Ötən həftə “Bizim Barel”in başına gələnlər
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Həftənin ən böyük enerji hadisəsi bizimlə canbir olan qardaş Türkiyədə baş verdi. Ramazan bayramı öncəsi Cümhuriyyətin 100 illik tarixində bütün hökumətlərin arzusunda olduğu enerjiyə sahib çıxmaq istəyi gerçəkləşdirilir. Bu haqda bir qədər sonra, amma yola saldığımız həftə qarşılaşdığımız gözlənilməz hadisə neft bazarlarında müşayət edildi.
Qlobal bazarlar. Həftə əvvəli dünya bazarlarında 86 dollardan baha qiymətə ticarət edilən Brent markalı neft həftə sonuna martın 31-dən sonra ilk dəfə 80 dollara qədər ucuzlaşdı.
Özü də bu o zaman baş verirdi ki, Çindən iqtisadiyyatın artımı ilə bağlı mülayim xəbərlər gəlirdi. Amma neft qiymətlərini aşağı salan əsas amil rolunda Çin yox, Çinlə ticari müharibəyə çıxmış Amerika Birləşmiş Ştatları çıxış etdi. Belə ki, aprelin 19-u axşama doğru Federal Ehtiyatlar Sisteminin ABŞ-da iqtisadi vəziyyətin heç də arzu olunan templərlə inkişaf etmədiyinə dair açıqladığı hesabat səhərisi gün qara qızılın qiymətini üzüaşağı apardı.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın neft kəmərlərində itkiləri AZALIB
Amma bazar iştirakçıları hesab edirlər ki, bu müvəqqəti haldır və davamlı olma ehtimalı azdır.
Çünki bazarda qiymətin enməsi neqativ informasiyadan və buna emosional reaksiyadan qaynaqlanıb, bazarda neftin bolluğu ilə əlaqəsi yoxdur. Bu baxımdan da ilin ikinci yarısında neftin daha çox 90 dollar ətrafında ticarət edilə biləcəyi ilə bağlı proqnozlar gündəmdədir.
Büdcəmizi dəyişən neft. Yəqin elə buna görə də Azərbaycan da hazırlaşır ki, cari ilin dövlət büdcəsinə dəyişikliklər etsin. Bu həftə dövlət televiziyasına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, hökumətə 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılması tapşırığı verib. Onun sözlərinə görə, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Çünki ilin ilk rübünün nəticələrinə görə, gəlirlər xərcləmələri 1,7 milyard manatdan çox üstələyib.
Qeyd edək ki, hökumət ötən ilin sonunda cari ilin büdcəsini tərtib edərkən neftimizin 1 barelinin orta ixrac qiymətini 50 dollardan hesablamışdı. Ancaq SOCAR-ın açıqladığı məlumata görə, yanvar-mart aylarının nəticəsinə görə bu göstərici daşıma xərcləri ilə birgə 84,8 dollar təşkil edib. Yəni proqnoz gösəticiləri ilə real satış arasında xeyli fərq var. Bundan əlavə ixrac qazından əldə edilən gəlirlər bütün gözləntiləri geridə qoyub.
Türkiyənin Qara dəniz zəfəri. Dünyanın əsas enerji hadisəsi Türkiyənin qaz hasilatçısına çevrilməsi xəbəri oldu. Sizlərə elə belə gəlməsin ki, “Sakarya” yatağından çıxarılan qaz insanlara təkcə yerli təbii sərvətin istiliyini gətirir, həm də o istilikdən yarana biləcək neçə neçə enerjini ortaya qoyur.
Yadınıza salın özümüzü. Necə dəyişdik? “Azəri-Çıraq-Günəşli” neft layihəsi bizim ölkəmizin əvvəlcə libasını dəyişdi, sonra neftin gətirdiyi qazanc ölkə sərhədlərini aşıb xarici bazarlarda özümüzü bərkitməyə kömək etdi, daha sonra isə “Şahdəniz” qazı ilə mavi yanacaq idxalçısından ixracatçıya çevrildik, nəhayət, “Şahdəniz-2” ilə isə ürəyimizdə illərlə yaşatdığımız ZƏFƏRimizi reallaşdırdıq. Bəlkə də bir sıra vətəndaşlarımız üçün enerji və dəyişən Azərbaycan arasında əlaqəni görmək çətindir, amma uzaqdan çox yaxşı hiss edilir.
Mən əminəm ki, “Abşeron-2” və “Şahdəniz-3” kimi qaz layihələrimizi gerçəkləşdirməyə başlayanda Azərbaycanın indiki mənzərəsindən daha pozitivi ilə qarşılaşacağıq: Şərqi Zəngəzur və Qarabağ kimi arxalandığımız diyarlarda həyat qaynayan zaman başqa cürə ola bilərmi?
Belə mənzərəni xaricdəki şərhçilər qardaş Türkiyəmiz üçün də müxtəlif ssenarilərdə görürlər: kimi məyus olur, kimi sevinir – hərə öz marağından Türkiyənin artan imkanlarına yanaşır. Ancaq fakt faktlığında qalır ki, faktiki olaraq təbii enerji resurslarına malik olmayan Türkiyə dəniz yataqlarının kəşfindən işlənməsinə qədər olan zamana görə dünya rekorduna imza atdı.
“Sakarya” adlı yatağın açılmasından onun istismara verilməsi düz 32 ay və ya 975 gün çəkdi. Sahildəki Filos terminalına qədər 170 km aralıda və dənizin 2200 metrdən təbii qazın hasilatı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “ölkənin enerji asılılığın azaldılmasında mühim bir addımdır”.
Qeyd edim ki, “Sakarya” strukturu üzrə kəşfiyyat işləri 2017-ci ildə başlanılmışdı. 2020-ci ilin avqustunda “Fatih” və “Kanuni” gəmilərindən aparılan kəşfiyyat qazma əməliyyatları nəticəsində qaz yatağı açıldı.
13 iyun 2022-ci ildə yataqdan sahilə doğru sualtı kəmərin tikintisinə başlanıldı və həmin ilin sonunda tam istifadəyə verildi.
Bu ilin sentyabrına qədər yataqda 10 quyu işlənməyə cəlb ediləcək və hər quyudan da 1 milyon kubmetr qaz çıxarılması planlaşdırılır. 2026-cı ilədək illik 3,5 milyard kubmetrdən artıq qazın əldə edilməsi gözlənilir, sonra hasilat gündəlik olaraq 40 milyon kubmetrədək artırılacaq. Yəni illik 15 mlrd kubmetrədək, bu da Türkiyənin həmin il qaz istehlakının 30%-ə qədərini təşkil etməlidir.
Son illərin gedişatına baxdıqda Türkiyə qədər ikinci bir ölkənin özünün enerji təhlükəsizliyini artırmaq yolunda bu qədər nailiyyətə nail olmasını görmədim. Türkiyə bütün növ enerjini - xam nefti, təbii və maye qazı, neft məhsullarını və hətta elektriki də idxal edən ölkədir.
Ona görə də müxtəlif zamanlarda Türkiyə hökimətləri qarşısında duran əsas məsələ enerji daşıyıcılarının axtarışı və xarici enerji mənbələrindən asılılığı azaltmaq olub. Amma onilliklər boyu aparılan kəşfiyyat işləri Türkiyənin quru ərazisinin enerji daşıyıcılarından kasad olduğunu ortaya çıxartdı. Qardaş ölkə isə buna görə ruhdan düşmədi. İlk atdığı addım torpaqda yoxdursa, havadakı enerjidən yararlanmaq oldu. Hökumət bu sahədə islahatları elə apardı ki, parası olan hər kəs alternativ enerji mənbələrinə yatırım edə bilsin və az keçmədi Türkiyə əsasən də külək enerjisinin artım templərinə görə Avropanın sayılıb seçilən ölkələri ilə yanaşı dura bildi.
Bu sahədə uğuru görən Türkiyə hökuməti dənizdə axtarışlara başladı. Türkiyənin Aralıq dənizi hissəsində qazılan quyular nəticəsiz qaldığı təqdirdə üzünü Qara dənizə tutdu.
Burada geoloji kəşfiyyat işlərinin mürəkkəb olmasını nəzərə alaraq dünyanın ən müasir qazma gəmilərinə sahib çıxdı Türkiyə. Və 2020-ci ilin yayında Türkiyənin dövlət şirkəti TPAO “Tuna-1” kəşfiyyat quyusu ilə ölkənin ilk dəniz qaz yatağını açmağa nail oldu.
Amma bu da son deyil. Türkiyə xarici ölkələrdən idxal etdiyi qazın böyük bir hissəsini istilik stansiyalarında elektrikə çevirmək üçün istifadə edir. Buna görə də ətək-ətək qazın idxalına çəkdiyi xərcləri azaltmaq üçün elektrikin davamlı, stabil istehsalı baxımından atom enerjisindən faydalanmaq məqsədi ortaya qoydu. Beynəlxaq tender keçirdi və Avropada işlək atom reaktorlarının sayına görə lider olan Fransa ondan 40 milyard avro vəsait qarşılıqlığında bu işi görə biləcəyini açıqladı. Türkiyə hökuməti əslində Fransadan başqa cürə təklif də gözləmirdi.
Çünki Qərbin adi taktikası idi: üçüncü dünya ölkəsi saydıqları məkanda birə beş qazanmaq hərisliyi. Türkiyə isə sübut etdi ki, o Qərbin onu görmək istədiyi gözlə baxılmaq fikrindən uzaqdır və özü öz arşını ilə də çox şeyi ölçə də bilir, biçməyi də bacarır. Buna görə də Rusiyanı fransızların görmək istədiyi işi həmin işi 10 milyarda, özü də dollara görməyə razı sala bildi.
Yəni dediklərim odur ki, qardaş ölkə bir tərəfdən alternativ enerjidən istehsalı artırır, daha sonra atom enerjisinə sahib çıxmaqla qazdan istifadəni enerji sektorunda kifayət qədər azaltmaq yolu tutur, həmçinin hökumətləri enerjidən rasional istifadə etmək, qənaətcil texnologiyalarla işləyə biləcək avadanlıqların ölkədə yayılması üçün dəstək proqramını ortaya qoymaqla gələcəkdə qaza olan tələbatının ən azı artımının qarşısını almağı hədəfləyir. Və bu hədəfləri çox realdır.
