“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasında Xorvatiyanın “Osiyek” klubunun heyətindəki erməni futbolçu Styopa Mkrtçyanın Bakıda meydana çıxacağı halda hansısa gərginlik yaranması təhlükəsi ilə bağlı jurnalistin sualını cavablandırıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, mütəxəssis hansısa gərginliyi istəmədiyini deyib.
"Əvvəllər rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. O (erməni nəzərdə tutur) komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik".
Qeyd edək ki, "Osiyek"in baş məşqçisi Federiko Koppitelli kadr problemi olduğu üçün erməni müdafiəçinin xidmətindən Bakıda da istifadə etmək niyyətində olduğunu bildirib.
Ermənistan millisinin üzvünün özü də "Osiyek"ə kömək etmək üçün Bakıdakı cavab görüşündə oynamağı planlaşdırır.
21 yaşlı mərkəz müdafiəçisi "Ararat-Armeniya", BKMA klublarında oynadıqdan sonra 2023-cü ildə "Osiyek"ə keçib. O, Ermənistan millisində 18 matça çıxıb.
Xatırladaq ki, “Zirə” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Osiyek” klubu ilə səfərdə heç-heçə edib (1:1). Cavab görüşü isə Bakıda, "Dalğa Arena"da avqustun 15-də baş tutacaq.
Bizim.Media