Bir zamanlar toylarımızın bəzəyinə çevrilmiş şabaş indi toylarımızın tarixə qovuşacaq adətləri sırasındadır. Yaşlı nəslin isanları şabaşı hələ də yaxşı xatırlayarlar. Xüsusən də kişilər. Bəzən cibində şabaşı olmayan kişilər utandıqlarından toya da getmirdilər.
Bəs toyda gəlin-bəyin, hörmətli və əziz insanların başına səpilən pullardan ibarət olan şabaş nədən xəbər verirdi? Ondan gələn gəlir kimə çatırdı? Bu xüsusi adət nə səbəblə yerli-dibli kənd, şəhər demədən bütün toylarımızdan yığışıldı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Elçin Bayramlı şabaşın toylarımızda sıradan çıxmasını yaxşı əlamət hesab edir:
“Dövlət atributlarından biri olan pulun bəy, gəlin və qonaqların ayaqlarının altına səpilməsi utancverici bir əlamətdir. Ayaqlar altında əzilən pulların sağlam şəkildə yeni qurulan ailələrə verilməsi daha məqbuldur. Deyərdim ki, Qafqaz xalqlarından və harın ərəb şeyxlərindən başqa dünyanın heç bir yerində kiminsə oxuyub-oynayan başqa birinin başına pul tökdüyünü görməmişəm. Rusiyada ad günündə həmyerlimiz Telman İsmayılovun Cennifer Lopezin başına tökdüyü şabaşlar hələ də Cennifer də daxil, o videoya baxanlarda gülüş doğurur. Halal pulu heç kim o halda yerə səpə bilməzdi. Bu aşkar qudurğanlıq idi. Halbuki şad günü münasibətilə Telman o ayaqlar altda əzdiyi pullarla hansısa yetimlərin qarnını doyura bilərdi”.
Şabaşın toylardan yığılmasının səbəbini ekspert həmçinin bu illər ərzində sürətli devlyasiya və bahalaşmanın getməsi fonunda, manatın dəyər itirməsi ilə əlaqələndirib:
“Bir neçə dəfə artan qiymətlər, yemək də daxil, hər şeyin qiymətini qaldırdığı üçün indi insanlarda şabaş atmağa pul qalmayıb. İnsanlar əvvəllər toya 20-30 manat atırdısa, indi ən azı 50-100 manat atmaq məcburiyyətində qalıblar. Toya 50 manat atan insanlarda sanki utanma və sıxılma kimi hallar baş verir. Halbuki onlar toya əylənmək və əzizlərini təbrik etmək üçün gəlirlər”.
Azərbaycan toylarının bəzəyi olmuş şabaşı israfçılıq kimi dəyərləndirən sosioloq deyir ki, bizim milli adətlərimiz sırasında şabaş olmayıb. Son 50 ildə Azərbaycan toylarında dəbə düşmüşdü:
“Bəzi bölgələrdə toylarda yerlərdən yığılan şabaş toy sahibinə, bəzilərində isə musiqiçilərə çatırdı. Digər bir halda şabaşın toylardan yığışılmasına ona görə sevinməliyik ki, toylarda şabaşdan adətən sərxoş kişilər istifadə edirdilər.
Onlar cibində olan pulu toyda yerə- göyə səpələyir, səhər ayılanda isə bir gecədə yox olan pullarının peşmançılığını çəkməyə başlayırdılar. Sonda toy sahibi isə kimin nə qədər şabaş atdığına yox, toya yazdırdığı pula görə dəyərləndirmə aparırdı və insanlar da indi bir növ düşüncəli şəkildə davranaraq ayaq altına atdıqları pulları, indi toy sahibinin qeyd dəftərinə yazdırırlar”.
Leyla Şah, Bizim.Media