“Qarabağ” klubunun dünən UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandasının üzərində qazandığı qələbə azarkeşlərində ruh yüksəkliyi yaradıb. Bu həm də komandanın qrupdan çıxmaq şansını da artırıb.
Növbəti 2 oyununu səfərdə keçirəcək “Qarabağ”ın şansları necə dəyərləndirilir və ekspertlər komandanın zəif və güclü tərəflərini hansı məqamda müşahidə edirlər?
Ekspertlərin fikrincə...
“Qol.az”ın baş redaktoru Aydın Bağırov Bizim.Media-ya açıqlamasında artıq “Qarabağ”ın qrupda ilk 2 yerdən birini tutması şübhə doğurmadığını bildirir:
“Konfrans Liqasının qaydalarına görə, qrup birincisi birbaşa 8/1 finala vəsiqə qazanır. Ona görə qrupun ilki olmaq daha vacibdir. İkinci yerə çıxan komanda isə 8/1 finalda oynamaq üçün Avropa Liqasının qrup 3-cüsü olan ən yaxşı 8 komandadan biri ilə “play-off” qarşılaşmasında iştirak edir. Bu gün “Qarabağ”ın qrup birincisi olmaq şansı daha çoxdur. Çünki komanda tarixinin ən gözəl mərhələsinə qədəm qoyub. Qurban Qurbanovun başçılığı ilə həm oyun, həm də nəticə baxımından komandanın uğurlarını görə bilirik”.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ” 6,8 milyon manat qazandı - FOTO
Əməkdar jurnalist həmçinin qeyd edib ki, dünənki oyunda “Kayrat” çox qapalı, müdafiənin üzərində olan bir oyun sərgilədi. Bu isə yaradıcı oyun stilinə üstünlük verən “Qarabağ”a birinci hissədə bir az çətinlik yaratdı.
“Ancaq 2-ci hissədə “Qarabağ” “Kayrata” güclü təzyiqlər etməyə başladı və bunun sayəsində rəqib səhvlərə yol verməyə məcbur oldu. Bununla da Qurban Qurbanovun yetirmələri qələbə qazanmağı bacardı”.
A.Bağırov deyib ki, bu günə qədər komandada narahatlıq doğuran məqam hücumla bağlı olub. Onun sözlərinə görə, hazırda oyunçular yavaş-yavaş öz formalarına geri dönməyə başlayıblar.
“Sevindirici haldır ki, İbrahima Vadji özü yavaş-yavaş formaya düşməyə, Ramil Şeydayev qol vurmağa başlayıb. Bu müsbət bir faktdır. Deyərdim ki, komandanın həm müdafiə, həm də yarımmüdafiə xəttində problemlər yoxdur. Hələlik çatışmayan cəhət hücümla bağlıdır. Bunlarda zaman-zaman qaydasına düşəcək”.
Əməkdar jurnalist qrup birincisi olmaq üçün əsas məsələnin təkcə qələbə olmadığını, mümkün qədər çox qol vurub, az qol buraxmağın da önəmli faktor olduğunu vurğulayıb.
“Bu yekun nəticəyə təsir göstərəcək. Eyni zamanda burada sarı və qırmızı vərəqələr də nəzərə alınmalıdır. İndiki halda biz görürük ki, hər iki komanda eyni xal toplasa da qrup birincisi “Bazel”dir. Baxmayaraq ki, komandalar ikisi də eyni sayda qol vurublar, ancaq düşünürəm ki, bu sarı vərəqələrlə bağlıdır. Rəqibin sarı vərəqəsi azdır deyə birinci yerə yüksəlib. Düzdür, bu texniki vəziyyətdir. Ancaq belə nüanslar yekun nəticələrə təsir edir. Ancaq düşünürəm ki, qrup birinciliyi sonuncu turda “Bazel”nən “Qarabağ”ın səfər oyunundan sonra bəlli olacaq.
Sonda o, qeyd edib ki, əsas komandanın digər oyunlara itkisiz çıxmağı önəmlidir:
“Çünki bundan əvvəlki yarışlarda da, elə bu Konfrans Liqasında da gördük ki, komandanın ən vacib oyunçuları kritik oyundan, turnirlərdən əvvəl ciddi və uzun müddətli zədələr alıblar”.
Futbol meneceri Səbuhi Səfiyarlı isə deyir ki, ümumiyyətlə püşkatmadan əvvəl biz “Qarabağ”ın qrupdan çıxmaq şanslarını analiz edəndə hardasa ehtimal verirdik ki, komandamız bu rəqiblərin içində əsasən “Kayrat” və “Omoniya” ilə oyunları həlledici olacaq:
“Çox sevincdirici haldır ki, “Qarabağ” “Omoniya”nı səfərdə və “Kayratı” da evdə məğlub etdi. Hər iki oyun həlledici idi”.
S.Səfiyarlı bildirib ki, “Qarabağ” dönüş yaratmaq üçün oyunu həlledici edə bildi. “Kayrat”ın qrupdan çıxmaq şanslarını minimuma endirmək baxımından da onları məğlub etmək vacib idi. Bu da iki həftə sonra keçiriləcək oyunda “Kayrat”ın motivasiyasının daha az olmasına səbəb olacaq”.
Lakin Aydın Bağırov kimi Səbuhi Səfiyarlı da “Qarabağ”ın qrup birincisi olmasına ümid edir. Belə təqdirdə klub birbaşa 8/1 finala vəsiqə qazanacaq.
“Komanda sadəcə bu tempi sona qədər qorumalıdır. Qalan iki oyunda xal itirmə ehtimalını minimuma endirməlidir. Komandanın başqa hazırlıq işləri normal qaydada gedir, Qurban Qurbanov bu detalları çox düzgün həyata keçirə bilir. Ona görə də “Qarabağ” həm fiziki cəhətdən, həm də taktiki cəhətdən güclü təsir bağışlayır”.
Vüsalə Balayeva, Bizim.Media