Pomidor niyə UCUZLAŞMIR?

Pomidor niyə UCUZLAŞMIR?

Hazırda oxunan: Pomidor niyə UCUZLAŞMIR?

149456

Azərbaycanda açıq tarla şəraitində yetişdirilən pomidorların iyul ayının 15-dən etibarən daxili bazarda satışı həyata keçirilir. Fermerlər bildirirlər ki, məhsulu elə sahədəcə topdan qiymətə satmaq daha sərfəlidir. Qiymətləri isə 1 kq-a görə 25-30 qəpik, yeşiyi isə təxminən 7-8 manat arasında dəyişir. 

Ancaq daxili bazarda, xüsusilə də Bakının istehlak bazarlarında parakəndə satış 1 kq-a görə 0.80 – 1.20 manat arasında dəyişir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyaya göndərilən pomidor və çiyələyin geri qaytarılmasının səbəbi AÇIQLANDI 


Halbuki, yay mövsümü ilə əlaqədar olaraq, qiymətlərin 0.50-0.80 manat arasında olması gözlənilirdi. 

Görünən isə odur ki, kəndli min bir əziyyətlə yetişdirdiyi məhsulunu rahat şəkildə daxili bazara çıxara və özünün müəyyən etdiyi qiymətə sata bilmir ki, bu da alverçilərin və işbazların fəaliyyətinin nəticəsidir. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı-ekspert Eyyub Kərimli, regionlarda pomidorun qiymətinin çox ucuz olduğunu və 10-15 qəpik arasında dəyişdiyini bildirib.

Paytaxt Bakının topdansatış mərkəzlərində 1 kq-nın 30 qəpikdən satıldığını söyləyən ekspert bunu nəqliyyat və daşınma xərcləri ilə əlaqələndirib:

“Sahədən topdansatış məntəqələrinə qədər çatdırılma xərcləri hesablanır və satış qiyməti qoyulur. Parakəndə satıcılar isə məhsulu həmin qiymətdən alır və üzərinə 50 qəpik, hətta daha yüksək məbləğ qoyaraq marketlərdə, bazarlarda və ya məhəlləarası kiçik satış məntəqələrində 0.80-1.20 manat arasında satırlar. 

Pomidor tez xarab olan məhsul olduğu üçün sahədən bazara gələnə, yəni müştəriyə çatana qədər keyfiyyətini itirə bilər ki, bu da satıcılar üçün zərərlidir. Onlar da bu zərəri qarşılamaq üçün əlavə qiymət qoyurlar”. 

Ekspert, başqa bir bir amilin də bahalaşmaya səbəb olduğunu vurğulayıb: 

“Bu da ondan ibarətdir ki, Azərbaycanın kulinariya ənənələrinə sadiq qalan vətəndaşlarımız pomidor və digər məhsulllardan qış üçün tədarük görürlər və cürbəcür şorabalar hazırlayırlar. Bu da həm tələbatın, həm də qiymətlərin artmasına səbəb olur”.

Bahalaşmanın bir səbəbini də Bakı şəhərində bazarların sayının az olması ilə əlaqələndirən müsahibimiz vurğuladı ki, buna görə də alverçilər qiyməti qaldırmalı olurlar:

“Bəllidir ki, tez-tez şəhərimizdə satış yarmarkaları təşkil olunur ki, artıq onlar da kifayət etmir. Buna görə də sayları artırılmalıdır ki, qiymət artımının qarşısını ala bilsin”. 

Məhsul yetişdirən kəndlinin böyük şəhərlərə girişinə və öz məhsullarını rahat şəkildə sata bilməmələrinin səbəbini izah edən ekspertin sözlərinə görə, burada bir neçə amil var:

“Bəzi fermerlərə öz məhsullarını şəhərlərə gətirmək sərf etmir. Ona görə ki, məhsulunu bir günə sata bilmir. Bəzən əllərindəki tonlarla məhsulu parakəndə şəkildə satmaq bəzən onlar üçün həm vaxt, həm də maliyyə itkisinə səbəb olur. Buna görə də elə sahədəcə vasitəçilərə müəyyən qiymətə satmaq daha sərfəlidir. Bakıda meyvə-tərəvəz topdansatışı yalnız bir mərkəzdə cəmləşib ki, bu da qiymətlərə təsir edir”.

Bütün deyilənlərlə yanaşı E.Kərimli, bazarda məhsulun elə də baha olmadığını qeyd edib və bunu rəqabətin olması ilə əlaqələndirib:

“Bu gün bazarlarda pomidor satışı ilə məşğul olanların sayı xeyli çoxdur və hərə bir qiymər qoyur. Müştəri isə onlar arasında seçim edir və hansı satıcı daha keyfiyyətli və ucuz məhsul satırsa, ondan almaq üstünlük verir. Bu da bazarda rəqabətin yaranmasına səbəb olur”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO