Azərbaycan Premyer Liqası: \

Azərbaycan Premyer Liqası: \"Keşlə\" öz meydanında məğlub oldu

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: \"Keşlə\" öz meydanında məğlub oldu

63466

Martın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Keşlə" klubu "Sabah"ı qəbul edib.

"ASK Arena"dakı görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Zurab Oçiqava vurub.

Matçın ikinci hissəsi qonaq komandanın qapıçısı Səlahət Ağayevin formasındakı qüsura görə gec başlayıb.

Oyunun baş hakimi Vüqar Həsənli fasilədən sonra meydana çıxmağa hazırlaşan 31 yaşlı qolkiperi paltardəyişmə otağına göndərib. Bu üzdən oyun təqribən 10 dəqiqə gec start götürüb.

Qarşılaşmanın 49-cu dəqiqəsində "Keşlə"nin hücumçusu Natan Oduva zədələnərək meydanı tərk edib. Onu Amil Yunanov əvəzləyib.

Matçın 57-ci dəqiqəsində isə "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov ciddi zədə alıb. Top uğrunda mübarizə zamanı rəqib futbolçu Sadio Tounkaranın ayağı 27 yaşlı oyunçunun üzünə dəyib.

Camalov ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti ilə meydanı tərk edib. Onun yerinə isə Kamran Quliyev meydana daxil olub.

Qarşılaşmanın 62-ci dəqiqəsində insident baş verib. Səlahət Ağayev komanda yoldaşı Boyan Letiçin ayaqla ötürdüyü topu əlinə götürüb. Bu səbəbdən oyunun baş hakimi Vüqar Həsənli cərimə zərbəsi təyin edib.

Qərardan narazı qalan "Sabah"ın məşqçilər heyəti referiyə sərt etiraz edib. Qapıçılar üzrə məşqçi Vitali Kovalyov hakimlər briqadasına "korsunuz" dediyi üçün ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulub. Baş məşqçi Murad Musayev isə sarı kart ilə cəzalandırılıb.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Sabah" 5-ci pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Keşlə" isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Sumqayıt"a 1:0, "Neftçi" isə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO