17 ildən sonra qəbul olunan RƏQABƏT MƏCƏLLƏSİ – Hansı yeniliklər OLACAQ?

17 ildən sonra qəbul olunan RƏQABƏT MƏCƏLLƏSİ – Hansı yeniliklər OLACAQ?

Hazırda oxunan: 17 ildən sonra qəbul olunan RƏQABƏT MƏCƏLLƏSİ – Hansı yeniliklər OLACAQ?

159067

“Yeni Rəqabət Məcəlləsi ölkəmizdə azad rəqabətin təmin olunması üçün mükəmməl iqtisadi sənəddir və burada bazar mühitinin liberallaşdırılması, biznesin geniş və çevik fəaliyyəti üçün çoxsaylı hüquqi mexanizmlər öz əksini tapıb. Sənəd beynəlxalq təcrübə nəzərə alınmaqla yerli bazarın tələblərinə uyğun hazırlanıb və eləcə də müxtəlif dövlət orqanlarının, habelə biznes assosiasiyalarının rəy və təklifləri nəzərə alınıb”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

17 ildir “bəxti açılmayan” RƏQABƏT MƏCƏLLƏSİ – Hökumət layihəni hazırlayıb, parlament isə...


Deputatın sözlərinə görə, layihə hazırlanarkən Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınıb: 

“Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları qeyd olunub. 

Sənəddə, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarını, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələblər, rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb. 

Eyni zamanda, kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin aradan qaldırılmasına xidmət edir. Sənəddə istehlakçıların hüquq və mənafelərinin qorunmasına yönəlmiş müddəalar da xüsusi üstünlük təşkil edir”.

A.Hüseynov bildirib ki, sənədin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir:

“Sənəd həm də ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Bununla yanaşı, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına səbəb olacaq”. 

Deputat Rəqabət Məcəlləsinin ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. 17 ildən sonra yenidən hazırlanan Məcəllə Milli Məclisin payız sessiyasının plenar iclasında müzakirəyə çıxarılaraq, ilk oxunuşda qəbul edilib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO