Mərkəzi Bankın yaydığı son hesabata görə, iyulun 31-nə qədər Azərbaycanda pul bazası 139,1 milyon manat azalaraq 18 milyard 262.6 milyon manata düşüb.
Halbuki, iyunun 25-də bu pul vəsaitləri 18 milyard 401.7 milyon manat həddində olmuşdu.
Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli, ilin əvvəlində pul bazasının 1,5 milyard manat artdığını diqqətə çatdırdı.
MÖVZU İLƏ BAĞLI:
Ölkəmizdə pul bazası azalıb
Pul bazasının azalmasını isə Mərkəzi Bankın bir neçə dəfə faizlərini artırması ilə əlaqələndirən ekspertin fikrincə, qurum tez-tez strelizasiya siyasəti həyata keçirir:
“Bir sözlə bu bazanın azaldılması üçün müəyyən addımlar atılır. Amma azalma çox cüzidir. Əgər ölkə iqtisadiyyatının ümumi həcmini nəzərə alsaq, 130 milyon manata qədər azalma elə də ciddi rəqəm sayılmır. Əgər tendensiya xarakteri alarsa, yəni ilin sonuna qədər davam edərsə, bunun inflyasiyaya müəyyən təsirləri ola bilər. Amma hələlik tendensiya olmadığı üçün yanvar ayından artım müşahidə olunur. Sadəcə bu ayda keçən aya nisbətən bir qədər azalma baş verib”.
Onun sözlərinə görə, bu azalma hələlik həm dövlət büdcəsi, həm də bankların maliyə vəsaitləri üçün təhlükəli sayılmır:
“Azalmanın həcmi az olduğu üçün hansısa təsirinin olacağını düşünmürəm. Səbəb isə odur ki, son aylar Mərkəzi Bank uçot dərəcəsini artıran zaman banklara verilə vəsaitlərin azalması müşahidə olunur. Bir sözlə, faiz dərəcələri artdıqca, banklar vasitəsilə dövriyyəyə buraxılan pulun həcmi də azalır”.
Rövşən Ziya, Bizim.Media