Yola saldığımız həftə dünya enerji bazarlarında hansısa təlatümlü hadisələr baş vermədi. Nə neft, nə də qaz hansısa “cızından kənara çıxan” qiymətləri ilə yadda qalmadılar. Yeganə diqqət çəkən məqam o oldu ki, Asiya bazarlarında mavi yanacağın qiymətləri Avropadakı qiymətləri aşa bildi. Rusiya – Ukrayna müharibəsi başalayandan bəri ilk dəfə idi belə hal. O da ondan qaynaqlanırdı ki, Yaponiyadan tutmuş Çinə qədər havalar şaxtalı, qar isə normadan artıq yağıb.
Dünya bazarlarında vəziyyət. Amma buna görə Avropada qaz qiymətlərində artım hələki müşahidə edilmir, çünki mülayim qış bazar iştirakçılarında hansısa təşviş hissi yaratmır. Elə Avropa Komissiyasının açıqladığı icmalda da bildirilir ki, hazırda yeraltı qaz anbarlarında onların ümumi tutumunun 78%-i qədər ehtiyat var.
Bundan əlavə Avropa Komissiyası vətəndaşlara və biznes qurumlarına təşəkkürünü ifadə edib ki, ötən il rəsmi Brüsselin enerjiyə qənaət çağırışına ciddi əməl edildiyindən nəzərdə tutulmuş 15% əvəzinə Avropa İttifaqı üzrə enerjiyə 20% qənaət etmək mümkün olub. İlə yaxşı nəticələrlə başlayan Avropada isə o biri istilik mövsümünə və mövsümlərinə hazırlıq gedir.
Azərbaycanın potensial yeni qaz alıcıları. Avropanın 4 ölkəsi – Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya bu həftə birlikdə Avropa Komissiyasına müraciət edərək Azərbaycan qazının əlavə həcmlərinin alınması üçün regionda zəruri infrastrukturun yaradılması üçün rəsmi Brüsseldən maliyyə dəstəyinin göstərilməsini xahiş ediblər.
“Biz Azərbaycanın 2027-ci ilədək Avropaya qaz tədarük edə biləcəyi boru kəmərlərinin gücünü iki dəfə artırmaq istəyini alqışlayır və ona hörmət edirik”, - deyə yanvarın 24-də Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan qazının Avropaya nəqli məqsədilə infrastrukturun inkişafı üçün vəsaitin ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib. “Biz birlikdə Avropa Komissiyasına müraciət etdik ki, o, Azərbaycan qazının əlavə həcmdə alınması üçün regionda zəruri infrastrukturun inkişafına maliyyə dəstəyi göstərsin”, - deyə macarıstanlı nazir vurğulayıb. Nazir dəqiqləşdirib ki, söhbət infrastrukturun inkşafı, yeni interkonnektorların tikintisi və mövcud interkonnektorların gücünün artırılmasından gedir.
Ümumiyyətlə, yaxşı bir addımdır. Çünki məsələ təkcə Azərbaycan qazının Avropa sərhədlərinə gəlməsi ilə bitmir, gərək onun potensial alıcıları indidən TAP vasitəsilə bu qazı öz istehlakçılarına necə çatdıracaqları barədə ciddi addımlar atsınlar.
Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-dən etibarən TAP-ın yan qolu olan Yunanıstan-Bolqarıstan birləşdirici kəməri ilə Azərbaycan qazını birbaşa idxal etməyə başlayıb. 2023-cü ilin ilk günlərindən isə Bolqarıstandan keçməklə Azərbaycan qazı Rumıniyaya ixrac edilir. Demək, Avropa Komissiyana edilən müraciətə müsbət cavab verildiyi təqdirdə sonrakı illərdə Azərbaycan qazının ixrac coğrafiyası genişlənərək Macarıstan və Slovakiyaya qədər arta bilər.
TAP-ı tərk edən şirkət. Həftənin sonuncu iş günü isə Trans-Adriatik Boru Kəməri layihəsi iştirakçılarından biri daha qaz nəqli biznesinin onun biznes strategiyasına uyğun olmadığı səbəbindən TAP səhmdarları sırasını tərk etdiyini açıqlayıb.
Yanvarın 27-də İsveçrənin “Axpo” enerji konserni Trans Adriatic Pipeline AG boru kəməri şirkətində (TAP) ona məxsus payın Belçikanın “Fluxys” və İspaniyanın «Enagas SA.” şirkətlərinə satmaq barədə razılığa gəldiyini açıqlayıb.
“Alqı-satqı müqaviləsinə əsasən, “Axpo”nun TAP-dakı 5%-lik pay iştirakından səhmlərin 1%-ni “Fluxys”, - 4%-ni – “Enagas” alacaq. Beləliklə, bu iki şirkətdən hər biri TAP-dakı iştirak payını 20%-dək artıracaq”
“Axpo”nun saytında yer alan məlumatda deyilir ki, sövdələşmənin dəyəri 210 milyon avrodur. Sövdələşmə adi şərtlərlə həyata keçirilir, onun bağlanması 2023-cü ilin ikinci yarısında gözlənilir.
Azərbaycanın neft gəlirləri. Azərbaycan Dövlət Gömrük Komitəsi ötən ilidə xarici ticarətin vəziyyətinə dair statistikanı açıqlayıb. Azərbaycana 2022-ci ildə ən çox qazanc gətirən yenə də əvvəlki illərdə olduğu kimi xam neft olub.
Gömrük bəyannamələrinə əsasən 24,2 milyon ton neft ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 4% azdır. Amma buna baxmayaraq neft gəlirləri 2021-ci ildə əldə edilmiş qazancdan 47,4% çox olub. Bu da dünya bazarlarında qara qızılın qiymətinin yüksək olmasına bağlı olub. Hesabat dövründə Azərbaycan neft ixracından $19 milyard 483,6 milyon dollar dəyərində gəlir əldə edib.
2022-ci ildə neftin payı Azərbaycanın ümumi ixrac strukturunda 51,08% təşkil edib.
Neftimizlə bağlı maraqlı faktlardan biri də odur ki, ötən il 30 ölkə Azərbaycan neftinin alıcısı olub. Azərbaycan neftinin əsas alıcısı isə ənənəvi olaraq İtaliya olub: 2022-ci ildə neft ixracının 34,2%-i bu ölkənin payına düşüb. Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Hindistan da daxil olub. İspaniya, Xorvatiya, Böyük Britaniya, Çexiya, Portuqaliya, Almaniya, İndoneziya və digər ölkələr daimi alıcılar sırasındadır.
Azərbaycanın neft pullarına artan maraq. Azərbaycan Prezidenti İlham Əliyev cümə günü dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan Kanadanın “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edərkən onun Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə əməkdaşlığının genişləndirilməsi planları olduğu üzə çıxıb.
Görüşdə, həmçinin Azərbaycanın yaşıl enerji potensialı və ölkənizin regionda enerji habına çevrilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dünyanın böyük investisiya şirkətlərindən biri sayılan “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və idarə etdiyi vəsaitlərin toplam dəyəri ötən ilin yekunu olaraq 750 milyard ABŞ dolları təşkil edir. Bu baxımdan həmin şirkətin Azərbaycan dövlət başçısı ilə görüşü yaxın və orta perspektiv üçün ölkəmizdə genişmiqyaslı layihələrin ortaya çıxmasına ümidlər yaradır.
“Şahdəniz”də yeni kəşfiyyat quyusu. Həftənin əvvəli isə BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında “SDX-8” yeni kəşfiyyat quyusunun qazılmasına başladığını elan etdi.
Quyu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib. Quyunun ümumi dərinliyinin təxminən 7 min metrə yaxın olacağı nəzərdə tutulur. Kəşfiyyat quyusunun qazılması təxminən bir il çəkəcək. Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun.
Bəs BP 2006-cı ilin sonundan istismarda olan “Şahdəniz” yatağında niyə kəşfiyyat quyusu qazmaq qərarına gəlib? Məsələ burasındadır ki, “Şahdəniz” yatağı böyük bir yataqdır və hazırkı kəşfiyyat işləri onun şərq cinahda istismarda olan məhsuldar layların daha dərin qatlarında təxmin edilən horizontlarda ola biləcək hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradılmasını ortaya çıxartmaqdır.
BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə jurnalistlərə bildirb ki, 2023-cü ildə Şahdənizin işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində hasilatın pik səviyyəsinə çatması proqnoz edilir. Yəni ildə 16 milyard kubmetr.
