Avtomobillər üçün elektron xidmət NƏYİ DƏYİŞDİ? – Gömrük Komitəsindən ZİDDİYYƏTLİ AÇIQLAMA 

Avtomobillər üçün elektron xidmət NƏYİ DƏYİŞDİ? – Gömrük Komitəsindən ZİDDİYYƏTLİ AÇIQLAMA 

Hazırda oxunan: Avtomobillər üçün elektron xidmət NƏYİ DƏYİŞDİ? – Gömrük Komitəsindən ZİDDİYYƏTLİ AÇIQLAMA 

159678

Ötən ilin sentyabrın 29-da Dövlət Gömrük Komitəsində yeni elektron xidmətin tətbiqinə başlanıldı. Məqsədi isə Azərbaycana idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesinin asanlaşdırması idi. Bu da avtomobillərin “Avro-4” ekoloji standartına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkanının yaradılmasını nəzərdə tuturdu.

Lakin əksər vətəndaşlar yeni xidmətin gömrük rəsmiləşdirməsi prosesinin asanlaşdırılması baxımından ciddi fərq yaratmadığını düşünürlər. Araşdırmalarımız göstərir ki, ölkəyə gətirilən avtomobillər əvvəlcədən elektron xidmətdə rəsmiləşdirilsə də, digər bütün prosedurlar fiziki qaydada həyata keçirilir. Bu səbəbdən, vətəndaşlar yenidən gömrük məntəqələrinə gedərək, sənədləşdirmə işlərini həyata keçirməyə məcbur olurlar.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - VİDEO


“Gömrük əməkdaşları tətbiqə etibar etmirlər”

İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, adıçəkilən xidmətin əsas məqsədi ölkəmizə lazım olan məhsulların idxalının asanlaşdırılması ilə bağlı olub:

“Bu da ondan ibarətdir ki, ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinin və onların mexanizmlərinin sənədləşdirilməsi prosesi asanlaşdırılsın. Ancaq biz bir il ərzində bu asanlaşdırmanı görmədik. 

Belə ki, bir sahibkar hər hansısa bir məhsulu, texnikanı və ya avadanlığı ölkəyə daxil etmək üçün ən azı bir həftə müddətində DGK-nin rəsmi saytındakı tətbiq vasitəsi ilə qeydiyyatdan keçirir, bəyannaməni təqdim edir, digər sənədləşmə işlərini aparır və müvafiq şəhadətnaməni alır. Daha sonra həmin vasitələrlə birlikdə gömrük postuna yaxınlaşır. Amma burada da həmin prosedurları təkrarən fiziki şəkildə həyata keçirirlər. Bu da onu göstərir ki, gömrük əməkdaşları bu tətbiqə hələ də etibar etmirlər”.

Eskpertin sözlərinə görə, bu cür səbəblərə görə sistemin reytinqi aşağı düşüb:

“Bir sözlə, hələ də elektronlaşmanın bəhrəsini görmürük. Yəni, sistem yenilənsə də, icra prosesində heç bir dəyişiklik baş verməyib. Əgər bu olsaydı, nə qədər avtonəqliyyat vasitəsinin rəsmiləşdirilməsi prosesinin aparıldığı və “Avro-4” standartlarına uyğunluğu barəsində bütün məlumatlar Dövlət Gömrük Komitəsinin rəsmi saytında öz əksini tapardı”.

Bəs, elektron xidmətin tətbiq olunduğu 1 il ərzində hansı işlər görülüb? 

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. 

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natiq Axundovun suallarımıza cavabı isə qısa olub:

“Elektron xidmətin tətbiqi elə asanlaşdırma deməkdir. Hansı asanlaşdırma tədbirləri görülüb? “Avro-4” standartlarının elektron xidmətinin əldə olunması ilə bağlı prosesin asanlaşdırılması üçün yeni elektron xidmətin tətbiqinə başlanılıb”.

Mövzunu diqqətdə saxlayacağıq.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO