Daxili turizm qiymətləri bu il də “CİB YANDIRACAQ” – Ekspertdən maraqlı ÇÖZÜM 

Daxili turizm qiymətləri bu il də “CİB YANDIRACAQ” – Ekspertdən maraqlı ÇÖZÜM 

Hazırda oxunan: Daxili turizm qiymətləri bu il də “CİB YANDIRACAQ” – Ekspertdən maraqlı ÇÖZÜM 

134357

Artıq turizm mövsümü başlayır. Təyyarə biletlərinin qiymətinin bahalığı və quru sərhədlərin hələ də bağlı qalması aztəminatlı insanların səyahət imkanlarını məhdudlaşdırır. Xaricə səyahət etmək arzusunda olanlar məcburiyyət səbəbində daxili turizmə üstünlük verirlər. Daxili turizmlə bağlı isə ciddi problem qiymətlərin olduqca baha olmasıdır. 

Türkiyə və Gürcüstandakı qiymətlər Azərbaycanın turistik zonalarından daha ucuzdur. Bu fürsətdən yararlanmaq isə məlum səbəblərdən əlçatan deyil. Yerli turizm obyektləri və otellərin qiymətləri isə “cib yandırır”. Nəticə etibarilə orta səviyyəli və aztəminatlı ailələr bu istirahət məkanlarından kifayət qədər istifadə edə bilmirlər. 

Bəs, bu qiymətləri hamı üçün necə əlçatan etmək olar? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm eksperti Ceyhun Aşırovun sözlərinə görə 60 faiz insanın turizm məqsədilə səyahəti məhz yay aylarına təsadüf edir:
 

MÖVZU İLƏ BAĞLI:

Turistlər niyə regionlara deyil, Bakıya üz tuturlar? – SƏBƏBLƏR 


“Həm dünyada, həm də Azərbaycanda insanlar öz istirahətini əvvəlcədən planlaşdırır və gedəcəkləri yeri qərarlaşdırırlar. Pandemiyadan sonrakı dövrdə, yəni 2022-ci ildə dünyada turizm bazarı 60 faizə yaxın bərpa olunub.

Bu il isə bu bərpanın təxminən 80-90 faiz olacağı gözlənilir. Hazırda ölkəmizdə uçuşların coğrafiyası genişlənib və hava nəqliyyatı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Amma quru sərhədlərimiz bağlıdır və bu qərarın hələ də qüvvədə qalması insanların səyahət planlarına təsir edir. 

Təyyarə biletlərinin bahalığı, ümumiyyətlə dünyada baş verən ərzaq, enerji daşıyıcılarının, səyahət nəqliyyat vasitələrinin, eləcə də daşınma xərclərinin artması ümumi turizm paketlərinə və səyahət xərclərinə ciddi şəkildə təsirini göstərir. Pandemiyadan sonrakı dövrdə səyahət paketləri və adambaşına düşən xərclər təxminən 50 faizə qədər artıb. Əlbəttə ki, bu, Azərbaycana da təsirsiz ötüşmür”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün ənənəvi olan turizm marşrutları, yaxın  ölkələrə tur paketlərinin alınmasında da ciddi bahalaşma var:

“Bahalaşmanın səbəblərindən biri sərhədlərin bağlı olma səbəbindən insanların yerli bölgələrə üstünlük vermələri və tələbatın artmasıdır. Başqa bir səbəb isə Azərbaycanda istirahət məqsədli qalma yerlərinin sayının məhdud olmasıdır. Aztəminatlı ailələr istirahət məkanlarından istifadə seçimlərində çətinlik çəkir.

Düzdür, son dövrlər kənd evləri, kirayə mənzillər alternativ rolunda çıxış edir. Amma ümumi qiymətlərə nəzər salsaq, bu evlərdə də kifayət qədər məbləğə rast gəlmiş olarıq. Bu da insanların regionda istirahət imkanlarını məhdudlaşdırır. Uzun müddət hansısa oteldə qalmaq və restoranlarda yeyəcək-içəcəklərdən istifadə etmək baha başa gəlir. 

Sərhədlərin açıq olması, insanların sərbəst şəkildə quru sərhədlər vasitəsilə xaricə gedə bilmələri, daha çox seçimlərin olması, ölkə daxilində turizm obyektlərinin, otellərin, restoranların, xüsusilə regionlarda sayının artırılması gələcəkdə qiymətlərin daha əlçatan olmasına, xidmətlərin isə daha keyfiyyətli olmasına şərait yarada bilər.
Təssüf ki, Dövlət Turizm Agentliyi və ya hansısa dövlət qurumu qiymətlərə hər hansı təsir edə bilmir. Çünki bazar iqtisadiyyatı şəraitində biznes subyektinə qiymətlərlə bağlı təsiretmə imkansızdır. Bu məsələdə dövlətin yeganə funksiyası rəqabət qabiliyyətinin inkişaf etdirilməsi üçün daha çox bazar iştirakçılarının sayının artırılmasına şərait yaratmaqdır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO