Suriyada Sednaya həbsxanasında 40 il həbsdə qalan qadın azadlığa çıxıb.
Bizim.Media xəbər verir ki,1983-cü ildə Suriyanın paytaxtı Dəməşqdə bir gənc qadın əczaçı rəfiqəsinə məsləhət verib ki, qızını Ələvi zabitinə ərə vermə. Qayğı ilə deyilən sadə məsləhət dəhşətli faciəyə çevrilib.
Belə ki, bu məsləhəti ana qızına, qızı isə zabit kürəkənə çatdırıb. Bir neçə gündən sonra əczaçı qadının evinə patrul soxulub. O, tutularaq naməlum istiqamətə aparılıb.
O vaxtdan bəri qırx il keçib. Qadından heç bir səs-soraq, məktub ala bilməyiblər. Suriyanın ən qaranlıq həbsxanalarından biri olan Sednaya azad edildikdən sonra ortaya çıxana qədər onun taleyi haqqında heç nə məlum deyildi. Əzilmiş, solmuş, gözləri dəhşətdən donmuş 85 yaşlı qadın zamanın dayandığı dünyadan qayıdıb.
Videoda onun qardaşı ilə görüş anı əks olunub. Qadın çarəsiz şəkildə onun əlindən yapışır və getməməsi üçün yalvarır. Onun səsində onilliklər ərzində yığılmış qorxu və kabusun nəhayət sona çatdığına dair kövrək ümid eşidilir.
Bizim.Media