Milli Məclisin deputatı Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışında, banklarda tranzaksiya faizinin yüksək olması ilə bağlı iradlarını bildirib. Onun sözlərinə görə, 1,5-2%-dən çox olduğu üçün insanları incidir.
Banklarda standart tranzaksiya faizinin 0,5% olmasını təklif edən deputat qeyd edib ki, düzdür, bu, müəyyən bankların mənafeyinə dəyəcək.
Deputat Rüfət Quliyevin fikirlərini Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov da, bu faizlərin yüksək olduğunu təsdiq edib.
MÖVZU İLƏ BAĞLI:
Üzən məzənnəyə keçid üçün YENİ ZƏMİN – Mərkəzi Bankın səlahiyyətləri genişləndiriləcək?
Bunu bankların gəlir mənbələrinin az olması ilə əlaqələndirən müsahibimiz, onların gəlirlərinin əsas hissəsinin istehlak kreditlərindən əldə edildiyini diqqətə çatdırdı:
“Digər gəlir mənbələri axtarışında olduqları üçün bu faizləri qaldırmaqla, əlavə gəlir əldə edir və öz xərclərini ört-basdır etməyə çalışırlar. Bu amil bütövlükdə bank sektorunun inkişafı üçün o qədər də məqsədəuyğun sayılmır.
Bu siyasət insanların bir sıra xidmətlərdən yararlanmasına, banklararası köçürmələrin həyata keçirilməsinə, xüsusilə də, qeyri-neft sektorunda nağd ödənişlərinin aparılmasına və onunla bağlı tədbirlərin genişləndirilməsinə böyük maneələr yaradır”.
Son dövrlərdə tranzaksiya faizlərinin daha da artırıldığını söyləyən ekspert qeyd edib ki, əvvəllər bəzi banklar arasında kredit ödənişləri ilə bağlı köçürmələrdə faizlər bu qədər yüksək deyildi:
“Bu gün həm yeni tranzaksiya faizləri düzgün təqdim edilmir, həm də faiz dərəcələri artırılır. Bu baxımdan da deputatın fikirlərində həqiqət var. Amma vahid tranzaksiya faizlərinin azaldılması ilə bağlı təklifini məqbul hesab etmirəm.
Çünki, Azərbaycanda banklararası rəqabət yoxdur və belə bir addımın atılması əlavə rəqabətsizlik şəraitinin yaranmasına xidmət edəcək.
Əsas hədəf ondan ibarət olmalıdır ki, bu faizlərin qaldırılmasının və ciddi şəkildə differensasiyaya uğramasının qarşısı alınsın və banklar tərəfindən müştərini qaçıracaq hərəkətlərə yol verilməsin. Hesab edirəm ki, ölkənin qeyri-neft sektorundakı ödənişlərin inkişafı üçün faizlərlə bağlı siyasətlərində banklar ehtiyatlı davranmalı və bu sahədə addım atarkən, bunun qeyri-neft ödənişlərinə xələl gətirdiyini nəzərə almalıdırlar”.
Rövşən Ziya, Bizim.Media