Artan neft qiymətləri, Azərbaycan qazının genişlənən COĞRAFİYASI - “Bizim Barel”in başına gələnlər

Artan neft qiymətləri, Azərbaycan qazının genişlənən COĞRAFİYASI - “Bizim Barel”in başına gələnlər

Hazırda oxunan: Artan neft qiymətləri, Azərbaycan qazının genişlənən COĞRAFİYASI - “Bizim Barel”in başına gələnlər

130891

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Dünya yazın ikinci ayında əməlli başlı çalxalanır. Yəni gərginlik kifayət qədər yüksək həddədir. Elə öz bölgəmizdə də yaşanan gərginliyin hərarətini hiss edirik.

Qlobal bazar. Dünya bazarında neft OPEC-in aprelin 3-dəki gözlənilməz qərarından sonra 85 dollardan yüksək həddə ticarət edilir. Bu həftə Brent markalı neftin ən bahalı partiyası 87 dollar 49 sentə satılıb.

Beynəlxalq Enerji Agentliyinin (EIA) icraçı direktoru Fatih Birol isə Nyu Yorkda Kolumbiya Qlobal Enerji Sammitində bildirib ki, qlobal neft bazarı 2023-cü ilin ikinci yarısında qiymətləri yüksəldəcək gərginliklə qarşılaşa bilər. Özü də neft bazarında yaşanan sıxıntılar üçün real əsas var. Düzdür, Fatih bəy bu proqnozunu daha çox klimatik faktorlarla əlaqələndirib: yayın daha isti, qışın isə daha soyuq olması ehtimalını əsas götürüb. 
İş burasındadır ki, bazarda neft qiymətlərinin 3-cü və 4-cü rüblərdə artıma doğru irəliləməsini bir çox maliyyə qurumları və enerji mərkəzləri də göz altına alıblar. 

Transxəzər: qaz ya neft kəməri? Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin dəniz qonşumuz olan Qazaxıstana rəsmi səfəri ilə başladı. Ölkələrimiz arasında iqtisadi əlaqələr son bir ildə hiss ediləcək şəkildə artıb və yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. Ancaq bundan daha da çox ola bilər. Əgər ki, Qazaxıstanla Azərbaycanı Xəzər ilə təkçə optik kabel deyil, həm də sualtı boru kəməri birləşdirsə. 

İndiyə qədər, yəni son 26 ildə Transzəxər kəməri deyiləndə ağıla ancaq o tayı bu tayla birləşdirən qaz kəməri gəlir. Amma Transxəzər həm də neft kəməri ola bilər və onun reallaşması qaz kəmərindən daha realdır. Niyəsi isə ondan ibarətdir ki, bu ilin əvvəlində Azərbaycan Prezidentinin yerli telekanallara verdiyi müsahibəsində vurğuladığı kimi “tutaq ki, böyük həcmdə türkmən qazını Azərbaycan sahilinə gətirmək mümkün oldu, bəs sonra”? Bundan sonrasını çoxları fikirləşməyib, axı hətta genişləndirilən Cənub Qaz Dəhlizində belə Xəzərin o tayından gəlməli olan qaz üçün yer nəzərdə  tutulmayıb. 

Bu həqiqətən də belədir. Azərbaycan Avropa bazarına ən azı 10 milyard kubmetr qaz çıxartmaq üçün Avropa Birliyi qarşısında öhdəlik götürüb. Genişləndiriləcək infrastrukturun buraxıcılıq qabiliyyəti də bu həcmlərə uyğundur. Onda Türkmən qazının nəqli üçün yeni infrastruktur yaradılmalıdır. Amma ona investisiya yatırmalı olacaq nə hökumətlər, nə də şirkətlər ortada yoxdurlar. 

Neft məsələsində isə vəziyyət kökündən fərqlənir. Bunun izahına keçməzdən öncə bildirim ki, dünyanın ən böyük 15 neft istehsalçısından biri olan Qazaxıstan neft ixracının Rusiya üzərindən Qara dənizə gedən Tengiz-Novorossiysk boru kəmərindən asılılığını məhdudlaşdırmaq üçün səylərini artırır.

Bu həftə yenidən Qazaxıstanın neft hasilatçıları Rusiya tərəfindən 72 saat ərzində Qara dəniz terminalında nefti qəbul edə bilməyəcəklərinə dair bildiriş aldılar. Bu, il ərzində 4-cü dəfədir ki, neft nəqlinin dayandırılması ilə bağlı hadisədir. Bundan əvvəl 2022-ci ildə ixrac boru kəmərində təchizatının qeyri-müəyyən səbəbdən kəsilməsi, o cümlədən qasırğanın Novorossiysk limanında infrastruktura ziyan vurması və birdən birə İkinci Dünya Müharibəsindən qalan sualtı minaların təmizlənməsi ilə əlaqədar nəqlin dayandırılması baş vermişdi.

Belə hallar isə Qazaxıstanın artan neft tədarükü üçün “B Planı”na ehtiyacını artırır, qlobal bazarlara daha asan çıxış üçün Xəzər dənizi sahilində yeni terminalın yaradılması ideyasını gücləndirir. Qazaxıstan isə hazırda neft ixracında 80% Tengiz-Novorossisyk kəmərindən asılıdır. 

Xəzərin o tayında gözəl başa düşürlər ki, dənizi üzərindən neftin daşınması Kurık terminalına qədər dəmir yolu ilə daşındığından, sonra tankerlərlə və daha sonra boruya vurulduğuna görə daha baha başa gəlir. Xam neftin Kurık limanına çatdırılması üçün mövcud dəmir yolunun boru kəməri ilə əvəzlənməsi üçün isə “Kaşağan” yatağı səhmdarlarının marağı çox vacibdir. Bu, daşıma xərclərini xeyli azalda bilər. 

Elə diqqəti bu məqama çəkmək istərdim. Görürsünüzmü, artıq Xəzərin o tayında neftin dəmir yolu ilə sahilə daınması əvəzinə boru nəqlinin effektivliyinə nəzər yetirirlər. 

Hələ 2006-cı ilin 16 iyununda  Azərbaycan və Qazaxıstan prezidentlərinin Almatı şəhərində imzaladıqları “Qazaxıstan və Azərbaycan arasında neftin Bakı-Tbilisi-Ceyhan ixrac sistemi vasitəsilə Qazaxıstandan Xəzər dənizi və Azərbaycan ərazisindən beynəlxalq bazarlara nəqlinin dəstəklənməsi və asanlaşdırılması haqqında Saziş” vardı. Həmin sənəd 2008-ci il 24 iyun tarixində qüvvəyə mindikdən sonra həmin ilin oktyabrında Bakı-Ceyhanla ilk tranzit neft həcmi də Qazaxıstana məxsus olmuşdu. Həmin razılaşmaya əsasən, Qazaxıstan ixrac həcmlərini artırmaq üçün özünün Xəzər dənizi sahilindəki terminalına neft kəməri çəkməli idi. Sonradan bu marşruta o qədər də əhəmiyyət verilmədi, amma verilsəydi, hazırda Qazaxıstan neft ixracında bir ölkədən bu qədər asılı olmazdı.     

Qeyd edim ki, Qazaxıstan ötən il 85 milyon tona qədər neft hasil edib. Pandemiyadan əvvəl isə hasilatı 90 milyon idi. Artıq 2025-ci ildə Qazaxıstanın hazırda ən məhsuldar yatağı olan “Tengiz”də hasilatın 10 milyon ton artımı planlaşdırılır. “Kaşağan”da da minimal artım o həcmdə gözlənilir. Yəni Rusiya üzərindən ixracı indiki səviyyədən azaltmamaq şərti ilə 20 milyon ton Qazax neftini Azərbaycan üzərindən daşımaq mümkündür. Bu həcmlərin kommersiya baxımından rentabelli daşınması üçün isə ən real variant boru kəməri nəqlidir. 

Əgər layihə üzrə razılıq əldə edilərsə, onu bir beşillikdən də tez bir zamanda reallaşdırmaq mümkün olar. Qazaxıstan ərazisində 700 km quru ərazidə magistral neft kəməri çəkilməlidir, Xəzərin dibi ilə isə təqribən 400 km. Özü də Azərbaycanın iki borudüzən gəmisi var:
İsrafil Hüseynov və Süleyman Vəzirov. Sonuncu hazırda Türkmənistan sularında Birləşmiş Ərəb Əmirliklərinin “Dragon Oil” şirkətinin sifarişi ilə platformalararası sualtı boru kəmərinin tikintisinə cəlb edilib. Yəni lazım gələrsə, borunu iki istiqamətdə belə tikmək mümkündür. 

