Xəbər verdiyimiz kimi dünyanın bir sıra düyü istehsalçısı olan ölkələri düyü ixracını dayandırıb.
Belə ki, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin ardınca Rusiya da düyü ixracını dayandırıb. Düyü ixracının azalmasına isə istehsalın azalması səbəb olub. Hazırda dünyanın ən böyük düyü istehsalçısı olan Hindistanın daxili bazarında düyünün qiyməti artıq 20%-dən çox bahalaşıb.
Bəs, bu qadağalar ölkəmizin düyü bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, dünyanın bütün istehsalçı ölkələrində düyü qıtlığı müşahidə edilir:
“Bu da həmin ölkələrdə məhsuldarlığın aşağı düşməsi ilə bağlıdır. Hazırda dünyada məhsuldarlıq təxminən 9 milyon ton azalıb. Bu qədər böyük kəsirin yaranması təbii ki, düyü qıtlığına səbəb olub. Ona görə də dünyanın ən böyük düyü istehsal edən ölkələri ixracı dayandırmağa başlayıb.
Bu qadağaların ölkəmizə təsirlərinin həcmini indidən tam dəqiqliklə söyləmək çətindir. Çünki ölkəmizə idxal edilən düyü ƏDV-dən azaddır. Hökümətin bu qərarı 2027-ci ilə qədər qüvvədədir. Lakin, bütün hallarda mövcud qadağalar qiymətə öz təsirini göstərəcək.
Əvvəllər düyü əsasən Hindistandan idxal edilirdi. Lakin, Pakistan tədricən idxaldakı payını artırmaqdadır. Hindistanın ixrac qadağasından sonra yəqin ki, Pakistanın payı daha da artacaq.
Lakin, dünyada baş verən proseslər bütün hallarda ölkəmizdə düyünün qiymətini artıracaq. Və yaxın zamanlarda biz bazarda yeni qiymətləri görəcəyik”.
Akif Nəsirli yerli düyü istehsalından da danışıb:
“Azərbaycanda da çəltikçilik var. Lakin subyektiv səbəblər üzündən bu sahə heç də uğurla inkişaf etmir. Baxmayaraq ki, hökümət çəltiyin hər hektarının becərilməsinə görə 360 manat subsidiya ayırıb.
Lakin təcrübə göstərir ki, subsidiya o qədər də səmərə vermir. Çünki, fermer 360 manatın təxminən 270 manatını demək olar ki, istifadə edə bilmir. Bu da mövcud qaydalarla bağlıdır.
270 manatdan fermer daha çox texniki dəstək kimi istifadə etməlidir. Amma hər fermerin də bunu etməyə vaxtı və imkanı olmur. Bununla belə rəsmi statistika göstərir ki, ötən il 10 min hektar ərazidə çəltik əkini aparılıb. Və hektardan 40 sentner məhsul əldə edilib.
Bu hesabla da guya Azərbaycan öz düyü ehtiyacını daxili istehsal hesabına ödəyir. Halbuki, bu gün bütün ticarət şəbəkələrində idxal edilmiş düyülər satılır. Reallıq odur ki, yerli istehsal daxili tələbatın yalnız 30 faizini ödəyir. Ona görə də qiymət artımı qaçılmazdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 01.08.2023
Düyünün qiyməti BAHALAŞACAQ
Hazırda oxunan: Düyünün qiyməti BAHALAŞACAQ
Hazırda oxunan: Düyünün qiyməti BAHALAŞACAQ
148789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.