“Azadlığı övladlarımıza qurban verdik”x9d - 90-ların əvvəllərində Rafiq Tağı demişdi.
Aksiomatik səslənir. Onun özü Azadlığı övladlarına qurban verməyən nadir nüsxə insanlardan idi. Və bir nüansı da unutmayın - öz azadlığımızı qurban verməklə biz həm də övladlarımızı kölə edirik.
Biz isə ən yeni tariximizdə şəxsi-qərəzlik və qisasın fərdin özünə də yox, övladlarına da yox, hətta qohum-qardaşa qarşı yönəldiyinin çoxlu nümunələri ilə üz-üzəyik.
Həm də bunu fərdlərə qarşı fərdlər yox, özlərini elita elan etmiş, əslində anti-elita olan, idarəçiliyin zənciinin orta və yuxarı həlqələrində mövqe tutan “vremenşik”x9dlər edir. Bir sözlə, bu siyasəti dövlət yeridir. Terrorun elə bir forması ki, onun nəqledicisi rolunda güc strukturları çıxış edirlər.
Bu, hələ kannibalizm deyil, kannibalizmin solunda, bir addımlığında olan qəbilə psixlogiyası, traybalizmdir. Bu, elə bir əcaib, təhrifli və qorxulu siyasətdir ki, onun acı nəticələri anti-elitalar növbələşəndə özünü min qat ağır və ağrılı fəsadlarla göstərəcək. Və bu, nə vaxtsa ucalacaq zor vakxanaliyasının binasına qoyulan kərpiclərdir. Həmin binanı isə sadəcə tikməmək lazımdır, çünki onu sonra uzun müddət sökmək olmayacaq.
Qənimət Zahidin qardaşı övladları və əmisi oğlu siyasətdən, ictimai fəallıqdan uzaq kəslərdir. Ancaq bu, onları əslində mahiyyətində şantaj və qisascıllıq dayanan həbsdən xilas etmədi.
Emin Millinin qaynı da həmçinin apolitikdir - ancaq o da tutulub.
Daha əvvəl Natiq Ədilovun qardaşını standart ittihamla həbs etdilər.
Və bu tip əcaib faktlar dünən-bu gün peyda olmayıb, qəfildən üzə çıxmayıb. Vaxtilə Novruzəli Məmmədovun ailəsinin başına oxşar müsibəti açmadılarmı?
Yaxud 90-cı illərdə Ələkrəm Hümbətovun, Rəhim Qazıyevin, Surət Hüseynovun nəslinin başına oxşar hadisələri gətirmədilərmi?
Və elə o vaxtlardan da biz qohumların cavabdehliyi, “kollektiv məsuliyyət”x9d absurdunun adiləşməsinə doğru yol gəlirdik.
Artıq Emin Millinin qohumlarının ondan imtina etməsi ilə bağlı müraciəti yayılıb. Əmiuşaqları, dayıuşaqları, hətta qohumların həyat yoldaşları biabırçı olduğu qədər də ürəkbulandırıcı olan mətni birbaşa prezidentin adına yollayıblar.
Əlbəttə, haqq qazandırmaq mümkün deyil, ancaq anlamağa cəhd etmək mümkündür: onlar əmindirlər - növbə özlərinə çata bilər.
İstər YAP-çı ol, istər neytral - repressiya maşınının ağlagəlməz məntiqsizliklə fırlanan çarxlarının arasına düşmək üçün heç bir tutarlı səbəb tələb olunmur. Qorxulu ssenarinin mümkünlüyü insanları ləyaqətsiz, ələbaxan, şəkkak və zəif edir.
Bu fenomenlə psixoloqlar məşğul olmalıdır ki, yaşadığımız cəmiyyətin patopsixologiyasını müəyyənləşdirib xəstəliyə diaqnoz qoysunlar.
***
Məsələyə bütün bucaqlardan yanaşmaq lazımdır - obyektivlik naminə.
2012-ci ilin əvvəlində Qənimət Zahid övladlarını və xanımını da götürüb Fransaya yollananda bir yazı yazdım - təqdir edənlərlə bərabər çoxlu tənqidlər eşitdim. O yazının rezümesinə qayıtmaq istərdim.
