Almaniya Azərbaycanın TƏRƏFDAŞI KİMİ - Enerji bazarında nə baş verir? – İlham Şabanın ŞƏRHİ

Almaniya Azərbaycanın TƏRƏFDAŞI KİMİ - Enerji bazarında nə baş verir? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Almaniya Azərbaycanın TƏRƏFDAŞI KİMİ - Enerji bazarında nə baş verir? – İlham Şabanın ŞƏRHİ

126490

Yola saldığımız həftə enerji mövzusunda informativ baxımdan xeyli zəngin olub, istər daxili bazarda, istərsə də ölkə hüdudlarından kənarda. 

Qlobal bazar. Həftənin ən gözlənilməz hadisəsi neft ətrafında baş verdi, Brent markalı “qara qızıl” martın 15-də London birjasında 2021-ci ilin dekabrında ticarət edilən qiymətlərə satıldı, yəni ən ucuz partiyası 71 dollar 67 sentə alındı. Düzdür həftə sonuna 75 dollara qədər bahalaşsa da, amma 375 gün əvvəl satıldığı maksimumdan -139 dollarlıq dəyərdən 1,9 dəfə aşağı idi. Bəs neft nədən son bir həftə içərisində 10 dollar çıvarında dəyərini itirdi?

OPEC-dəki məsul şəxslər hesab edirlər ki, neft qiymətlərinin illik minimuma enməsi tələb və təklif arasındakı balansın pozulmasından baş verməyib, bunun kökündə maliyyə sektoru ilə bağlı bazar iştirakçılarının narahatçılığına bağlıdır.

Maliyyə bazarları üzrə ixtisaslaşmış Amerikanın “MarketWatch” dərgisi qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi investorların bir sıra ABŞ banklarının müflis olması və İsveçrənin ikinci ən böyük bankı ilə bağlı yaşanan problemlərin sonra qlobal resessiyaya gətirib çıxarma qorxusu ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Aktau-Bakı marşrutu ilə neft nəqlinə başlanıldı – İLK DƏFƏ  


Onu əlavə etmək istərdim ki, bu günlərəd Beynəlxalq Enerji Agentliyinin (IEA) dünya neft bazarı ilə bağlı açıqladığı hesabatda bildirilib ki, OPEC+ çərçivəsində birləşən 23 ölkənin gündəlik neft hasilatı fevral ayında təsdiq edilmiş kvotadan 1,72 milyon barel aşağı olub. Yəni OPEC+ reallıqda bazara xeyli az neft çıxarır və heç də bu təşkilatın dediyi kimi cari ildə neftə olan tələbat bazarda proqnoz edilən səviyyədə artmır və Rusiyanın neft hasilatının azalması heç də qlobal bazarlarda hansısa qıtlıqla müşayət olunmur. Demək, ortada maraqlardan doğan yanaşma var. 

Azərbaycanın qaz siyasəti. Bu həftə Azərbaycanın enerji bazarının gələcəyi ilə bağlı bir sıra maraqlı məqamlar ictimailəşdirilib. Özü də ən yüksək səviyyədə. 

Azərbaycan prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına martın 13-də baş tutan ikigünlük işgüzar səfəri zamanı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bir sıra məsələlərə aydınlıq gətirib.

Bunlardan ölkəmiz üçün ən əhəmiyyətlisi qaz ixracı ilə bağlıdır. Çünki Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə Azərbaycan yaxın perspektivdə qlobal bazara mavi yanacaq ixracı həcmlərini 2 dəfə artırmaq imkanı qazanar, özünün Şahdənizdən sonra ikinci ən böyük qaz yatağı olan “Abşeronun” resurslarından tam istifadə etməyə nail olar, neftin azalan həcmlərini böyük qaz satışı ilə tam olmasa da, kifayət qədər əvəzləmək imkanları əldə edər.   

Beləliklə, c-b İlham Əliyev bəyan edib ki, növbəti illərdə Azərbaycanın Avropaya qaz ixracı cografiyası genişləndiriləcək.

Bu, etap-etap baş verəcək. Yəni qaz resursları işləndikcə, onun stabil şəkildə bazara çıxarılması logistikası təmin edildikcə, Azərbaycan qazının alan Avropa ölkələrinin sayı da artacaq. 

Dövlət başçısı bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət daxil olub. “Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik”, - deyə prezident vurğulayıb.

Hazırda 4 Avropa ölkəsi Azərbaycan qazının istehlakçısıdır: bunlar Yunanıstan, İtaliya, Bolqarıstan və Rumıniyadır. Azərbaycna prezidenti Macarıstanın artıq bu ilin sonundan Azərbaycan qazının alıcıları sırasına qoşulacağını açıqlayıb. Və daha sonra bildirib ki, Çexiya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və bir sıra Avropa ölkələri Azərbaycan qazı almaq istəyirlər. Bu sırada həmçinin Albaniyanın da olduğu diqqətə çatdırılıb. Hazırda Albaniya hökuməti ilə bu ölkədə qazlaşdırma və qaz tədarükünə başalamaq üzrə danışıqlara başlanıldığı da vurğulanıb. 

“Biz iki ildən bir qədər çoxdur ki, Avropaya qaz tədarükünə başlamışıq və nəql həcmimiz ildən ilə artır. Əgər 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetr təşkil edirdisə, bu il təxminən 12 milyard kubmetr və ya təqribən qaz ixracımızın yarısını təşkil edəcək”. Bu fikirləri isə Azərbaycan prezidenti Berlində Almaniya kansleri Olaf Şolts ilə danşıqların yekunlarına dair mətbuat konfransında açıqlayıb. 

O, vurğulayıb ki, 2022-ci ildə Aİ ilə imzalanmış memoranduma əsasən, 2027-ci ildən Azərbaycan Avropaya 20 milyard kubmetr qaz tədarük etməlidir.

Azərbaycan lideri əlavə qaz həcmlərinin zamanında Avropadakı istehlakçılara çatdırılması üçün yeni birləşdirici kəmərlərin tikintisinin vacibliyini qeyd edib ki, bu da Azərbaycan qazının cografiyasını genişləndirməsinə və Avropa ölkələrinin enerji təhlükəsizliyinin artımına və dayanıqlığına gətirməliddir. 

Burada bir haşiyəyə çıxıb diqqətinizi Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun Avropa parlamentində çıxışı zamanı Azərbaycanın qitənin enerji təhlükəsizliyindəki rolu ilə bağlı dediklərinə yönəltmək istərdim. 

Xanım Simson məlumat verib ki, 2022-ci ildə Avropa İttifaqı ölkələrinə qaz tədarükündə Azərbaycanın payı 3,4%-dək artıb. Bir il əvvəl isə bu göstərici 2,4%-dən az idi. 

Bu deylənlərə bir məsələni əlavə etmək istərdim ki, ayrı-ayrı ölkələrin enerji təminatında Azərbaycnaın payı kifayət qədər yüksəkdir, məsələn, İtaliya kimi nəhəng qaz istehlakçısı olan ölkədə Azərbaycanın payı 15%-ə çatıb. Cari ildə isə Bolqarıstanın qaz bazarında Azərbaycnaın payı 30%-i ötəcək. 

“Qaz alışına dair uzunmüddətli müqavilələr imzalamaq lazımdır. Bizə məlumdur ki, Avropada yaşıl enerji keçidinə cəhdlər yüksəkdir. Bu səbəbdən biz uzunmüddətlki müqavilələrin imzalanmasında maraqlıyıq və mən ümid edirəm ki, biz bu məsələləri əlaqələndirə biləcəyik”, -deyə Azərbaycan prezidenti bildirib.

“Yaşıl enerji”. İlham Əliyev bununla diqqəti o məqama çəkir ki, son zamanlar Avropa İttifaqında yaşıl enerjiyə keçidin sürtələndirilməsi ilə bağlı həm çağırışlar artır, həm də praktik addımlar atılır. Belə olan halda isə rəsmi Brüsselə bağlı ölkələrin uzunmüddətli müqavilələr əsasında Azərbaycandan qaz almaq istəyi müəyyən mənada ziddiyyətli maraqlarla toquşur. 

Belə ki, Avropa Komissiyası gələcəkdə bərpa olunan enerji mənbələrinin payını enerji balansında daha da artırmaq, neft, kömür, o cümlədən təbii və maye qazdan tamamilə imtina etmək üçün Aİ elektrik enerjisi bazarının strukturunda islahatların aparılmasını təklifi ilə çıxış edib.

