Bir müddət əvvəl maliyyə vəziyyətlərinin yaxşı olmamasını əsas gətirən daşıyıcı şirkətlər avtobuslarda gedişhaqqının artırılmasını tələb edirdi. Tələbləri yerinə yetirildi.
Bizim.Media xəbər verir ki, Tarif Şurasının qərarı ilə yanvarın 31-də şəhərdaxili avtobuslarda gedişhaqqı 10 qəpik artaraq 40 qəpik oldu. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 40 qəpik və 1 manat təsdiq edildi. Daşıyıcı şirkətlər artımla 2 ay yarım vaxtdır ki, bu gediş haqqı ilə işləyirlər.
“Bu müddət ərzində avtobuslarda xidmətdə ciddi dəyişiklik hiss edilirmi?”
Sərnişinlər deyirlər ki, ətraf qəsəbələrə sərnişindaşıma fəalaiyyəti göstərən marşurut avtobuslarında ciddi problemlər hələ də qalmaqdadır.
Bəzi xətlərdə avtobus sayı az olduğu üçün günün pik saatlarında sərnişinlər dayanacaqda uzun müddət gözləməli olurlar. ''Koroğlu'' Nəqliyyat Mübadilə mərkəzinində çəkiliş apardığımız zaman avtobuslarda hələ də nasazlıqların olduğunun biz də şahidi olduq. Xəttdə, oturacaqları yararsız halda olana da, döşəməsində iri paslar əmələ gələn avtobuslara da rast gəlmək mümkündür.
“Hansı ki, qiymətlərin artırılmasında məqsəd avtobus parklarının yenilənməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə hesablanmışdı”
Amma sərnişinlərin iddiaları və kameranın obyektivinə düşən kadrlar bunu nədənsə təsdiq etmir. “Xəzər Xəbər” məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib.
Qurumdan bildirilib ki, Agentlik daşıyıcı şirkətlər qarşısında hər zaman ödəhlik qoyub ki, sərnişindaşımada kefiyyət artırılmalı, sərnişinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilməlidir.
Bakıda nəqliyyat sektorunda fəaliyyat göstərən iri daşıyıcı şirkətlərlə də əlaqə saxlanılıb.
Şifahi olaraq ''Xəzər Xəbər''ə bildirdilər ki, qiymətlərdə dəyişiklik olandan sonra avtobusların ehtiyat hissələrinə olan borclarının bir qismini bağlayıblar. Onu da əlavə etdilər ki, istehsalat bazalarında nasaz vəziyyətdə olan avtobusların bəziləri təmir edilib, digərlərinin də təmiri işləri görülür. Daşıyıcı şirkətlər onu da əlavə etdilər ki, salonunda nasazlıq olan bütün avtobuslar mərhələli şəkildə təmir olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media