“Kəpəz”də şok hadisə: İlqar Nadiri yerini kimə verir? – ÖZƏL  

“Kəpəz”də şok hadisə: İlqar Nadiri yerini kimə verir? – ÖZƏL  

Hazırda oxunan: “Kəpəz”də şok hadisə: İlqar Nadiri yerini kimə verir? – ÖZƏL  

158373

“Kəpəz”də sular durulmur ki, durulmur. Ardıcıl uğursuz nəticələrdən sonra sonuncu pilləyə yuvarlanan komandanın daxilində də vəziyyət gərgindir. Uğursuzluğun başlıca səbəbini azarkeşlər və şəhər futbol ictimaiyyətinin tanınmış simaları komandanın faktiki rəhbəri olan icraçı direktor İlqar Nadiridə görür. Elə “Qəbələ” ilə oyunun sonunda fanatların istefaya səslədiyi şəxs də məhz Nadiri olub.  

Bizim Media-nın əldə etdiyi özəl xəbərə görə, son proseslər rəhbərliyi əməlli-başlı çalxalayıb.

Belə ki, bu gün klubdaxili iclas keçirilib. İclasda İlqar Nadiri yaxın günlərdə vəzifəsindən gedəcəyini, əvəzində isə bu posta akademiyanın meneceri kimi çalışsa da, faktiki olaraq bura rəhbərlik edən Cabir İbrahimovu gətirəcəyini bildirib.
Əslində isə “Kəpəz”də bu dəyişikliklə ciddi nələrin də dəyişəcəyi gözlənilmir. Çox güman ki, Gəncə futboluna nəzarət edən AFFA-nın keçmiş icraçı vitse-prezidenti Elxan Məmmədov hadisələrin bir az səngiməsi üçün bu addımı atır. Çünki bu mövsümkü bərbad çıxışdan sonra İlqar Nadirinin imici yerlə bir olub. Ona görə də, narazı azarkeşləri razı salmaq üçün Nadiri sənəddə istefaya göndərilir.  

Faktiki olaraq isə o, klubda başqa bir vəzifəyə keçərək komandanı özü bildiyi kimi idarə edəcək.

Bu arada onu da bildirək ki, Nadirinin yerinə keçəcəyi gözlənilən Cabir İbrahimov futbol adamı deyil. Vaxtilə “Kəpəz”də Mikayıl Narəmanoğlunun işlədiyi vaxtlarda klubdakı maliyyə pozuntuları haqqında ictimaiyyətə məlumat sızdıran biridir.  

Belə görünür ki, vaxtilə Elxan Məmmədovun özünün qanunsuzluqlarını ortaya çıxaran şəxs indi özü birbaşa olmasa da, ötəri yollarla AFFA-nın keçmiş baş katibinə işləyəcək.  

Yeri gəlmişkən “Kəpəz”lə bağlı bir neçə gün öncə daha bir maraqlı məlumat əldə etmişdik. Sən demə, klubda İlqar Nadirinin yaxın çevrəsindən başqa idarəçilikdə təmsil olunan digər şəxslər, həmçinin idman direktoru Mehman Allahverdiyevlə də müqavilə bağlanmayıb. Bunu bir çoxları guya yeni sponsorun gəlmək ehtimalı ilə əlaqələndirir. Amma görünən odur ki, hələ ki, nə ortada sponsor var, nə də “Kəpəz”in vəziyyəti düzəlir.  
Kefinə soğan doğranan və Gəncə futbolunun acınacaqlı durumuna biganə qalmayan isə yalnız sıravi azarkeşlərdir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO