İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər üçün həyata keçirilən stimullaşdırıcı dəstək tədbirləri davam etdirilir.
Nazirlər Kabinetinin qəbul etdiyi yeni Qərarla “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 2002-ci il 22 avqust tarixli Qərarda dəyişikliklər edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, qərarla İşğaldan azad edilmiş ərazilərimizdə işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində (20 faiz) müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
“Əhalinin banklara borclanmasının səbəbi kredit faizlərinin yüksək olmasıdır” – DEPUTAT
Artım əmsallarının özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsində göstərilməklə tətbiq edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, dövlət başçısının ötən ilin dekabr ayında imzaladığı qanunvericilik aktları ilə Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub.
Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aid edilib.
Stimullaşdırmaq məqsədilə həmin mütəxəssislərə birdəfəlik müavinət ödənilməsi, aylıq vəzifə maaşlarına əlavələr hesablanması və hər il 5 gün əlavə məzuniyyət verilməsi müəyyən edilib.
Eyni zamanda işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının subsidiya formasında geri qaytarılması, həmin ərazilərdə işləməyə cəlb olunan əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının tətbiq edilməməsi kimi stimullaşdırıcı dəstək mexanizmləri nəzərdə tutulub.
Bizim.Media