Azərbaycan cüdoçuları növbəti yarışda da ölkəmizi layiqincə təmsil etdilər. Bu dəfə idmançılarımız Fransanın paytaxtı Parisdə keçirilən nüfuzlu Böyük Dəbilqə turnirində uğurlu çıxışla yadda qaldılar. Beynəlxalq Cüdo Federasiyasının təqviminə uyğun olaraq, fevralın 7-8-də baş tutan yarış cüdo dünyasında "kiçik dünya çempionatı" kimi dəyərləndirilir. Azərbaycan yığması bu mötəbər turnirdə ciddi nəticələr əldə edərək yalnız cüdonun vətəni Yaponiya idmançılarından geri qaldı.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Parisə səkkiz cüdoçu ilə
İki gün davam edən Paris Böyük Dəbilqəsində ümumilikdə 82 ölkədən 526 idmançı qüvvəsini sınadı. Azərbaycan komandası bu yarışda geniş heyətlə təmsil olunmasa da, turnirə kifayət qədər iddialı idmançılarla qatıldı. Yığmamız kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin dəstəyi ilə beş çəki dərəcəsində səkkiz cüdoçu ilə mübarizə apardı.
Paris Böyük Dəbilqəsində Azərbaycan yığmasının heyətində Balabəy Ağayev (-60 kq), Nazir Talıbov (-66 kq), Ruslan Paşayev (-66 kq), Zelim Tçkayev (-81 kq), Vüsal Qələndərzadə (-81 kq), Əjdər Bağırov (-100 kq), Uşanqi Kokauri (+100 kq) və Kənan Nəsibov (+100 kq) ölkəmizi təmsil etdilər. Maraqlıdır ki, dünya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev, eləcə də yığmanın digər aparıcı üzvlərindən Elcan Hacıyev bu turnirdə iştirak etmədi. Buna baxmayaraq, Paris Böyük Dəbilqəsinin ümumi səviyyəsi yüksək qiymətləndirildi.
Bir dəst medal
Nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçuları inamlı çıxışları ilə diqqət çəkərək bir qızıl və bir bürünc medal qazandılar. Paris tatamisində qeydə alınan bu nəticələr yığmamızın turnirə nə qədər ciddi hazırlaşdığını bir daha göstərdi.
Bu nəticələr xüsusilə ona görə önəmlidir ki, cüdo dünyasının flaqman yarışı hesab edilən dünya çempionatı bu il Bakıda keçiriləcək. Paytaxtımız 4-11 oktyabr tarixlərində dünyanın ən güclü cüdoçularını bir araya gətirəcək. Təbii ki, Azərbaycan idmançılarının əsas məqsədlərindən biri doğma azarkeşlər önündə uğurlu nəticələr əldə etməkdir. Paris tatamisində qazanılan təcrübə isə Bakıya aparan yolun mühüm mərhələsi kimi qiymətləndirilməlidir.
Doğma publika qarşısında keçiriləcək mundial ərəfəsində Azərbaycan cüdoçuları üçün hər turnir əhəmiyyətlidir. İdmançılarımızın belə turnirlərdə göstərdiyi çıxışlar gələcəyə böyük ümidlə baxmağa əsas verir. Qarşıda hələ kifayət qədər vaxt var. Ancaq artıq indidən aydındır ki, yığma üzvlərinin əksəriyyəti dünya çempionatında uğurlu çıxış üçün planlı şəkildə hazırlaşır. Ona qədər isə əsas hədəf bütün beynəlxalq turnirlərdə stabil nəticələr qazanmaqdır.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:19 / 15.02.2026
Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə
Hazırda oxunan: Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə
Hazırda oxunan: Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə
596418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