Təklif olunan islahat çərçivəsində Aİ qanunvericiliyinə qismən yenidən baxılması da nəzərdə tutulur. 

Azərbaycan buna görə, bir tərəfdən Avropaya qaz ixrac həcmlərinin artırılması üzərində işlər aparırsa, digər tərəfdən də “yaşıl enerji” ixracına hazırlıq işləri görür. Rəsmi Bakı buna görə də 4 QVt gücündə olan Qərə dənizin dibi ilə Gürcüstandan Avropaya istiqamətlənəcək yüksək gərginlikli magistral elektrik xəttinin təchizatçısı rolunda çıxış etmək niyyətini ortaya qoyub, özünün iri alternativ enerji layihələrini reallaşdırmağa başlayıb. Yəni bizim Avropa ilə enerji əməkdaşlığının inkişaf etdirilməsi təkcə özümüzün imkanlarına bağlı deyil, biz o bazarın hansı zamanda necə dəyişməsini də nəzərə almalıyıq. Əks təqdirdə kapitalyönümlü qaz layihələrimizi kommersiya baxımından cəlbedici şəkildə başa çatdıra bilmərik.   

Transxəzər qaz kəməri. Prezidentin Almaniyaya səfəri zamanı daha bir maraqlı məqam Transxəzər qaz kəməri layihəsi ilə bağlı açıqlaması idi. Düzdür, Azərbaycan prezidenti bununla bağlı il başlayanda fikirlərini açıqlamışdı, amma o daxili auditoriya çərçivəsində idi, indi isə Avropada səsləndirirdi.

“Transxəzər qaz kəməri bizim layihə deyil. Biz tranzit ölkə hesab olunuruq. Biz artıq dəfələrlə bəyan etmişik ki, əgər dostlarımız və Xəzər üzrə tərəfdaşlarımız boru kəməri inşa etmək qərarına gəlsələr, biz zəruri tranziti təmin etməyə hazırıq. Lakın, mənə məlum olduğu qədər, hələlik maliyyə mənbəyinin qeyri-müəyyənliyi ilə əlaqədar məsələ həll olunmayıb”, - deyə Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

Qaz statistikası. Azərbaycan isə Energetika nazirliyinin açıqlamasına görə, 2023-cü ilin ilk iki ayının nəticə olaraq qaz hasilatını 4% artırmağa nail olub. Həmçinin qaz ixrac həcmləri yanvar-fevralda 13% artırılaraq 4,3 mlrd kubmetr təşkil edib. Bu həcmin 44%-i və ya 1,9 mlrd kubmetri Avropa ölkələrinin payına düşüb. Azərbaycan 1,7 mlrd kubmetr qazı hesabat dövründə Türkiyə bazarında, 700 milyon kubmetr həcmi isə Gürcüstanda satıb. 

Azalan neftimiz. Cari ilin ilk iki ayının nəticələrinə görə isə Azərbaycanda 5,1 mln ton neft və kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq göstəricilərindən təqribən 6,5% az olub. Çıxarılan neftin 3,1 mln tonu və ya 60,8%-i “Azəri-Çıraq-Günəşli” layihəsindən əldə edilib. Azərbaycanın ən iri neft blokunda hasilat ötən ilin yanvar-fevralı ilə müqayisədə 400 min ton azalıb. 

Amma AÇG layihəsinin operatoru olan bp və tərəfdaşları hasilatın stabilləşdirilməsi üçün yeni bir platformanın tikintisini artıq başa çatdırırlar. Onun dayaq blokları martın 16-da dənizə yola salınıb.

Cari ilin yayında isə həmin dayaq blokları üzərində platformanın üst modulları quraşdırılacaq. Məhz həmin platformadan gələn ilin əvvəlində ilk neftin çıxarılması, sonradan gündəlik hasilatın 100 min barelədək artırılması planlaşdırılır. Bu platformaya ümidlər böyükdür, çünki AÇG-nin ildən ilə azalmağa meyllənən hasilatının stabilləşdiricisi rolunda məhz Mərkəzi Şərqi Azəri adını almış bu nəhəng dəniz qurğusu çıxış etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO