"Çox gərgin oyun oldu. Gözlədiyimizdən də gərgin bir matç keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Şükürlər olsun. Məni sevindirən odur ki, futbolçularımız gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsniat mərhələsində "Osiyek"i penaltilər seriyasında məğlub edərək (ilk oyun - 1:1, cavab oyunu - 2:2, penaltilər seriyası - 2:1) pley-offa adlamaqlarından sonra deyib.
Mütəxəssis penaltilər seriyasında komandasını 4 qoldan xilas edən qapıçı Tiaqo Silvanın ustalıq nümayiş etdirdiyini deyib:
"Penaltilər seriyasından öncə onu tənqid etmişdim. "Şerif"lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid etdim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim "Şerif"lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi. Bunun öhdəsindən gəldi".
O, KL-in pley-off matçına görə Misli Premyer Liqasındakı oyunlarını təxirə salıb-salmayacaqlarına qərar vermək üçün iclas keçirəcəklərini söyləyib:
"90 dəqiqə oynasaydıq, qəti şəkildə təxirə salmayacaqdıq. 120 dəqiqə olub, həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik".
Mütəxəssis "Rəqib baş məşqçi demişdi ki, "Zirə" bizə bir qol vura bilməz..." fikrinə münasibət bildirib:
"Əslində, çox bəyənirdim onu. Meydanın kənarındakı rəftarını, taktikasını, həmçinin oyununu. Bakıdakı açıqlamasında da bildirdi ki, fikri başqa cür anlaşılıb. Bu da normaldır".
R.Sadıqov əlavə dəqiqələrdə futbolçulardan nizam-intizamlı oynamaqlarını və mütləq qol vurmaqlarını istəyib:
"Heç nəyi dəyişmək istəmirdim. Hücumameyilli oyunçularımız çox idi. İntizamlı olub, mütləq şəkildə qol vurmalıydıq. Rəqibin qapıçısı penaltilərdə çox yaxşı çıxış edirdi. Müdafiəçiləri də yaxşı həmlələr edirdilər".
Baş məşqçi pley-offdakı rəqibləri "Omoniya" haqqında danışıb:
"Hamı istəyər qrupa düşsün. Rəqibimiz "Omoniya"dır. Onlar haqda heç bir məlumatım yoxdur. "Fehervar"la oyunlarda daha üstün olublar. "Fehervar" da bizə tanış rəqibdir. Onları udublarsa, bu, "Omoniya"nın gücün göstərir. Seçim olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan "Omoniya" haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək".
R.Sadıqov hakimin qərarlarından razı qaldığını vurğulayıb:
"Oyunu yaxşı idarə edirdi. Sadəcə ikinci qolda cərimə zərbəsi var idi ya yox bilmədim. İnamlı şəkildə sarı vərəqə də verdi. Sanki cərimə zərbəsi yox idi. Ümumilikdə qərarları doğru idi".
O, futbolçuların penaltini yerinə yetirərkən çətinlik çəkməsi haqda danışıb:
"Futbolçularımızın çoxu ilk dəfədir ki, üçüncü mərhələdə oynayır. Penaltiləri vurmaq mental hazırlıqla bağlıdır. Üç yerli futbolçumuz vurmadı, amma ən azından təcrübə qazandılar. Hər iki qapıçı usta şəkildə çıxış etdi. Həm də yorğunluq var idi. Bir az biz xarakter göstərdik.Sanki istəmirdik oyun penaltilərə getsin.Hamımızda travma var idi ki, penaltilərdə uduzmuşuq və Azərbaycan klubları uduzur penaltilərdə. Onların da qapıçısı yaxşı çıxış etdi, bizimki də. Bu üç mərhələdə yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu".
Ötən mövsüm az qol vurduğuna və oyununa görə tənqid olunan "Zirə" cari mövsümdə uğurlu çıxış edir. Mütəxəssis isə bu haqda deyib:
"Bu barədə çox danışmaq istəmirəm. Özüm üçün doğru hesab etmirəm. Çox şeyi dəyişməmişik. Eyni məşqlərdir, metodikadır. Bu gün də bəhrəsini görürük. Keçən il də komandamın oyunundan razı qalırdım. Şükür Allaha ki, bu gün qələbələri qazanırıq. Çox detallara varmaq istəmirəm".
R.Sadıqov "Penaltilər seriyasında sanki ehtiyat skamyaya bildirdiz ki, sakitləşinlər və hələ gözləmək lazımdır..." sözlərini cavabsız qoymayıb:
"Bu dəfə daha rahat idim. Hər zaman çılğın sevinmənin tərəfdarı olmamışam. Bitdikdən sonra nə qədər istəyirlər sevinsinlər. Həmin an aşırı şəkildə sevindilər, sevmirəm bunları. Dedim gözləyin, dua edin. Qələbə bizim olsun, sonra sevinək".
Bizim.Media
- A-
- A
- A+
İdman
00:49 / 16.08.2024
Rəşad Sadıqovdan qələbə ŞƏRHİ: “Futbolçularımız gərginliyə dözdülər”
Hazırda oxunan: Rəşad Sadıqovdan qələbə ŞƏRHİ: “Futbolçularımız gərginliyə dözdülər”
Hazırda oxunan: Rəşad Sadıqovdan qələbə ŞƏRHİ: “Futbolçularımız gərginliyə dözdülər”
206883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.