Bakı-Supsa kəmərinin perspektivi. Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarinin sözlərinə görə, neft daşımaları ilə bağlı Azərbaycan tərəfinin təkliflərindən biri də Bakı-Supsa neft boru kəmərinin imkanlarından yararlanmaqdır. “Hazırda biz neft kəmərinin texniki imkanları üzərində iş aparılır. Hazırda araşdırdığımız ən mühüm məsələ Qazaxıstan və Azərbaycan tərəfdən nəqletmədə ortaya çıxan problemli məsələlərin aradan qaldırılması üçün yol xəritəsidir”, deyə hökumət rəsmisi bildirib.

Azərbaycanın Qərb İxrac Boru Kəməri, hansı ki, daha çox Bakı-Supsa adı ilə tanınır, Qazaxıstan neftinin heç bir digər neft markaları ilə qarışmadan alıcıya çatdırılmasına xidmət edə bilər. Yəni Qazaxıstan Bakı-Supsa ilə bazarda öz brendi altında xeyli həcmdə neft satmaq imkanı əldə edə bilər. 

Azərbaycanın azalan nefti. Elə bu həftə Azərbaycan energetika nazirliyinin ictimailəşdiyi məlumatdan aydın olur ki, 2023-cü ilin ilk rübünün nəticəsi olaraq ölkəmizdə neft və kondensat hasilatı 7,2% azalaraq 7,7 milyon ton təşkil edib. 

Energetika nazirliyinin gündəlik maye karbohidrogenlərin hasilatı ilə bağlı məlumatı isə daha maraqlıdır: mart ayında neft hasilatı fevrala nisbətdə 16 min barel azalıb. Yanvara nisbətdə azalma daha çox olub. Cədvələ diqqət yetirsək görərik ki, ilin əvvəli ilə müqayisədə kondensat hasilatında da azalma var.

                   

Neftimizin qiyməti. SOCAR-ın açıqladığı məlumata görə, 2023-cü ilin birinci rübündə Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti $84,8 təşkil edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 17,4% azdır. 2022-ci ilin birinci rübündə bu ixrac neftimizin orta qiyməti $102,68 olmuşdu, ötən ilin orta göstəricisi isə $103,58 idi. 

Bu baxımdan neft hasilatının azalması qiymətin də əvvəlki dövrlərlə müqayisədə azalması ilə üst-üstə düşdüyü zaman, neft gəlirlərinin bizə gətirdiyi qazanc hiss ediləcək dərəcədə azalmaya məruz qalacaq. Ona görə də məsələlərin həllində kifayət qədər ustalıq nümayiş etdirmək gərəkdir ki, bir daha 2015 və 2016-cı illərdə yaşadıqlarımızla qarşılaşmayaq.  

Azərbaycan qazının genişlənən coğrafiyası. Aprelin 13-də Azərbaycan prezidenti İlham Əliyev “Bakı və Sarayevonun energetika, o cümlədən qaz sahəsində əməkdaşlıq üçün geniş imkanlara malik olduğu” haqda bəyanatla çıxış edib.  

Azərbaycan prezidenti vurğulayıb ki, qaz sahəsində əməkdaşlığın araşdırılması üçün artıq müvafiq göstərişlər verib. 

Bu həftə qazla bağlı açıqlanan daha bir maraqlı xəbər də Azərbaycana dost olan ölkədən gəldi. Bolqarıstanın Energetika naziri Rosen Xristov bəyan edib ki, aprelin 25-26-da Sofiyada altı ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri tərəfindən qaz infrastrukturunun genişləndirilməsinə dair saziş imzalanacaq. 

“Bolqarıstan, Türkiyə, Rumıniya, Slovakiya, Macarıstan və Azərbaycan arasında qaz infrastrukturunun genişləndirilməsi haqqında sazişin imzalanacağı gözlənilir”, - deyə nazir bildirib. Xristov əlavə edib ki, beləliklə, Azərbaycandan qazın Bolqarıstan ərazisi ilə Mərkəzi Avropaya çatdırılması layihəsi reallaşcaq. 

Biz indidən onu görürük ki, Azərbaycan qazının Avropada ixrac coğrafiyasının kifayət qədər böyümək şansları var. Və özü də bu əlavə həcmlərin ixracı çoxşaxəlidir. Yəni Balkan ölkələrini, Şərqi və Mərkəzi Avropa ölkələrini əhatə edir.  

Görürsünüzmü, məsələ heç də Xəzər ətrafında kiçik qaz ölkəsi olmaqda deyil, düzgün münasibətlərin qurulmasında, zamanında infrastruktura yatırım edilməsində və potensial alıcıların rəğbətinin qazanılmasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO