Biz “Müsəlman Birliyi Hərəkatı”x9d olaraq, bu gün ölkə gündəminin əsas hadisəsinə çevrilən yanğın hadisəsi ilə əlaqədar, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və bu hadisənin baş verməsində məsuliyyət daşıyan aidiyyatı qurumların xalq qarşısında hesabat verməsini gözləyirik. Artıq neçənci dəfədir ki, eyni səbəbdən yaşayış binasında yanğın hadisəsinin baş verdiyini nəzərə alsaq, hadisənin səriştəsizlik üzündən gerçəkləşməsi aydın olur. Belə ki, məlum olduğu kimi yanan binaların örtüyünə keyfiyyətsiz materillardan hazırlanmış fasadların vurulması belə bir şiddətli yanğına səbəb olmuşdur.
Birmənalı olaraq, Bakı Meriyasının rəhbərliyi altında həyata keçirilən bu tip fasad təmirlərinin şəhərin başqa yerlərində də olduğunu nəzərə almaqla, gələcəkdə belə halların təkrarlanmaması üçün Meriyanın məsələyə aydınlıq gətirməsi və günahkarların cəzalandırılmasını tələb edirik.
Təəssüflə qeyd edirik ki, hadisə zamanı dünyasını dəyişənlərin sayının hər ötən saatda artması məsələnin nə dərəcədə ciddi önəm kəsb etdiyindən xəbər verir. Hörmətli media mənsublarını da bu məsələyə həssaslıqla yanaşmalarına, günahsız dünyalarını dəyişən vətəndaşlarımızın xatirələrini əziz tutaraq, əyləncəli verilişlərə müvəqqəti olaraq ara vermələrinə çağırırıq. Sonda hakimiyyətdən hər bir vətəndaşa sahib çıxmasını, onların təhlükəsizliyini təmin etmələrini, məmur özbaşınalıqlarına və səriştəsizliklərinə son qoymalarını tələb edirik.






























































































