Azərbaycan öz qazını hansı ölkəyə neçəyə satır? - İlham Şabandan qiymətlərin TƏSNİFATI

Azərbaycan öz qazını hansı ölkəyə neçəyə satır? - İlham Şabandan qiymətlərin TƏSNİFATI

Hazırda oxunan: Azərbaycan öz qazını hansı ölkəyə neçəyə satır? - İlham Şabandan qiymətlərin TƏSNİFATI

100795

Artıq payızın yarıdan çoxunu yola salmışıq. Havadan hələ ki, nə biz, nə də Şimal yarımkürəsində giley-güzar edən yoxdur. Çünki ötən ildəki payızdan fərqli olaraq bu il Avropada havalar payızın orta temperaturundan 2 dərəcə daha istidir. Amma ötən ilin oktyabrını çox yaxşı xatırlayıram, artıq ayın əvvəlindən istehlakçılar isitmə dövrünə keçid etmişdilər. Ona görə də enerjinin təbiətlə birbaşa əlaqəsi var.

Qlobal bazar. Həftənin əvvəlindən başlayaraq neftin də, qazın da qiyməti bir xeyli azaldı. Artıq oktyabrın 18-də dekabr ayında bazara çıxarılacaq Brent markalı neft partiyasının minimal qiyməti 89 dollardan aşağı qiymətə ticarət edilirdi. Elə qaz qiymətləri də bir gündə 12,5% ucuzlaşaraq London birjasında 1100 dollardan aşağı həddə düşmüşdü. Amma cümə axşamı artıq vəziyyət dəyişməyə başladı. 

Brent markalı neft 93 dollara qədər bahalaşdı, qaz isə 1300 dollar həddinə çatdı. Elə isə enerji bazarlarındakı bu sınıq xətli hərəkət nə ilə bağlı idi?

Qaz qiymətlərindəki enişə Avropada yeraltı qaz anbarlarına artıq 100 milyard kubmetrədək qaz vurulması və Almaniyanın yeraltı qaz anbarlarındakı ehtiyatları 96%-dək artırması xəbərlərindən qaynaqlanırdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qazı Avropanı böhrandan xilas edə biləcəkmi? – İlham Şabanın ŞƏRHİ


Oktyabrın 20-dən isə istər neftin, istərsə də qazın hərrac qiymətləri artmağa başladı. Bunun əsas baiskarı isə Amerika Birləşmiş Ştatları Energetika nazirliyi yanında Enerji Administrasiyasının həftəlik ehtiyatlarla bağlı açıqlaması idi. Belə ki, ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,7 mln barel azalma nüşayiş etdirdi, həmçinin benzin ehtiyatları da 100 min barel azaldı. Amma bu kimi amillərlə ilin sonunda qiymətlərin hansı həddə olmasını proqnoz etmək yetərli deyil, çünki belə məlumatlar bazardakı cari qiymətləri korrektə etməyə yetərlidir. 

Ümumi baxış isə belədir ki, yaxın iki ildə enerji qiymətlərinin azalma ehtimalı azdır. 

Azərbaycanın neft-qaz gəlirləri. Azərbaycan üçün enerji qiymətlərinin hazırkı səviyyəsində əldə etdiklərini statistika daha yaxşı əks etdirir. 

Dövlət Gömrük Komitəsinin cari ilin 9 ayı üçün açıqladığı məlumatlara görə, Azərbaycanın bəyan edilmiş neft ixracı 19,5 mln ton olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricilərindən 3,8% azdır. Amma neft ixracından əldə edilən gəlirlər 60,1% artaraq 14,9 milyrd dollara qədər artıb. 

Daha maraqlı statistika isə və qazın gətirdiyi qazanclarla bağlıdır. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın bəyan edilmiş qaz ixrac həcmləri 16,5 milyard kubmetrdən çox olub ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 10,9% çoxdur. 

