Ukraynanın futbol üzrə milli komandasının baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib. Pükün nəticəsinə əsasən, Ukrayna D qrupunda Fransa - Xorvatiya cütünün qalibi, İslandiya və Azərbaycan komandası ilə yarışacaq.
Bizim.Media xəbər verir ki, Ukrayna Futbol Federasiyasının saytına danışan 50 yaşlı mütəxəssis deyib:
“Bütün rəqiblərimiz çətindir. Düşünürəm ki, onların hər biri ilə oynaya bilərik. Bəli, birinci səbətdən bizə Fransa və ya Xorvatiya düşəcək. Məncə, fransızlar favoritdir, amma görəcəyik.
Hazırlaşıb mübarizə aparacağıq. Fransızların reytinqi daha yüksəkdir, amma Xorvatiyanın oyunlarına baxmışam və başa düşürəm ki, o da çox ciddi komandadır. Təsnifat mərhələsi başlamazdan əvvəl ayrılmış vaxtdan yararlanmalı və hər bir rəqibə yaxşı hazırlaşmalıyıq.
İslandiyada oynamaq çox çətin olacaq, çünki bu komanda evdə güclü çıxış edir. Son vaxtlar islandiyalılar xeyli təkmilləşiblər. Onların bir çox oyunçusu yüksək səviyyəli çempionatlarda oynayır”.
Rebrov bildirib ki, o, Ukrayna millisində oynadığı vaxtlar Azərbaycan millisi ilə qarşılaşmayıblar: “Amma onların bir çox oyununu izləmişik”.
Rebrov bildirib ki, iyun ayında iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırlar: “Amma indi danışıqlar gedir, ona görə də bu görüşlərlə bağlı konkret heç nə deyə bilmərik. Sadəcə qeyd edim ki, 2026-cı il dünya çempionatına hazırlaşmağa kömək edəcək rəqibləri seçəcəyik”.
Ukraynada müharibə səbəbindən milli komanda rəqiblərini başqa ölkələrdə qəbul edir.
Bəs, Ukrayna Azərbaycan millisi ilə matç da daxil olmaqla ev oyunlarını harada keçirəcək?
Bu haqda danışan Rebrov bildirib: “İndi qrupdakı rəqiblərimizi harada qəbul edəcəyimizi dəqiq bilmirik. Hazırda Millətlər Liqasında Belçika ilə ev matçını dəqiq harada keçirəcəyimiz belə müəyyən olunmayıb. Danışıqlar davam edir”.
Bizim.Media