Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusunda yeni texnikalar - FOTO
Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib.
Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib.
Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.
Bizim.Media