Azərbaycan qazının ixrac dəyəri $12,1 milyard təşkil edib. Və dəyər ifadəsində artım 4,1 dəfə olub. Ölkəmizin ümumi ixracatında təbii qazın xüsusi çəkisi isə 41%-ə çatıb. Bir il əvvəlki göstəricidə bu 20,1% idi. 
İxrac statistikasında diqqətimi çəkən məqam o oldu ki, qazdan gələn gəlirlərlə neft gəlirləri arasındakı fərq getdikcə azalır – hazırda 2,8 milyard dollardır.

Çox keçməz bu gəlirlər bərabərləşəcək və bir beşillik sonra Azərbaycan Avropada qaz satışlarını ikiqat artırmağa başlayandan sonra qaz gəlirləri neft gəlirlərini üstələyəcək. Beləliklə, dəyər ifadəsində Azərbaycanın QAZ dövrü başlayacaq.    

Qazı neçədən satırıq? Cəmiyyətdə daim belə suallar gəzir ki, Azərbaycan öz qazını başqa ölkələrə ucuz satır, yəni daxil bazarla müqayisədə. Statistika isə əksini deyir. 1000 kubmetr qazın orta ixrac qiyməti 9 ayın yekunlarına görə, 731 dollar 15 sent təşkil edib, yəni manatla 1243 manat. Bu 5 ölkədə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyada satdığımız qazın orta qiymətidir. Təbii ki, regionda satılan qazın qiyməti ilə Avropada satılan mavi yanacağın qiyməti fərqlidir. 

Avropa rəsmi mənbələri bu həftə bizim qaza xərclədikləri vəsaiti açıqlayıblar.  Avropa Komissiyanın Avropa qaz bazarında vəziyyətə dair hesabatında bildirilir ki, 2022-ci ilin I yarısında Avropa İttifaqı ölkələrinin Azərbaycandan TAP qaz kəməri ilə nəql olunan mavi yanacağın alınmasına 4,9 milyard avro vəsait xərcləyiblər.
Məlumata əsasən, 2022-ci ilin aprel-may aylarında İtaliya və Yunanıstan üçün Azərbaycan qazının hər MVt/saatına 98,19 avro, Bolqarıstan isə 86,32 avro vəsait ödəyib. Yəni bunun 1000 kubmetr üçün dollarla ifadəsi müvafiq olaraq 1135 və 995 edir.

Qazın alternativ ixrac marşrutu. Oktyabrın 19-da Azərbaycan qazı ilə bağlı maraqlı bir hadisə gündəm oldu. Buxarestdə Azəraycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. 

Bu sənədin mahiyyəti Qara dəniz üzərindən mayeləşdirilmiş təbii qazın daşınması məsələlərininin kommersiya rentabelliyini ortaya çıxartmaqdır. 

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyevin bu il oktyabrın əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub. SOCAR ilə “Romgaz” arasında Anlaşma Memorandumunun imzalanması da bu istiqamətdə aparılan işlərin davamıdır.

Rumıniya KİVləri isə ölkənin baş naziri Nikolae Çukeyə istinadən məlumat yayıblar ki, imzalanmış memorandum SOCAR ilə birgə Qara dəniz sahillərində maye qaz istehsalı üzrə zavodun tikilməsini nəzərdə tutur. Bunun üçün şirkətlər maye qaz hasilatı və onun daşınmasına dair texniki iqtisadi əsaslandırılmış layihəni həyata keçirməlidirlər. Rumıniya tərəfi ümid edir ki, Qara dənizin şərq və qərb sahillərində iki terminalın tikilməsi ilə bu ideyanı reallaşdırmaq və Xəzər dənizi hövzəsindən Avropaya qaz tədarükü dəhlizlərini şaxələndirək olar.

Təbii, qazın nəqli ilə bağlı layihələr nə qədər çox olsa, nə qədər çoxşahəli olarsa, Azərbaycanın bizdən qaz almaq istəyən Avropa şirkətləri ilə danışıqlarda manevr imkanları bir o qədər artmış olar.
Tranzit neft daşımaları. Özü də qaz nəqlinin yeni formada həyata keçirilməsini qeyri-ciddi qəbul etmək olmaz. Çünki bu layihə kommersiya baxımından cəlbedici olarsa, onunla Xəzərin o tayındakı qazı da Avropaya nəql etmək mümkündür.

Vaxtı ilə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Xəzərin o tayından gələn neftin daşınması ideyasına da qəribə yanaşma mövcud idi. Amma çox keçmədi, hansı Xəzəryanı dövlətlər ki, dənizdə neft çıxara bildilər, bu neftin bir hissəsini dünya bazarlarına çıxartmaq üçün məhz BTC-nin imkanlarından ayrarlanmaq qərarına gəldilər. 

Statistikaya mürəcaiət etsək görərik ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tiflis-Ceyhan boru kəməri ilə 21,7 milyon ton neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,8% çoxdur. Azərbaycanda neft hasilatı azaldığı zaman bu artım təbii ki, tranzit nefti hesabına baş verib. Özü də görünməmiş bir artım qeydə alınıb – 42%. 

BTC ilə tranzit neft nəqli (min tonla):

I rüb                   -             1207,1
II rüb                  -             1153,5
III rüb                 -             1219,7

Qeyd edim ki, Azərbaycanın əsas ixrac neft boru kəməri ilə 3 ölkə - Türkmənistan, Qazaxıstan və Rusiya neft daşıyırlar. 

Elektrik enerjisinin dənizdən nəqli. Qeyd edim ki, qazın tankerlə daşınması məsələsi yeni bir ideya olsa da, amma Qara dəniz dibi ilə Gürcüstan və Rumıniya arasında elektrik enerjisinin ötürülməsi layihəsi artıq bir müddətdir gündəmdədir və bu layihə Avropa Komissiyası tərəfindən dəstəyə malikdir. Çünki uzunmüddətli dövrə hesablanmış, dekarbonizasiya məsələlərinə cavab verən bir layihədir və Avropaya “yaşıl enerji” idxalına hesablanıb. 

Azərbaycan isə belə layihəyə ciddi-cəhdlə hazırlaşdığını artıq gizlətmir. Çünki işğal altında olan əraziləri qaytardıqdan, burada aparılan və aparılacaq yenidənqurma işlərinin nəticəsi olaraq elektrik enerjisinin ixracının dəfələrlə artırılması potensialını müəyyənləşdirib.

Energetika Nazirliyinin açıqlamasına görə, Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsi üzrə ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması müzakirə edilir.

Bu layihə "yaşıl enerji" dəhlizinə çevrilməklə, Azərbaycanın ixrac elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. 

Bəs Azərbaycan elektrik enerjisinin artırılması potensialını necə görür? 

Rəsmi statistikya görə, ötən il Azərbaycan 1,67 mlrd. kVt/saat elektrik enerjisi ixrac etmişdisə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin ixracı 775,5 mln. kVt/saat artaraq 1,8 mlrd. kVt·saata çatıb. Energetika nazirliyinin proqnozlarına görə isə, 2023-cü ildə ölkəmizdə elektrik enerjisinin istehsalının 1,4 mlrd kVt/saat artımı gözlənilir.

Bundan əlavə energetika nazirliyi Qarabağ və Şərqi Zəngəzurda 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparır. Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Təbii ki, daha böyük gücə malik layihələr də mövcuddur.
Elə isə bunlardan niyə yararlanmayaq, dünyanın iri bazarları ilə ticari əlaqələrimizi şaxələndirərək daha yüksək səviyyəyə çatdırmayaq. Necə deyərlər mavi yanacaqdan əlavə adı yaşıl olan enerjinin də həm istisindən, həm də qazancından faydalanaq. 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO