Azərbaycanın 2 güləşçisi beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın 2 güləşçisi beynəlxalq turnirin finalına vəsiqə qazandı

Hazırda oxunan: Azərbaycanın 2 güləşçisi beynəlxalq turnirin finalına vəsiqə qazandı

0:00
0:00
60994

Bolqarıstanın Veliko Tırnova şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov beynəlxalq turniri sona yaxınlaşır.

Bizim.Media xəbər verir ki, ənənəvi yarışın beşinci günündə son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Güləşçimiz Orxan Abasov (86 kq) səkkizdəbir finalda gürcüstanlı Sandro Aminaşviliylə qarşılaşıb.

Son saniyələrdə hakimlərin mübahisəli qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak edəcək.

Təmsilçimiz Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində gürcüstanlı Qoqa Mamiauriyə qalib gəlib - 7:1. Yığmamızın üzvü səkkizdəbir finalda əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0.

Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan A.Abakarov yarımfinala yüksəlib. Güləşçimiz hindistanlı Sanjet Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan İslam İlyasov (97 kq) belaruslu Aleksandr Xuştinə uduzub – 1:4.

Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk mərhələdə gürcüstanlı İuza Tsertsvadzeyə heç bir şans tanımayıb - 11:2. Təmsilçimiz daha sonra belaruslu Vasili Pavluçenkaya tam üstünlüklə qalib gəlib - 15:4.

M.Məhəmmədov yarımfinalda Xuştini “tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb.

Güləşçimiz Rahid Həmidli (125 kq) startda bolqarıstanlı İslam Adizovdan güclü olub - 6:3. Həmyerlimiz dörddəbir finalda Bolqarıstanın digər təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib - 13:0.

Təmsilçimiz yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və rəqibinə 0:5 hesabı ilə uduzaraq ümidini bürünc medala bağlayıb.

Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər fevralın 20-də keçiriləcək. Təsəlliverici qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Bundan 1 saat sonra isə medallar uğrunda mübarizəyə start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO