Keçmiş FİFA referisi Babək Quliyev keçirdiyi mətbuat konfransında əksər idman jurnalistlərini PFL prezidenti Ramin Musayevdən rüşvət alaraq susmaqda ittiham edib.
"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli Moderator.az-a açıqlamasında B.Quliyevin iddialarını gülməli ittiham adlandırıb: "Nəinki B.Quliyev, Ramin Musayev, Rövnəq Abdullayev, bu ölkədə şəxsən bizim qəzeti satın alacaq qüvvə yoxdur. Babək Quliyev bunu yuxuda görə bilər. "Futbol+" satılmayan dəyərlər sırasındadır"."Son dövrlər futbol təssərrüfatına tənqidlər azalıb. İdman jurnalitkasının siyasiləşdiyini düşünənlər də var. Bəlkə buna görə keçmiş FİFA referisi futbol yazarlarını loyallıqda günahlandırır?" sualına cavabında M.Rüstəmli bildirib: "Məncə bu səthi yanaşmadır. Bu cür düşünənlər idman nəşrlərini izləmirlər. Götürün bizim qəzetin istənilən sayını oxuyun. Görün həm AFFA-ya, həm PFL-ə qarşı bu qədər kəskin və radikal tənqdlə kim çıxış edir".
"Düzdür, ictimai-siyasi sahədə olduğu kimi idman mətbuatında da reket jurnalistlər ola bilər. Başqalarını da belələrinin sırasına qatıb ittiham etmək düzgün deyil. İllərlə təcrübəsi olan və oturuşmuş "Futbol+"-un kimdənsə, hansısa futbol rəhbərindən və ya hakimdən qorxması mümkün deyil" - deyə baş redaktor əlavə edib.






























































































