“Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir:
MÖVZU İLƏ BAĞLI:
“Azad edilmiş torpaqlarda işğal zamanı bir daş daş üstə qalmayıb” – İlham Əliyev
“Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk”.
Baş nazir Viktor Orbanla artıq on ildən çoxdur dostluq etdiklərini bildirən Prezident İlham Əliyev bildirib ki, hər bir fürsətdən yararlanaraq ölkələrimiz üçün vacib olan məsələləri müzakirə etmək və onları həll etmək istəyirik:
“Əziz dostum (Viktor Orban-red.) dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlib, xahişlər edilib. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və qərarlar sonra qəbul ediləcək”.
Ölkəmizin başçısı təbii qaz sahəsində əməkdaşlığa dair imzalanan sənəddən də danışıb:
“Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, “weekend” günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq.
Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur - qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz”.
Bizim.Media