Qeyd edək ki, 2022-ci ildə “Şahdəniz” yatağından ümumilikdə 25,2 milyard kubmetr qaz (2021-ci ilin göstəricisindən 11,5% çox) və 4,4 milyon ton kondensat (+4,8%) hasil edilib. Bundan əlavə hasil edilmiş qazın 20 milyard 803,7 milyon kubmetri (+ 18,1%) ixraca yönəlib. Yerdə qalan həcmlər isə Azərbaycanın daxili bazarının ehtiyaclarının ödənilməsi üçün sərf edilib.
AÇG-nin dərin qazı. Həftə əvvəli BP və tərəfdaşları Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” blokunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlayıb.
“Bp-Azərbaycan” şirkətinin ictimaiyyət üçün açıqladığı məlumata görə, "A22z" adlanan bu quyu “Çıraq” platformasından qazılır və mövcud "A22" injektor quyusundan yan lülə vasitəsilə AÇG müqavilə sahəsinin cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olmalıdır.
Quyunun ümumi dərinliyinin 4 500 metrədək olacağı planlaşdırılır. Qiymətləndirmə quyusunun qazılması təqribən üç ay çəkməlidir.
Qeyd edək ki, bu quyudan alınacaq məlumatlar Azərbaycanın qaz ixracı planlarına və zamanına kifayət qədər təsir göstərən amil olacaq. Çünki hələ 1994-cü ilin 20 sentyabrında AÇG müqaviləsi imzalanarkən təkmə müqavilə sahəsi göstərilməmişdi, həmçinin şirkətlərin hansı dərinliyədək qazma işləri aparması öz əksini tapmışdı. Belə ki, şirkətlər suyun dibindən başlayaraq yalnız 3500 metr dərinliyə qədər olan məhsuldar horizontlardan neft və səmq qazı çıxara bilərdilər. Bundan aşağı qatlarda isə hələ o zaman aparılan geoloji-seysmik tədqiqatlar nəticəsində təbii qaz laylarının olduğu aşkarlanmışdı.
Həmin təbii ehtiyatları işləmək üçün Azərbaycan hökumətinin razılığı olmalı və əlavə müqavilə imzalanmalıdır. Azərbaycan geoloqları hesab edirlər ki, AÇG-nin dərin qatlarında 100 milyard kubmetrdən çox qaz ehtiyatı var. Amma bütün bunlar yalnız qiymətləndirmə quyusu qazıldıqdan sonra təsdiqini tapa bilər. Ona görə də hazırda qazılan quyu təqribən iyun ayına qədər Azərbaycan üçün qaz ehtiyatları ilə bağlı son dərəcə vacib məlumatları ortaya çıxartmalıdır.
Əgər kommersiya baxımından sərf ediləcək qaz ehtiyatlarının olması təsdiqlənərsə, onda onun istismara verilməsi heç də uzun çəkməyəcək və 2025-2026-cı illərdə artıq Azərbaycan xarici istehlakçılar üçün yeni mənbədən əlavə qaz həcmləri təklif edə bilər.
Qeyd etmək lazımdır ki, Energetika nazirliyinin aşıqladığı məlumatlara əsasən, 2022-ci ildə AÇG-də 20,4 milyon ton neft (azalma 9,3%) və 13,4 milyard kubmetr səmt qazı (2021-ci ildəki səviyyədə) hasil edilib. AÇG-nin işlənməyə başladığı dövrdən (noyabr 1997-ci il) 2023-cü il yanvarın 1-dək blokdan 567 milyon ton neft və 203,4 milyard kubmetr səmt qazı hasil edilib.
Amma çıxarılan səmt qazı həcmlərinin 150 milyard kubmetrdən çoxu neft quyularında lay təzyiqini saxlamaq üçün yenidən quyulara vurulub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:00 / 28.01.2023
2022-ci ildə daha az neft satıb, daha çox pul qazanmışıq - İlham Şabanın TƏHLİLİ
Hazırda oxunan: 2022-ci ildə daha az neft satıb, daha çox pul qazanmışıq - İlham Şabanın TƏHLİLİ
Hazırda oxunan: 2022-ci ildə daha az neft satıb, daha çox pul qazanmışıq - İlham Şabanın TƏHLİLİ
117118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.