Gültəkin Hacıbəyli prokurorluğu məhkəməyə verir

Gültəkin Hacıbəyli prokurorluğu məhkəməyə verir

Hazırda oxunan: Gültəkin Hacıbəyli prokurorluğu məhkəməyə verir

61275

Prokurorluq işçisinin törətdiyi xuliqanlıq əməlini 7 aydır ört-basdır etdiyi üçün 

«Əmin deyiləm ki, hakimiyyət ona «get, öldür, arxanda durmuşuq» əmrini verməyəcək»

Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin siyasi sifarişi əsasında həyata keçirilən şərləmə və qarayaxma kampaniyasında baş rol almış, hazırda Xətai rayon prokurorluğunda müstəntiq vəzifəsində çalışan Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı törətdiyi xuliqanlıq əməlinin Bakı şəhər prokurorluğu tərəfindən gizlədildiyi barədə qəzetimizin 19 iyul sayında xəbər vermişdik.

Bu, hakimiyyətin Gültəkin xanıma qarşı məşhur “xidmətlər” müqabilində Mehdiyevlərə verdiyi heç də birinci mükafat deyil. Keçmiş həyat yoldaşı və oğlunun anasına qarşı analoqu olmayan mətbuat konfransı təşkil etmək qarşılığında Mahmud Mehdiyev Baş prokuror Zakir Qaralovun 18 iyun 2010-cu il intizam məsuliyyətinə cəlbetmə haqqında əmri ilə “hərbi xidmətdən yayınma və prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə yol verdiyinə görə” qovulduğu prokurorluq orqanına işə götürülüb. Mahmud Mehdiyevi yenidən müstəntiq təyin etməklə, Zakir Qaralov Prokurorluq haqqında qanunun bu əsasla prokurorluqdan xaric edilən şəxslərin işə bərpa olunmasını birmənalı şəkildə qadağan edən 29-cu maddəsinin tələbini kobud şəkildə pozub. Bu, əslində, vəzifə cinayətidir, lakin Mehdiyevlərin rüsvayçı “xidmətləri” qarşılığında, görünür, Baş prokuror bunu etmək məcburiyyətində qalıb. Biz hələ bu addımın Zakir Qaralovun özünün və prokurorluğun nüfuzuna vurduğu zərbədən danışmırıq. M.Mehdiyevin bacısı Aynur Mehdiyeva isə saxta və gülünc ittihamla G.Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında iş qaldırmağın qarşılığında hakimiyyətdən daha böyük mükafat - törətdiyi iki ağır cinayət, insan alveri və əməyin istismarı cinayətlərinə görə bir il şərti cəza aldı. Halbuki, Mehdiyevanın cinayətlərinin cinayət qanunundakı sanksiyaları 8-12 və 4-8 il azadlıqdan məhrumetmədir. 

Aynur Mehdiyeva evdar qadındır, heç bir ictimai faydalı fəaliyyəti yoxdur və onu faktiki cəzasız qoyarkən məhkəmə yalnız ilk dəfə məhkum olunmasına və himayəsində azyaşlı uşaq olmasına əsaslana bildi. Halbuki, məhkəmədə Mehdiyevanın 11 yaşlı qızının da cinayət törətməsi və yalnız azyaşlı olduğu üçün barəsində cinayət işinə xitam verilməsi təsdiqləndi. Üstəlik, Mehdiyeva məhkəmədə törətdiyi əməli dandı və zərərçəkənə dəymiş ziyanın bir qəpiyini də ödəmədi. Aynur Mehdiyevanı bu şərtlər daxilində belə ağır məsuliyyətdən yayındıran hakimiyət görəsən hansı mənəvi haqla qadın kolonunu hələ də ləğv etməyib və Mehdiyevadan qat-qat yüngül cinayətlər törətmiş qadınları həbs cəzasına məhkum edir? Bu, Azərbaycan hakimiyyətinin Azərbaycan qadınlarına qarşı həyata keçirdiyi açıq və alçaldıcı diskriminasiya siyasətidir. 