Onu real edən başqa bir məsələ isə Türkiyənin qaz mərkəzi qovşağına çevrilməsi imkanlarının getdikcə genişlənməsidir.
Artıq Türkiyə ona nail olub ki, öz üzərindən Avropaya 20 milyard kubmetr Azərbaycan və Rusiya qazı göndərir. Türkiyə hökuməti bu həcmlərin 2 dəfə artırılması ilə proqnozlarını ictimailəşdirib. Həqiqətən də təkcə Azərbaycan qazının ixrac həcmləri yaxın 5-6 ildə iki dəfə artmalıdır.
Həmçinin Türkiyə özündə yeraltı qaz anbarları həcmlərininin tutumunu 10 milyard kubmetrə qədər artırmaq hesabına və çoxşahəli maye qaz idxal edəcək terminallara malik olduğuna görə qazı yay mövsümündə daha ucuz qiymətə alıb, onu saxlayıb və tələbin artığı təqdirdə mavi yanacağın ehtiyac duyulan ölkələr satılmasını gerçəkləşdirə bilər.
Türkiyə yerində dayanmır. Onun hədəfi elə bizim genişləndirmək istədiyimiz ixrac bazarları ilə üst-üstə düşür. Və iki strateji müttəfiq ölkənin enerji sahəsində də birgə addımlar atması, onu deyim ki, Qərbdə Türkiyənin Rusiya ilə qaz alış-verişi məsələsi kimi qıcıq yaratmır, deyərdim ki, ictimailəşdirilməyən rəğbətə də meyllidir. Çox keçməz bunun nəticəsini hiss edərik.
Rusiya qazını bazardan sıxışdıran Azərbaycan. Bu yöndə ilk xəbər elə Türkiyənin Avropadakı qonşusundan gəlib. Yunanıstanın qaz nəqletmə operatoru olan DESFA şirkətinin yaydığı məlumata görə, 2023-cü ilin birinci rübündə Rusiyadan alınan boru kəməri qazı həcmləri yarıdan çox azalaraq ölkənin qaz bazarında 18,8% paya malik olub. Yunanıstanın əsas qaz tədarükçüsü isə Azərbaycan olub. TAP kəməri ilə Yunanıstan bazarına daxil olan Azərbaycan qazının xüsusi çəkisi artaraq 21,6% təşkil edib.
Onu qeyd edim ki, Azərbaycan həmçinin Bolqarıstanın qaz bazarında əsas oyunçuya çevrilib. İtaliya bazarında isə payı 14%-i ötüb.
Artan qaz gəlirlərimiz. Bu həftə Azərbaycanın qazı ilə bağlı diqqətimi çəkən bir xəbər isə Maliyyə nazirliyi tərəfindən yayılıb.
Nazirlik dövlət büdcəsinin gəlirləri ilə bağlı yaydığı məlumatda ilk dəfə olaraq neft-qaz gəlirlərinin təsnifatını ictimailəşdirib. Əvvəllər sadəcə neft-qaz sektorundan daxilolmalar şəklində verilirdi. Həmin məlumata əsasən, birinci rübündə ölkənin dövlət büdcəsinin 8,29 milyard manatlıq gəlirlərinin 3,86 milyard manatını neft-qaz gəlirləri təşkil edib.
Özü də ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 16,5% olub. Buna baxmayaraq, Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan proqnoz göstəricilərindən 9,8 faiz və ya 417,4 milyon manat az vəsait daxil olub.
Əgər büdcənin neft-qaz gəlirlərinin strukturuna diqqət yetirsək, görərik ki, “Şahdəniz” layihəsi üzrə vergi ödənişləri digərlərindən, əhəmiyyətli dərəcədə fərqlənir, yəni daha çoxdur.
Dövlət büdcəsinin neft gəlirlərinin strukturu (milyon manatla):
Neft Fondundan transfertlər
1576,0
Neft-qaz şirkətlərinin vergiləri
2284,0
O cümlədən
Şahdəniz layihəsindən
1 545,7
AÇG layihəsindən
225,2
SOCAR ödənişləri
513,1
Cəmi
3 860,0
Özü də büdcəyə “Azəri-Çıraq-Günəşli” layihəsi ilə müqayisədə Şahdənizdən düz 6,9 dəfə çox vəsait daxil olub. Büdcənin qaz gəliri o qədər artıb ki, hətta Neft Fondundan olan köçürmələrı yaxınlaşıb.
Müşahidə edilən hal odur ki, qaz erasına keçid edən Azərbaycan üçün mavi yanacağın reallıqda gətirdiyi gəlirlər artıma gedir. Bu baxımdan da qaz gəlirlərinin orta perspektivdə Azərbaycan üçün ümumən heç də neftdən geridə qalmayacağını proqnoz etmək mümkündür.
Bizim.Media