bankın bağlanmasıdır. Bu üç risk amili vətəndaşlaşların öz əmanətlərini milli valyutada 7-11 faizlə banklara uzun müddətə yatırmasına mane olan ciddi risk faktorlarıdır.
Buna görə də əmanət faizlərinin 2016-ci ildə qəbul edildiyi formada vergidən azad edilməsinə ehtiyac var.
Onsuz da proseslərin gedişi onu göstərir ki, gec-ya tez bu güzəştlər olacaq. Ya növbəti ilin ortalarında, ya da sonlarında tam güzəştin edilməsi qaçılmazdır. Çünki, bu növ vergi, rəqəmlər üzərində vergi daxilolmaları baxımından “X” manatlıq faydalı hesab edilsə də, rəqəmlərdə göstərilməsi mümkün olmayan formada bank sektoruna və ümumi ölkə iqtisadiyyatına “2X” manatlıq zərər verir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:48 / 06.11.2023
Bank əmanətlərinə vergi güzəştləri tətbiq olunacaq? – AÇIQLAMA
Hazırda oxunan: Bank əmanətlərinə vergi güzəştləri tətbiq olunacaq? – AÇIQLAMA
Hazırda oxunan: Bank əmanətlərinə vergi güzəştləri tətbiq olunacaq? – AÇIQLAMA
163167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.