O vaxt Qənimət Zaid yazıb yaydığı mətndə bildirirdi: onun fəaliyyəti övladlarının həyatı üçün təhlükəlidir, onda olan bilgilərə görə, övladlarına qarşı təxribat hazırlanırmış və s. və i.a.
Bizə də qalırdı hərə öz məntiq və təcrübəsi səviyyəsində bu arqumentlərə inanmaq, ya da inanmamaq.
Ancaq bunlarsız da vəziyyət müharibə vəziyyətini xatırladır. Yəni ölkəyə işğalçı girib və kişilər ailələrini təhlükəsiz yerə yollayıb özləri isə qayıdırlar ki, doğma evlərini, əcdadlarının qəbirlərini, vətən torpağını qorusunlar, vuruşsunlar, ya qalib gəlsinlər, ya da həlak olsunlar.
Qadın və övladları arxa cəbhəyə göndərirlər ki, əl-ayaqlarını bağlayan səbəblərdən xilas olub, ailələri ilə risk etməyib şir kimi döyüşsünlər.
Ancaq bu misal indiki Azərbaycana aiddirmi? Yox. Biz bu cür ssenarinin 1988-in fevral-noyabrında da, sonra Qarabağ müharibəsində də şahidi olmadıq (cüzi istisnalarla). Döyüş meydanını erkəklər, qadınlar və uşaqlar eyni vaxtda tərk etdilər.
Elə indi də kiminsə öz ailəsini fəlakətdən uzaqlaşdırandan sonra qayıdıb işğalçı psixologiyası ilə ölkəni zəlil edən iqtidara qarşı kompromissiz savaş açacağına inanmıram.
Bir çox siyasilərin gənc övladları çoxdan mühacirətdədir. Əslində bununla onlar hansısa gəncə “Mübarizəyə qoşul!”x9d söyləmək haqqını itirir. Adama deməzlərmi ki, bəs sənin övladların niyə sıramızda və yanında deyil?!Deyərlər.
Bunu irəlicədən görən Qənimət bəy də öz məktubunda gənc fəalların onu başa düşəcəyinə ümid etdiyini yazıb. Nə heyif ki, əsassız ümiddir.
Razıyam: azəri iqtidarı kannibal kimi davranır. Bu hakimiyyət kişinin heyfini onun qadınından, övladın qisasını onun atasından alır. Təkcə qadın və övladla kifayətlənmədən, öz caynaqlarını qohum-qardaşa qədər uzadır. Və qadın-övladını Qərbə köçürənlərin problemi də həllini tapmamış olur: axı valideynlər də var, qardaş-bacı da var, digər qohumlar da var... Onlarıdamı Qərbə köçürəcəksiniz?
Deməli, bizə güclü səbəblərdən qaynaqlanan bir akt kimi təqdim olunan bu “ailə köçürmələri”x9d söhbəti nəinki problemin həlli deyil, həm də səbəb bəhanə kimi görünməyə başlayır. Çünki kimsə ailəsi ilə risk etmək istəmədiyi üçün mübarizəsini dozalı və kompromissli edirsə, onun ölkədə hələ nə qədər qohumu qalır ki, onlar da “risk qrupu”x9dna daxildir. Elə çıxır ki, yalnız kimsəsizlər və yetimlər mücadilə verməlidir?
Razılaşın ki, absurd situasiya alınır. Hər bir siyasətçinin, hər bir gənc fəalın çoxlu yaxın qohumu var.
Və sən demə, Azərbaycanda MÜBARİZƏnin və müqavimətin yoxluğunun səbəbi də ailə və qohumlar imiş. Kim iqtidara qarşıdırsa, gərək bütün qan qohumlarını ölkədən çıxarsın və bundan sonra ölkəyə qayıdıb mübarizəyə girişsin. Bu, nonsens olduğundan, Azərbaycan da elə indiki günündə qalmalıdır, ya da bundan pis vəziyyətə düşməlidir.
Əlbət, ailəsinin məsuliyyətini bu formada çəkənlərin heç birini qınamıram. Bu, onların seçimidir. Özləri bilərlər. Ancaq bunun mübarizəyə heç bir dəxli yoxdur. Təhlükəsizliyə dəxli var, mübarizəyə yox. Gülünc vəziyyət yaranır: Azərbaycan ona görə azad deyilmiş ki, burada mübarizə aparmaq istəyənlərin ailələri və qohumları var.
Ancaq aksiomanın sübuta ehtiyacı yoxdur: övladlarının təhlükəsizliyini mühacirət üçün əsas səbəb kimi təqdim edənlərin qohumlarının təhlükəsizliyini də düşünmək kimi bir öhdəliyi yaranır. Çünki mübarizə aparan şəxs qohumlarını fikirləşmirsə, övladlarının da təhlükəsizliyini fkirləşməməlidir. Ya da hamısını fikirləşməlidir. Bu dərəcədə bəsit.
***
Ancaq daha bir absurd bu məsələlərə baş vuranların məhz mühacirləri daha çox qınayıb əsl səbəbkarın çirkin işindən bəhs etməmələridir. Yəni hakimiyyətin bu eybəcər (üstəgəl, təhrifli və qorxulu olduğu qədər də faydasız) taktikasının üstündən sükutla keçməyə çalışırlar. Əlbəttə, motiv aydındır - onların da ailələri və qohum-qardaşları var.
Hakimiyyətdə isə görünür, bir şeyi anlamırlar: söhbət mühacirətdəkilər tərəfindən tənqid olunmaqdan gedirsə, onlarn fəaliyyəti əslində bu rejim üçün tam təhlükəsizdir. Artıq 10 ildir ki, quru tənqid mübarizə metodu kimi rolunu büsbütün itirib, hakimiyyətin səhvlərini və neqativi sadalamaqla heç nəyi dəyişmək mümkün deyil.
Mətbəxdəki qadınların, dayanacaqda marşrut gözləyən sərnişinlərin, maaşları verilməyən fəhlələrin, dövlət idarələrinə yolu düşən vətəndaşların tənqidi həm emosionallığına, həm də rasionallığına görə “Azərbaycan saatı”x9dndakı və saytlardakı tənqidlərdən daha güclü və daha təbiidir. Çünki sıravi adamlar Azərbaycanda yaşayırlar və hər gün əzilirlər, üstəlik onların tək özlərinin yox, qonşuların, qohumların, tanışların... bir sözlə, bütün ölkənin əzildiyi barədə bilgiləri daha səhih və dolğundur. Mühacirətdən yayılan tənqid onlar üçün yeni deyil.
İqtidarın az qala “informasiya savaşı”x9d kimi təqdim etməyə çalışdığı xaricdən tənqid yalnız bir halda hakimiyyət üçün təhlükəli ola bilərdi: mühacirətdəkilər ideologiya və avanqard formalaşdırsaydı, taktika və strategiya təklif etsəydi, “nə etməli”x9d sualına cavab versəydi, kütlələri təşkilatlandırmağı bacarsaydı, yeni arzu, yeni utopiya (Çe Gevaranın söylədiyi anlamda) vəd etsəydi. Belədə isə - hamının bildiyi quru tənqid...
Yəni söhbət siyasi mübarizədən və rəqiblərin effektiv informasiya müharibəsindən getmir və gedə də bilməz. Bu fonda onsuz da yaramaz hərəkət olan qohumların həbsi də onqat ürəkbulandırıcı və hiddətdoğuran görünür.
Borxesin başqa məqsədlə dediyi kimi: “İki keçəlin daraq üstündə davası gedir”x9d.
Ortada isə neytrallar (ailə və qohumlar) məşəqqətə məhkum edilir. Eybəcərliyin apofeozu...(virtualaz.org)































































































