Nəyi satırıq və niyə alırıq? – Ticarət dövriyyəmizin DİLEMMASI

Nəyi satırıq və niyə alırıq? – Ticarət dövriyyəmizin DİLEMMASI

Hazırda oxunan: Nəyi satırıq və niyə alırıq? – Ticarət dövriyyəmizin DİLEMMASI

127422

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 10 min tondan çox şəkər tozu ixrac edilib.

Bu barədə açıqlamanı Dövlət Gömrük Komitəsi verib. Məlumatda qeyd olunub ki, ixrac edilən şəkər tozunun dəyəri 7,3 milyon dollar olub.

2022-ci ilin müvafiq dövründə dəyəri 4,1 milyon dollar olmaqla 6305 ton şəkər tozu ixrac edilib. Göründüyü kimi, xaricə çıxardığımız məhsulda artım var. 

Azərbaycanda şəkərə olan təlabat kifayət qədər yüksəkdir və məlum olduğu kimi, şəkər tozunun, eləcə də digər qənnadı məhsullarının qiymətində artımlar ötən ildən sonra daha çox müşahidə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazirdən qiymət artımları ilə bağlı MÜHÜM AÇIQLAMA


Maraqlıdır ki, xaricə satışını artırdığımız şəkər tozuna ölkəmizdə çox ehtiyac var və qiymətləri də kifayət qədər yüksəkdir. Məhz bu səbəbdən əhali yay aylarında mürəbbə və müxtəlif konservləşdirilmiş məhsulların miqdarını azaldır.      

Qeyd edək ki, Azərbaycanın illik şəkər və şəkər məhsullarına olan tələbatı 250 min tondan artıqdır. Açıqlamalara görə, İmişli Şəkər Zavodunun gündəlik istehsal gücü 200 ton, aylıq 6 min ton, illik 72 min tondur. 

Ölkədə isə ən çoxu 240 min ton şəkər cuğunduru tədarük edilir. Xaricdən də xammal gətirilir. Şəkər çuğundurundan 16-20 faiz şəkər tozu alınır. Yuxarıda sadalanan rəqəmlərə nəzər saldıqda belə məlum olur ki, ilin sonuna kimi 60-70 min ton şəkər tozu ixrac oluna bilər. Hazırda ölkədə şəkər tozunun 700 qramı əsasən 1,61 manata, 1800 qramlıq məhsul 3,60 manata satılır. 

Maraqlıdır, xaricə satacaq qədər məhsulumuz olduğu halda, daxili bazarda şəkər tozunun və qənnadı məhsullarının qiyməti nə üçün bu qədər bahadır və tez-tez dəyişir?

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov mövzu ulə bağlı Bizim.Media-ya bildirib ki, Azərbaycan şəkər və eləcə də şəkərdən hazırlanan məmulatları ixrac etməklə yanaşı, həm də idxal edir:

“Azərbaycanın şəkər idxalı, ixracatından daha çoxdur. Ötən il Azərbaycan 228 milyon 644 min dollarlıq şəkər idxal edib. Həmin dövrdə Azərbaycan xarici ölkələrə 41 milyon 41 min dollarlıq şəkər ixrac edib. Azərbaycanın şəkər ixracatında artımlar müşahidə olunsa da, idxal bu rəqəmi 5,5 dəfə üstələyir. Bu da onu göstərir ki, Azərbaycan şəkərə olan təlabatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Təbi ki, şəkərin qiymətinə idxal etdiyimiz ölkədəki qiymətlərin birbaşa təsiri var”. 

İqtisadçı bildirib ki, hazırda şəkərə olan təlabatın ödənilməsində idxaldan asılılıq qalır ki, bu da idxal infilyasiyasının bazara təsirinin qalması anlamına gəlir: “İnfilyasiyanın qiymətlərə təsirlərini azalması üçün idxalın azaldılması olduqca vacibdir. Əgər gələcəkdə şəkər və ondan hazırlanan qənnadı məhsullarının idxalında azalmalar baş verərsə, bu da şəkər məhsullarının daxili bazardakı qiymətinin idxal infilyasiyası ilə əlaqəsinin xeyli dərəcədə minimumlaşdırılımsına gətirər”.     

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO