Dövlət Neft Fondu: ''Fondunun vəsaitləri kəskin xarici şoklara qarşı ''təhlükəsizlik yastığı'' rolu oynayır'

Dövlət Neft Fondu: ''Fondunun vəsaitləri kəskin xarici şoklara qarşı ''təhlükəsizlik yastığı'' rolu oynayır'

Hazırda oxunan: Dövlət Neft Fondu: ''Fondunun vəsaitləri kəskin xarici şoklara qarşı ''təhlükəsizlik yastığı'' rolu oynayır'

15391

Azərbaycan Respublikası Dövlət Neft Fondu ABŞ-ın nüfuzlu Peterson İnstitutunun tərtib etdiyi 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində 4 əsas kateqoriya və 33 alt-kateqoriya üzrə 64 suveren fond arasında 92 xal ilə 5-ci yeri qazanıb. Fond bu göstəriciləri ilə dünyanın inkişaf etmiş bir çox ölkələrinə məxsus qurumları qabaqlayıb. Bu uğurlu nəticələr Prezident İlham Əliyev tərəfindən dəfələrlə xüsusi olaraq qeyd olunub.

Bizim.Media Dövlət Neft Fondunun uğurları və onun fəaliyyət prinsipləri haqda fonda suallar ünvanlayıb. Verilən cavabları diqqətinizə təqdim edirik:

- Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı “Bu gün biz istənilən meyar, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Azərbaycan Dövlət Neft Fondu bütün parametrlərə görə dünyada 5-ci yerdədir”, deyə vurğulayıb. Bu gün Azərbaycanın makroiqtisadi ve fiskal çərçivəsində Neft Fondunun əsas məqsədləri nələrdən ibarətdir və gələcəkdə bu sahədə hansı layihələrin həyata keçirilməsi planlaşdırılır?

- Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin uğurlu Neft strategiyasının tərkib hissəsi kimi 1999-cu ildə təsis edilən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaranma fəlsəfəsinin əsasını tükənən təbii ehtiyatlar olan neft və qaz satışından əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünü təmin etmək təşkil edir. İlk növbədə qeyd edilməlidir ki, neft və qaz gəlirlərinin səmərəli istifadəsi və idarə edilməsi kontekstində irihəcmli daxilolmaların məhz iqtisadiyyatdan sterilizasiya olunaraq ARDNF-də toplanması və yalnız bundan sonra müəyyən hissəsinin maliyyə nizam-intizamı əsas götürülərək dövlət büdcəsinin məqsədləri və böyük sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi istiqamətində istifadəsi özü özlüyündə ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasında olduqca önəmli faktordur.
 

Bu çərçivədə ARDNF tərəfindən illik əsasda dövlət büdcəsinə edilən transfertlər ölkədə fiskal tarazlığın təmin olunmasında əhəmiyyətli rola malikdir.  


Bununla yanaşı, önəmli hissəsinin kifayət qədər likvid və yüksək keyfiyyətli aktivlərdə saxlanıldığı ARDNF-nin vəsaitləri ölkə iqtisadiyyatı üçün kəskin xarici şoklara qarşı “təhlükəsizlik yastığı” rolu oynayır və hazırki pandemiya şəraiti də bu məqamın əhəmiyyətini əyani olaraq göstərmiş oldu. ARDNF-nin eyni zamanda beynəlxalq müstəvidə ölkənin etibarlı tərəf müqabili kimi çıxış etməsində müəyyən mənada maliyyə dayanıqlılığının zəmanətçisi kimi də bir rolu vardır.

-  Prezidentin də qeyd etdiyi kimi bu gün Dövlət Neft Fondunun dünyada beşinci yerdə olması Azərbaycanın bir çox ölkələri geridə qoyduğunun göstəricisidir. Azərbaycan bu sahədə hansı ölkələri qabaqlayır və bu inkişaf necə gedir?

- İlk öncə nəzərinizə çatdıraq ki, ARDNF-nin məlum beynəlxalq reytinqlərdə yüksək pillələrdə qərarlaşması təsadüfi deyildir. 20 ildən artıq fəaliyyəti dövründə ARDNF bir sıra nüfuzlu institutlar tərəfindən hazırlanan reytinqlərdə daima yüksək mövqelərdə yer tutmaqla bərabər bir sıra beynəlxalq təşkilatlar tərəfindən də mükafatlara layiq görülmüşdür.

 

Cənab Prezident İlham Əliyevin də çıxışlarında qeyd etdiyi kimi, ARDNF hal-hazırda ölkə iqtisadiyyatı üçün çox mühüm dayaq olmaqla yanaşı, həm də ölkənin beynəlxalq imicinin daima yüksək səviyyədə tutulması üçün önəmli bir vasitədir.


Təbii ki, möhtərəm Prezident İ.Əliyevin hər zamankı böyük diqqət və qayğısı hesabına şəffaflıq və hesabatlılıq kimi prinsiplərin əsas tutulduğu mütərəqqi idarəetmə modelinin qurulması ilə ARDNF öz qarşısında duran vəzifələri ən yaxşı şəkildə icra etməyə çalışmış və beynəlxalq müstəvidə istər özünün, istərsə də ölkənin nüfuzunun arıtırılması yönündə daima aktiv fəaliyyət göstərmişdir.

Bu konteksdə suveren fondlar üçün müxtəlif kriteriyalara əsaslanan beynəlxalq reytinqlərin formalaşmasında bir növ baza prinsipləri qismində çıxış edən “Santyaqo Prinsipləri”-ni xüsusi qeyd etmək lazımdır ki, ARDNF də istər bu beynəlxalq standartlar toplusunun tərtib edilməsində, istərsə də daha sonra onların tətbiqində fəal iştirak etmiş və ən nümunəvi qurumların siyahısında yer almışdır.

Bu yaxınlarda isə, məlum olduğu kimi Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın nüfuzlu Peterson İnstitutunun tərtib etdiyi 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəli nəşr olunmuş və ARDNF bir daha siyahının ən yüksək pillələrində öz yerini almışdır.
 

Qeyd edilən qiymətləndirmə cədvəli institutsional struktur, idarəetmə, şəffaflıq və hesabatlılıq və risklərin idarə edilməsi kimi 4 əsas kateqoriya və 33 alt-kateqoriya üzrə müvafiq dəyərləndirmələr aparılmaqla hazırlanmışdır. 


Nəticədə ARDNF 50-yə yaxın ölkəni təmsil edən 64 suveren fond arasında 92 xal ilə 5-ci yerdə qərarlaşmışdır. Təbii ki, siyahı demək olar ki, dünyanın bütün suveren fondlarını əhatə edir və burada inkişaf etmiş iri dövlətlərin fondları, vəsaitlərin həcminə görə dünyanın ən böyük qurumları, dünyanın ən ilkin və uzunmüddətdən bəri fəaliyyət göstərən suveren fondları yer almışdır.

Məlumdur ki, bu kimi beynəlxalq reytinqlər üzrə qiymətləndirmələr müəyyən zaman intervallarında daima aparılır və biz belə yüksək yerə nail olmağın nə qədər böyük səylər tələb etdiyinin fərqində olduğumuz kimi, bunu hər zaman saxlamağın da böyük məsuliyyətini dərk edirik və bundan sonrakı müddətdə də bu istiqamətdə əlimizdən gələni əsirgəməyəcəyik.

- Neft Fondunun aktivlərinin idarəedilməsi və xaricdəki investisiyaları ilə bağlı hansı işlər gedir və hazırda hansı layihələr həyata keçirilir?

- Təbii ki bütün qeyd edilənlərin fonunda vurğulanmalıdır ki, ARDNF-nin bir suveren fond kimi əsas missiyası məhz toplanan vəsaitlərin gələcək nəsillər üçün davamlı və dayanıqlı gəlir mənbəyinə çevrilməsinin təmin edilməsidir.

Bu isə öz növbəsində yuxarıda qeyd edildiyi kimi həm ölkədə cari makroiqtisadi çərçivənin xüsusiyyətlərindən irəli gələn bir sıra məqamları, həm ARDNF-nin idarəetməsində maraqlı olan bütün tərəf müqabillərinin risk/gəlirlilik gözləntilərini, həm də əsas missiya olan gələcək nəsillər fondunun tələblərini özündə ehtiva edən investisiya portfelinin qurulmasını şərtləndirir ki, məhz bu istiqamət də ARDNF-nin fəaliyyətinin əsasını təşkil edir. ARDNF-nin bugünə qədər olan investisiya fəaliyyətinə nəzər yetirsək Fondda toplanan vəsaitlərin həcmindən, iqtisadi və bazar konyukturundan, eləcə də Fondda institusional quruculuğun səviyyəsindən asılı olaraq fərqli mərhələlərdə müvafiq taktiki qərarlar alınaraq hədəflənən investisiya portelinin qurulması prosesi həyata keçirilmişdir və hal-hazırda da bu iş davam etməkdədir.

Belə ki, fəaliyyətinin ilkin dövrlərində demək olar ki, bütünlükdə qısamüddətli sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən ibarət olan ARDNF-nin investisiya portfelinə 2012-ci ildən etibarən səhmlər, daşınmaz əmlak kimi investisiya aktivləri əlavə edilmişdir ki, bu isə öz növbəsində gəlirliliyin yüksəldilməsi və portfelin şaxələndirilməsinə öz müsbət töhfəsini vermişdir.
 

Hal-hazırda ARDNF-nin vəsaitlərinin önəmli hissəsi sabit gəlirli qiymətli kağızlardan ibarət olsa da, istər aktiv növləri, istər müxtəlif sektorlar, istərsə də coğrafi amil baxımından hesab edirik ki, Fond tarazlaşdırılmış qlobal investisiya portfelinin qurulmasına nail olmuşdur.


Xüsusilə son illərdə dünya maliyyə bazarlarında kəskin dalğalanmalar və bunun nəticəsində yaranan ciddi qiymət dəyişkənliyi fonunda ARDNF-nin investisiya portfelinin göstərdiyi yüksək dayanıqlılıq, habelə uzun illər boyunca nümayiş etdirilən davamlı pozitiv gəlirlilik bir daha onu sübut edir ki, ümumilikdə  vəsaitlərin  hazırki mandat çərçivəsində idarəetməsi qənaətbəxş hesab oluna bilər. Bir məqamı da qeyd edək ki, ARDNF fəaliyyətə başladığı vaxtdan indiyə qədər vəsaitlərindən idarə edilməsindən təxminən 8,6 milyard ABŞ dolları gəlir əldə etmişdir.

Yuxarıda qeyd edilənlərlə yanaşı bildiririk ki, vəsaitlərin idarə edilməsi prosesi olduqca dinamik bir prosesdir və Fond tərəfindən istər strateji səviyyədə hazırki mandatın yenidən nəzərdən keçirilməsi, istər taktiki səviyyədə aktiv növləri arasında məqbul tarazlığın qorunması ilə portfelə potensial dəyişikliklərin edilməsi, istərsə də aktiv növləri daxilində ən düzgün yatırımların icra edilməsi istiqamətində daima kompleks tədbirlər davam etdirilir və aidiyyatı üzrə qərarlar qəbul edilir. Bütün bunlar barədə məlumatlar isə dolğun, ətraflı və vaxtlı-vaxtında ictimaiyyətin diqqətinə çatdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO