Bu yaxınlarda dünyanın bir nömrəli qaydasız döyüş liqası sayılan UFC-nin bəzi döyüşlərinin Azərbaycanda keçiriləcəyi ilə bağlı xəbər yayıldı. Hətta liqa rəhbərliyinin bununla bağlı ölkəmizdə müəyyən strukturlarla danışıq apardığı da vurğulanırdı. Amma danışıqların konkret hansı təşkilatla aparıldığı barədə məlumat verilmirdi.
Bəs görəsən UFC kimi nüfuzlu yarışın Bakıda təşkil olunması nə dərəcədə realdır?
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevlə əlaqə saxladıq. Nazirlik rəsmisi Bizim.Media-ya açıqlamasında onlarda qaydasız döyüş üzrə hər hansı bir turnirin keçirilməsi barədə məlumatın olmadığını bildirib:
“Bizdə belə bir məlumat yoxdur. Biz rəsmi olaraq heç kimlə danışıq aparmamışıq və bu barədə rəsmi heç bir xəbər paylaşmamışıq”.
Maraqlıdır ki, Azərbaycan Pankration və MMA federasiyasının prezidenti Azad Əsgərov da UFC turniri ilə bağlı heç bir danışıq aparmadığını qeyd edib:
“UFC kimi nüfuzlu bir yarışın Azərbaycanda keçirilməsi ehtimalı, əlbəttə ki, yaxşı haldır. Ancaq elə belə sıradan bir turnir deyil ki, dərhal bir yer tapıb keçirəsən. Söhbət dünyanın ən nüfuzlu və marketinq cəhətdən bahalı yarışından gedir. Bunun üçün ən azı Gənclər və İdman Nazirliyi ilə danışıq aparılmalı və federasiya olaraq bizə də məlumat verilməlidir. Sözün düzü, mən belə yarışın hazırda ölkəmizdə keçirilməsi ehtimalına inanmıram. Əgər olsaydı, ən azı bizim məlumatımız olardı”.
Maraqlıdır ki, UFC-nin Azərbaycanda turnirinin keçirilməsi məsələsi məşhur məsələ bənzəyir. Yəni “qız evində toydur, oğlan evinin xəbəri yoxdur”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
08:30 / 03.04.2025
UFC döyüşlərinin Azərbaycanda keçiriləcəyi iddialarına RƏSMİ CAVAB
Hazırda oxunan: UFC döyüşlərinin Azərbaycanda keçiriləcəyi iddialarına RƏSMİ CAVAB
Hazırda oxunan: UFC döyüşlərinin Azərbaycanda keçiriləcəyi iddialarına RƏSMİ CAVAB
242081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.