Qayıdaq mövzumuza. Mahmud Mehdiyevin bu il aprelin 7-də Gültəkin Hacıbəyliyə qarşı törətdiyi xuliqanlıq əməlini Bakı Şəhər Prokurorluğu gizlədir. Üstündən yeddi ay keçməsinə baxmayaraq, Mehdiyev barədə nəinki cinayət işi açılmayıb, heç bir araşdırma aparılmayıb, iş ümumiyyətlə, Bakı şəhər prokurorluğunda qeydiyyata götürülməyib. Bununla bağlı son durumu öyrənmək üçünÿGültəkin Hacıbəyliÿilə əlaqə saxladıq. O mövzu ilə bağlı bunları dedi: 

“Bakı şəhər prokurorluğuna ilk müraciətim iyun ayında olub. Şikayətim əsasında qəbul edilmiş qərarı tələb edirəm, tərəf kimi bu qərar mütləq rəsmi qaydada mənə təqdim olunmalıdır. Cinayət hadisəsi yeddi aprel 2014-cü ildə baş verib. Belə ki, Mehdiyev 7 aprel tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin gözləmə zalında, çoxsaylı şahidlərin gözü qarşısında mənə hücum edərək zorakılıq tətbiq etməklə mənə məxsus olan mobil telefonumu fiziki güc tətbiq etməklə, zorakılıqla əlimdən almış, telefonumun fotoşəkillər olan yaddaşına girməklə şəxsi həyatımın toxunulmazlığı hüququmu pozmuş və bu zaman nəinki özü, hətta bacısı Aynur Mehdiyeva məni nalayiq formada təhqir etmişlər. Mən yalnız polisləri dəvət edəndən sonra Mehdiyev telefonumu mənə qaytardı. Mənə qarşı törədilən əməlin xuliqanlıq olması nə məndə, nə də vəkillərimdə şübhə doğurmur. Görünür, prokurorluğun da elə ilk gündən buna şübhəsi olmadığı üçün material dərhal 22-ci polis bölməsindən alınaraq Nəsimi Rayon Prokurorluğuna, oradan isə, xüsusi əhəmiyyətli cinayət hadisəsi kimi Bakı Şəhər Prokurorluğuna aparılıb. Tam məsuliyyətlə deyirəm ki, bu faktla bağlı yeddi ay ərzində heç bir araşdırma aparılmayıb, material böyük ehtimalla kənara tullanıb və itirilib. Lakin mən müraciət edəndən sonra ciddi narahat oldular. Cinayət işinə başlanmasının rədd edilməsi haqqında qərar da qəbul edə bilməzdilər, çünki nə mənim, nə də şahidlərimin izahatı alınmadan, üzləşmə aparılmadan bu mümkün deyil. Digər tərəfdən, hətta belə qiyabi qərar varsa, niyə məndən gizlədilir? Dəfələrlə Baş prokurora və Bakı şəhər prokuroruna rəsmi məktub ünvanlamışam. Cavablarda eyni yalan təkrarlanır: 15 may tarixində cinayət işinə başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib və guya qərar mənə göndərilib. Necə göndərilib ki, nəinki poçt, hətta Bakı Şəhər Prokurorluğunun özünün dəftərxanası belə bir sənədin heç vaxt daxil olmadığını təsdiqləyir? Bakı Şəhər Prokurorluğu bəlkə alternativ göyərçin xidmətindən istifadə edir? Qərar varsa, niyə onuu surətini çıxarıb beş aydır mənə təqdim edə bilmirsiniz? Qərar varsa, niyə Bakı Şəhər Prokurorunun müavini Azər Əsgərov şahidlərin adını məndən soruşur? Görünür, prokurorluq hətta polisdə verdiyim izahatı da itirib və köhnə tarixlə də olsa qərar yazıb verə bilmir. Bakı Şəhər Prokurorluğunun bütün rəsmi şəxsləri ilə dəfələrlə görüşmüşəm. Bakı şəhər prokuroru Əziz Seyidov, müavini Azər Əsgərov, istintaq idarəsinin rəisi Cəfər Cəfərov və s. vəzifəli şəxslərin cavabı ya ”mənlik deyil, mən heç nə edə bilmərəm", ya da “araşdıracağıq” şəklində olur. Bu vəzifə səhlənkarlığı və süründürməçilik beş aydır davam edir. Razılaşın ki, qəbul edilmiş qərarın surətini təqdim etmək üçün Bakı şəhər prokuroruna beş ay vaxt lazım olmazdı. Sadəcə, “şanlı” müstəntiqin törətdiyi əməlinin tam tərkibi ortada olduğu üçün vaxtilə vəziyyətdən çıxış yolunu materialı gizlətməkdə görüblər, indi isə qərar olmadığı üçün onu mənə təqdim edə bilmirlər. Digər tərəfdən, mənim bu məsələ ilə bağlı sonadək, hüquqlarım bərpa olunanadək bütün vasitələrdən istifadə edərək mübarizə aparacağımı yaxşı bilirlər. Ancaq, hər şeydən aydındır ki, Mahmud Mehdiyevi mənə qarşı digər əməlləri kimi xuliqanlıq hərəkətlərinə də birbaşa hakimiyyət təhrik edib, əks halda bu əməlləri prokurorluq çox operativ ilkin reaksiya ilə və belə cidd-cəhdlə gizlədilməzdi. Hazırda qərarı məhkəmə yolu ilə tələb etmək üçün bir saylı inzibati-iqtisadi məhkəməyə iddia ərizəsi hazırlayıram. Qərarı alandan sonra yenə də məhkəmə qaydasında qərarın məzmunundan şikayət verəcəyəm. Çünki əmin deyiləm ki, Mahmud Mehdiyevə “get mətbuat konfransı keçir, şərlə, böhtan at, uşağını əlindən al, səni prokurorluğa bərpa edək, iddia qaldır, əmlakına həbs qoyaq, əmlakını alıb sənə verək, məhkəməyə şikayət ver, cinayət işi açaq, hədə-qorxu gəl, təhdid et, ictimai yerdə üstünə hücum çək, təhqir et” deyən hakimiyyət sabah ona “get öldür, arxanda durmuşuq” əmrini verməyəcək, sonra isə, indi etdiyi kimi, bunu ailədaxili münaqişə kimi təqdim etməyə çalışmayacaq.

