Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.
Bizim.Media xəbər verir ki, 4 qrupda keçiriləcək 8 oyundan sonra pley-offun daha 5 iştirakçısı bəlli ola bilər.
E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a qalib gələcəyi halda 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edəcək. Virusa yoluxan 25 yaşlı forvard bu görüşü buraxacaq.
F qrupunda "Leyptsiq" Almaniyada İspaniya "Real Madrid"ini məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Şotlandiyada "Seltik"ə uduzmalıdır.
G qrupunda Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Mançester Siti" klubunu yensə, adını növbəti mərhələyə yazdıracaq. Danimarka "Kopenhagen"i "Sevilya" ilə İspaniyadakı görüşdə xal itirsə, Bundesliqa təmsilçisini qrupdan çıxmaq üçün heç-heçə də qane edəcək.
H qrupunda isə Fransa PSJ-si və Portuqaliya "Benfika"sı 1/8 finalın 1 addımlığındadır. Paris klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"una məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.
Bizim.Media