İşğal altında olan ərazilərin azad olunması Bakıda müəyyən boşalmaya səbəb olacaq. Bu, əmlak bazarına necə təsir edə bilər? Ekspertlərin fikrincə, xəfif tərəddüdlər yaransa da bu uzun sürməyəcək.
Millət vəkili Vahid Əhmədov Bizim.Media-ya müsahibəsində bildirib ki, qiymətlərdə 10- 20 % arası azalma müşahidə oluna bilər: “İşğaldan azad edilən torpaqlarda köklü şəkildə quruculuq işləri aparılacaq. Bu proseslərin ardından paytaxt Bakıda müəyyən seyrəlmələr gözləniləndir. Dövlət əhalinin yaxşı yaşaması üçün böyük yardımlar edəcək. Bir milyon hektara yaxın yararlı torpaq sahəmiz var. Bu ərazilər turizm, kənd təsərrüfatı ilə bərabər digər sahələrin inkişaf etməsinə böyük təkan verəcək. Dünyanın müxtəlif ölkələri, şirkətləri torpaqlarımıza yatırımlar edəcək. Müharibədən sonra ölkənin iqtisadi potensialı artacaq və yeniliklər olacaq. Bu da insanların varlanmasına səbəb olacaq, deməli, alıcılıq qabiliyyəti də artacaq”.
Əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev isə hesab edir ki, mənzil alqı- satqısına müharibənin nəticələrinin yox, pademiyanın təsiri var. Böyük qayıdışdan sonra iqtisadi imkanlar genişlənəcək, iri şəhərlərdə olan sıxlıq azalacaq. Amma əmlak bazarında kəskin qiymət enməsini gözləməyə dəyməz.
Birincisi, vətəndaşların geri qayıtması uzun bir prossesdir. Digər tərəfdən, torpaqlar azad olandan sonra ölkə vətəndaşının rifahı iki dəfə yaxşılaşacaq. Məcburu köçkünlərin ailələrində artıq 27 ildə yeni ailələr yaranıb. Onların da mənzil almaq imkanı yaxşılaşacaq. Ona görə də müharibəyə görə qiymətlərin kəskin düşməsini gözləmək olmaz.
Ekspert hesab edir ki, əvvəl-əvvəl vətəndaşların öz torpaqlarına qayıtması nəticəsində ilkin enmələr müşahidə oluna bilər. Amma bu davamlı xarakter daşımayacaq.
Gülşanə Mustafayeva, Bizim.Media