Prokurorluq bu qədər əməllər qarşılığında cəzadan yayındırılan, əvəzində isə mükafat olaraq vəzifə alan Mehdiyevlər üçün tam cəzasızlıq mühiti formalaşdırıb. Əks halda, hakimiyyət Mehdiyevlərdən niyə bu qədər qorxsun ki? Axı onların əməlləri hakimiyyətə ictimai qınaqdan, nifrətdən başqa nə qazandırdı ki? O hadisələrdən, xüsusilə də 9 yaşlı oğlumla təhdid olunduğumdan sonra hətta əvvəllər məni qınayan neçə qatı hakimiyyət tərəfdarının etiraz və təəssüf dolu mövqeyinin şahidi oldum. Odur ki, Mehdiyevlərə uğursuz kampaniyaları qarşılığında bu səviyyədə reveransların məqsədi başqadır və mənə qarşı törədiləcək istənilən əməlin, həyatım üçün yarana biləcək istənilən təhlükənin məsuliyyəti birbaşa Azərbaycan hakimiyyətinin üzərinə düşəcək. Mehdiyevlər burada ancaq icraçı rolunda çıxış edir və hakimiyyətin birbaşa tapşırığı olmasa, üzərində sınaq müddəti ilə verilmiş 8 il 6 ay həbs cəzası ola-ola məhkəmədə yalan ifadə vermək cinayətini törədən adam buna cəsarət edə bilməz. Yəqin ki, məhkəmə bütün bu suallara, ilk növbədə xuliqanlıq faktına, eləcə də daimi yaşadığı mənzildə bir il ərzində gözü qarşısında baş verən insan alveri cinayətini ört-basdır edən və prokurorluq orqanına yaraşmayan hərəkətlər görə bu orqandan xaric edilmiş Mehdiyevin hansı əsasla müstəntiq vəzifəsinə təyin edilməsinə də aydınlıq gətirəcək. Bu, müəyyən zaman və enerji aparacaq, bəlkə Avropa Məhkəməsinədək gedəsi olduq, ancaq sonda, bir il gec, ya tez, ədalət mütləq bərpa olunacaq".

 

azadlıq.info

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO