Neymar qrup mərhələsinin sonuna qədər oynaya bilməyəcək – BUGÜNKÜ MATÇLAR

Neymar qrup mərhələsinin sonuna qədər oynaya bilməyəcək – BUGÜNKÜ MATÇLAR

Hazırda oxunan: Neymar qrup mərhələsinin sonuna qədər oynaya bilməyəcək – BUGÜNKÜ MATÇLAR

106628

Bu gün dünya çempionatında 2-ci tura yekun vurulur. Son olaraq G və H qruplarında oyunlar keçiriləcək. Günün ən maraqlı oyunu kimi Portuqaliya və Uruqvay matçını göstərmək olar. Çünki bu komandalar 4 il əvvəl Rusiyadakı mundialda play-off mərhələsində qarşılaşmış və Uruqvay növbəti mərhələyə adlamışdı. 

Bizim.Media xəbər verir ki, indi Kriştiano Ronaldo və onun komanda yoldaşları revanş arzusundadır. Onlar ilk turda əzmkar oyunla Qananı 3-2 hesabı ilə məğlub ediblər. Uruqvay millisi isə əksinə cənubi koreyalılarla oyunda potensialından çox zəif çıxış etdi və qolsuz heç-heçə ilə kifayətləndi. 

Bütün bu amilləri nəzərə alaraq görüş öncəsi Portuqaliya futbolçularının qələbə şansı daha yüksək qiymətləndirilir. Bu görüş Bakı vaxtı ilə saat 23-də başlayacaq. 

Yeri gəlmişkən, Portuqaliya qələbə qazanarsa, növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaq. 

H qrupunun digər görüşündə Cənubi Koreya millisi Qana ilə görüşəcək. Asiya təmsilçisi Uruqvayla heç-heçə edəndən sonra bu komandanın “asan tikə” olmayacağı aydınlaşdı. Ona görə də, bu gün Qana yığmasını çətin oyun gözləyir. Düzdür, onlar da Portuqaliya millisinə yaxşı müqavimət göstərdilər. Fiziki cəhətdən yaxşı formada olan afrika təmsilçisinin əsas üstünlüyü komanda oyunudur. 

Cənubi Koreya yığması ən çox millinin lideri Son Hun Minin fərdi keyfiyyətlərinə ümid edir. Qələbə hər iki komandaya play-off üçün yaxşı ümid verəcək. 

Əlavə edək ki, oyun Bakı vaxtı ilə saat 17-də başlayacaq. G qrupunda mübarizə aparan çempionatın əsas favoriti Braziliya yığması ikinci turda İsveçrəni sınağa çəkəcək. Ancaq “sambaçılar”ın heyətində ciddi itki var. Serbiya ilə oyunda zədələnən Neymarın dabanı şişib və o, qrup mərhələsinin sonuna qədər oynaya bilməyəcək. Danilonun da oyunda iştirak etməyəcəyi dəqiqləşib. Ancaq baş məşqçi Titenin əlində o qədər usta futbolçu var ki,  o, bu boşluqları doldurmaq üçün ciddi çətinlik çəkməyəcək. 

Braziliya kimi ilk oyunda qələbə qazanmış İsveçrə millisində heyətlə bağlı problem yoxdur. Üstəlik, onlar 2018-ci il dünya çempionatında da “pentakempeonlar”la eyni qrupda yer almış və məğlub olmamışdılar. Ona görə də Murat Yakının yetirmələrinin qarşılaşma ilə bağlı ümidləri çoxdur. Lider Neymarın olmaması onların işinə yaraya bilər. Tərəflərdən hansı biri qalib gələrsə, play-off-a vəsiqə qazanacaq. Heç-heçə isə bu işi son tura saxlayacaq. Braziliya-İsveçrə matçının başlama vaxtı saat 20-dir. 
 

Qrupda play-off uğrunda mübarizə aparan digər kollektiv Serbiya futbolçularıdır. Balkan təmsilçisi yaxşı futbolçu nəslinə malikdir. İlk turda Braziliya yığması ilə oyunda başa-baş mübarizə aparan Draqan Stoykoviçin komandası yalnız rəqibin futbolçusu Rişarlisonun ustalıqla vurduğu qollarla məğlub oldu. 

Serbiya millisi üçün Kamerunla oyun çox əhəmiyyətlidir. Onlar play-off şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Kamerun mundiala ən çox qatılan Afrika təmsilçisi olmasına rəğmən əvvəlki gücündə deyil. Komandada xüsusilə qol vəziyyətlərinin boşa verilməsi problemi var. Məhz bu səbəbdən Serbiya millisinin görüşdə qələbə qazanmaq imkanları daha çoxdur. Bu görüş Bakı vaxtı ilə saat 14-də başlayacaq.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO