Neftin satış qiyməti son 2 ilin ən aşağı səviyyəsinə düşüb. Büdcə və valyuta gəlirlərinin çox böyük hissəsinin neft və neft məhsullarından formalaşdığı Azərbaycan üçün bu heç də ürəkaçan durum deyil.
Üstəlik, milli valyutanın məzənnəsi liberal deyil, inzibati yolla müəyyən edilir. Ona görə də neftin qiymətinin aşağı düşəcəyi təqdirdə Mərkəzi Bankın qarşısında 2 yol qalır.
Birincisi, manatın devalvasiyası.
İkincisi, Mərkəzi Bankın valyuta ehtiyatlarını dövriyyəyə qoşulması.
Məsələ ilə bağlı Millət vəkili, iqtisadçı Vüqar Bayramovun fikirlərini öyrəndik.
MÖVZU İLƏ BAĞLI:
Rusiya LİMİT ALTINDA – “Neftin qiyməti ucuzlaşmağa doğru gedir”
O Bizim.Media-ya açıqlamasında neftin qiyməti ölkəmizə daxil olan valyutaya təsir edən əsas faktor olduğunu bildirdi:
“Azərbaycanda ixracatın 80 faizini neft və neft məhsulları təşkil edir. Belə vəziyyətdə neftin qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyutanın da azalması ilə müşahidə olunur. Amma neftin qiymətinin aşağı düşməsi hələlik təhlükəli həddə deyil. Ona görə də ölkəmizə kifayət qədər valyuta daxil olur”.
Millət vəkili Mərkəzi Bankın ilin sonuna qədər milli valyutanın məzənnəsi ilə bağlı xüsusi bir təhdidin omayacağı fikrinə də münasibət bildirib:
“2023-cü ildə də manatın məzənnəsi daha çox Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Bizim də təklifimiz ondan ibarətdir ki, yaxın bir ildə manatın məzənnəsi ilə bağlı Mərkəzi Bank hesabat təqdim eləsin. Ən azı senarilər təqdim olunsun ki, vətəndaşlarda manatın məzənnəsi ilə bağlı daha uzun müddətə təsəvvür olsun.
Nəzərə alsaq ki, Azərbaycanda üzən məzənnə deyil, fiks idarə olunan valyuta rejimidir. Yəni manatın məzənəsi daha çox Mərkəzi Bankın qərarlarından asılıdır. Hadisələr bu cür inkişaf edərsə yaxşı olar ki, Mərkəzi Bank məzənnə siyasətinin liberallaşması ilə addımlar atsın”.
Surxay Atakişiyev, Bizim.Media