Bakıda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) fəaliyyətinin 15 illiyi ilə bağlı diplomatik qəbul keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanda təmsil olunan səfirliklərin nümayəndələri, gənclər və idman naziri Fərid Qayıbov, digər nazirlik və qurumların təmsilçiləri, QHT nümayəndələri, eləcə də millət vəkilləri iştirak ediblər.
Toplantıda İƏGF Avrasiya Regional Mərkəzinin 15 illik fəaliyyəti dövründə İƏT məkanında gəncliyin inkişafına və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov çıxış edərək İƏT-in ilk gənclər platformu olan İƏGF-nun 2004-cü ildə Azərbaycan hökumətinin və şəxsən prezident İlham Əliyevin dəstəyi ilə Bakıda təsis olunduğu, Avrasiya Regional Mərkəzinin də Azərbaycan hökumətinin dəstəyilə Bakıda yaradıldığını qeyd edib.
Gənclər və idman naziri Fərid Qayıbov, eləcə də bütün diplomatik korpus adından Mərakeş krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammed Adil Embarç təbrik nitqi ilə çıxış edərək, Avrasiya Regional Mərkəzinin 15 il ərzində qloballaşan dünyada artan risk, təhlükə və çağırışların fonunda İƏT ölkələri gəncliyinin inkişafına və şəbəkələşməsinə, onların liderlik bacarıqlarının artırılması işinə verdikləri töhfələrdən bəhs ediblər.
Tədbir çərçivəsində bu il dekabr ayının 6-da Bakıda keçirilmiş İƏT Xarici İşlər nazirlərinin simulyasiyasında xüsusi bacarıqları və fəallıqları ilə fərqlənmiş 9 gənc iştirakçı fərqlənmə sertifikatı və mükafatlarla təltif olunublar.
Tədbir İƏT ölkələrini təmsil edən mədəniyyət proqramı ilə davam edib.























Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media





























































































