Eks spiker Rəsul Quliyev BMT - də Obama və Putinin son çıxışlarını Moderator.az - a şərh edib:
"Ola bilər Putinlə görüşəndən sonra Kansler Merkelin "bu insan elə bil ki, başqa dünyada yaşayır" dedikləri kimlərinsə yadındadır. 28 Sentyabrda Putinin BMT-nin tribunasından etdiyi çıxış Kanslerin bu fikirini tam təsdiqləyir. Ətrafındakı ölkələrin (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna) torpaqlarını işğal edən, bütün dünyada insan haqlarını kobudcasına pozan, totalitar rejimləri hərtərəfli dəstəkləyən (finans və silahla) qonşu ölkələri (Qazaxstan, mərkəzi Asiya və Baltik ölkələrini) daimi hədələyən, qorxu altında saxlayan Rusiyanı mələk kimi qələmə verməsi öz ölkəsinin daxilində işləyər, başqa ölkələrdə isə ancaq ikrahla qarşılana bilər. Obama çıxış edərkən onu dəfələrlə alqışlayan zal Putinin çıxışını sükutla qarşıladı.
Putinin Ərəb baharı ilə əlaqədar "Heç olmazsa indi nə törətdiyinizi başa düşdünüzmü" sualı ilə baş verənlərdə əsasən ABŞ (yəni indiki yaranmış terror hərəkatlarının səbəbi İraq, Liviya və Əfqanıstanda diktatura rejimlərini yıxmaq olub) və qərb ölkələrini günahlandırır. Bu insanın çox məhdud ağıllı və qeyri - adi sinik olması insanı heyrətə gətirir. Bu insan hələ də anlaya bilmir ki, İraq, Əfqanıstan, Misir, Liviya və Tunisdə həlak olanların və qaçqınların sayı onun dəstəklədiyi totalitar rejimli Suriyadan qat - qat azdır. Bu insan anlaya bilmir ki, total və təşkil olunmuş terror təşkilatlarının (Əl - Qaidə, Taliban, Müsəlman qardaşları, Kürd separatizmi) yaradıcısı Sovet İttifaqı (Rus imperiyası) və onun başçılıq etdiyi Rusiyadır. Əl - Qaidə və Taliban Sovetin Əfqanıstanı işğal edib bir milyondan çox əfqanı qırandan sonra yaranıb. Kürd separatistləri sovet imperiyasının pulu ilə Türkiyə NATO-ya daxil olandan, müsəlman qardaşları isə Misirlə İsrail müqavilə bağlayandan sonra yaradılıb. Ermənilərin Asala-sını da onlar yaradıb. Fələstin terrorizminin də yaradıcısı ruslardır. Bu insanın Çeçenistanda tərifli ordularının məğlub olması və ölkəsində baş verən saysız - hesabsız terror (partladılan evlər, girov götürülmüş və öldürlmüş şagirlər, teatr tamaşaçıları) aktları yadından çıxıb. ABŞ və Qərb Əfqanıstan və İraqa girəndən sonra Çeçenistana göndərilən terroristlərin sayı azaldı və Putin özünü və Kadırovu qəhrəman elan etdi.
Çıxışında Ukraynanın bir hissəsini işğal etməsini ən düzgün addım kimi qeyd edir. Ukrayna hökümətinin boyeviklərlə razılaşdırmadan heç bir konstitusiya qəbul etməsinin qeyri mümkünlüyündən danışır. Başqa sözlə, açıq açığına "Ukraynanı mən idarə etməliyəm" deyir.
O, təyyarədən enib BMT-yə gələnə qədər artıq prezident Obama çıxış edib qurtarmışdı. Bu insanın onun çıxışını oxumaq belə ağlına gəlməyib. Çünki Obama Ukraynanı dəstəkləyəcəklərini, Suriyada Bəşər Əsədin getməsinin əsas şərt olduğunu birmənalı qeyd etmişdi. Obama insan haqlarını pozan, demokratiyanın qarşısını alan rejimlərlə heç vaxt ABŞ-ın mübarizəni dayandırmayacağını da elan etmişdi. Bir neçə gün əvvəlsə Obama Rusiyanı "əlbəttə böyük ölkədir, məsələn, Avropada İspaniya səviyyəsində" demişdi. Bu, açıq mətnlə nüvə silahına güvənmə yerini bil deməkdir.
Bu mövzuya Poroşenkonun sabahkı çıxışından sonra bir daha qayıtmaq fikirim var. Çünki BMT-nin 70 illik yubileyində bir sıra liderlərin maraqlı, məsələn, Qazaxstanın prezidentinsə gülünc təklifləri səslənib.
Obamanın çıxışı bir daha göstərdi ki, ABŞ Rusiyaya qarşı yaxın vaxtlarda münasibətini dəyişməyəcək."





























































































