Azərbaycanda bölgələr özləri-özlərini maliyyələşdirə bilərmi? – İqtisadçıdan TƏHLİL

Azərbaycanda bölgələr özləri-özlərini maliyyələşdirə bilərmi? – İqtisadçıdan TƏHLİL

Hazırda oxunan: Azərbaycanda bölgələr özləri-özlərini maliyyələşdirə bilərmi? – İqtisadçıdan TƏHLİL

104257

Rayonların maliyyə baxımından özünü təminatı vacib məqamdır. Bu hal bölgələrdə yaşayan sadə əhali üçün də əhəmiyyətli məsələdir. 

2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub ki, gələn il dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq ki, onlardan altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Layihəyə əsasən, 58 rayon və şəhər gələn il yerli gəlir, eləcə də xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq. Bu rayonlar özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Qeyd edək ki, bu il dövlət büdcəsindən 14 rayon vəsait alır. Gələn il həmin rayonlardan altısı özünü maliyyələşdirmə prinsipi ilə işləməli olacaqlar. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq.

Maraqlıdır, bölgələr özləri-özlərini maliyyələşdirə bilirlərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda 6 bölgədən başqa heç bir rayon özünü maliyyələşdirə bilmir:

“Özünü maliyyələşdirmənin sadəcə parametrlərini dəyişməklə bu göstəricilərə nail olurlar. İndiki halda özünü maliyyələşdirməyən rayonlar əsasən işğal altında olan rayonlardır ki, bu da başadüşüləndir. Digər rayonlar özünü sanki maliyyələşdirir kimi görünür. Amma bütövlükdə götürəndə yerli xərclər milyard manata belə çatmır.

Ötən 5-6 il ərzində əhəmiyyətli səviyyədə qanunvericiliyə dəyişikliklər edilərək, yerli büdcələrlə mərkəzi büdcədən maliyyələşən istiqamətlər arasında xərclərin sürüşdürülməsi həyata keçirilir. Yəni, bir çox xərclər mərkəzləşdirilmiş büdcəyə transfer olunub. Belə olan təqdirdə büdcələrin səviyyəsi aşağı düşüb. Sanki belə görünür ki, bu rayonlar özü-özünü maliyyələşdirir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda özünü maliyyələşdirən bölgə Bakı, Sumqayıt və Şirvan şəhərləridir:

“Xüsusilə də Bakı şəhərində imkanlar daha genişdir. Çünki iqtisadiyyatın 70-80 faizi burada toplandığına görə, yığımlar artıqdır. Gəlirlər yerli xərclərlə müqayisədə 20 dəfədən çox, bəzi yerlərdə daha artıq olur”.

Ekspert onu da əlavə edir ki, əslində Azərbaycanda nə yerli büdcə, nə də özünü maliyyələşdirmə mexanizmi var:

“Bu sistem hələki formalaşmayıb. Nə qədərki özünüidarəetmə olmayacaq, yerli maliyyələşdirmədən danışmağın əhəmiyyəti yoxdur. Bəzən özünü maliyyələşdirən rayonlar deyəndə insanlar sanki belə başa düşür ki, bölgəyə qoyulan bütün investisiya, orada çalışan əməkhaqqı, sosial, səhiyyə, təhsil xərcləri, qurumların əməkhaqqı fondu, hamısı rayon tərəfindən qarşılanır. Amma bu, belə deyil. Müqayisə üçün deyim ki, dövlət büdcəsi 33 milyarddır, yerli büdcələr 1 milyarda çatmır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO