Azərbaycanda demokratik islahatların aparılmasının zəruriliyi, insan haqları və azadlıqlarının boğulması cəhdlərinin qarşının alınması və s. kimi məsələlərin uzun illərdir ki, ictimai-siyasi müstəvidə əsaslı surətdə müzakirə edildiyi məlumdur. Halbuki, ölkəmizdə demokratiyanın təntənəsi istiqamətində ölkə iqtidarının həyata keçirdiyi kompleks tədbirlər, qanunvericilik bazasında aparılan köklü dəyişikliklər və qanunların işləməsini təmin edən sərt və şəffaf nəzarət sistemi Azərbaycanda demokratiyanın nəinki yoxluğundan, hətta hansısa çatışmazlığından belə şikayətlənməyə əsas olmadığını göstərir. Lakin buna baxmayaraq, hər zaman olduğu kimi bu gün də bəzi qüvvələrin demokratiyanın vəziyyəti ilə bağlı öz narazılığını dilə gətirməsi, hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndirməsi müşahidə edilir ki, bu da müxalifət və bütövlükdə xalqın böyük kəsiminin hakimiyyətin uğurlarına olan qərəzindən xəbər verir.
Ümumiyyətlə, kim ki, Azərbaycanda
demokratiyanın mövcud olmadığını söyləyir, kim ki, hakimiyyətin insan haqq və
hüquqlarına qəsb etdiyini, vətəndaş azadlıqlarını məhdudlaşdırdığını söyləyir,
bununla da özünün hədsiz riyakarlığını
ifşa etmiş olur. Çünki Azərbaycanda demokratiyanın, həm də bütün dünyaya örnək
olacaq demokratiyanın mövcudluğu dənizin maviliyi, günəşin hərarəti, səmanın
sonsuzluğu qədər aydın bir həqiqətdir.
Bəli, Azəbaycanda cəmiyyətin, dövlət və
idarəetmə sisteminin bütün sahələrini əhatə edən aşkar, inkaredilməz
demokratiya mövcuddur. Lakin bu, hər kəsin şərhsiz də başa düşdüyü sıradan,
ənənəvi demokratiya deyil. Bu, sözün həqiqi mənasında qara demokratiyadır. Bu,
varlının kasıb, güclünün zəif, məmurun
xalq, haqısızın haqlı, günahkarın günahsız, oğrunun doğru, yalanın həqiqət, cinayətin
qanun üzərindəki demokratiyasıdır. Bu, elə bir demokratiyadır ki, siz bu
demokratiyanın yazılmayan, amma həyata çoxdan vəsiqə alan prinsiplərini əsas
götürərək törətdiyiniz istənilən cinayətə haqq qazandıra, hətta buna görə
təltif də ala bilərsiniz. Siz qara demokratiyanın pul və mənsəb sahiblərinə
tanıdığı sonsuz səlahiyyətlərdən faydalanaraq bütün bir toplumla kralın
təlxəklə rəftar etdiyi kimi rəftar edə, onu ən gülməli və təhlükəli
əyləncələrinizə alət edə bilərsiniz. Siz bu demokratiyanın köməyi ilə özünüzün
qanun və əxlaqa zidd olan elə istəklərinizi reallaşdıra bilərsiniz ki, bu
istəkləri dünyanın heç bir ölkəsində - demokratiya beşiyi sayılan ABŞ-dan
tutmuş polisi cinayətkardan seçilməyən vəhşi Kolumbiyaya qədər heç bir
guşəsində gerçəkliyə qovuşdura bilməzsiniz.
Bəli, kimin nə deməyindən asılı olmayaraq,
Azərbaycan demokratik ölkədir. Burada hər kəsin istədiyi fikri dilə gətirməsi,
istədiyi məsələ ilə bağlı öz narazılığını dilə gətitrməsi mümkündür. Qara
demokratiya buna etiraz etmir, əksinə insanlara bütün bu azadlıqları verməklə
öz mövcudluğunu təsdiqləmiş olur. Lakin əgər sizin haqlı olduğunuzu sübut edəcək
qədər gücünüz yoxdursa və bu səbəbdən əzilən, təhqir edilən tərəf olduğunuz
halda sizi döyən, haqqınızı qəsb edən tərəfə kompensasiya ödəmək, ondan üzr
istəmək məcburiyyəti qarşısında qalmısınızsa, bu demokratiyanın günahı deyil.
Madam ki, siz demokratiya ilə bağlı yanlış təsəvvürlərlə silahlanmış halda rüşvət
verməli olduğunuz nöqtədə “qanun” deyə çığırırsınızsa, pulun aça biləcəyi
qıfılları ədalətin zərif barmaqları ilə açmağa çalışırsınızsa, bu,
demokratiyanın deyil, sizin özünüzün nöqsan və çatışmazlığından xəbər verir.
Odur ki, ədalətli olun. Azərbaycanda
denokratiyanın yoxluğu ilə bağlı qərəzli təbliğat aparmağı dayandırın. Gerçəyi
qəbul edin və demokratiyadan faydalanmaq, onun yeni, Azərbaycan mühitinə
uyğunlaşdırılan prinsipləri ilə işləməyi öyrənin. Birdəfəlik bilin ki, dünya
demokratiyasının uzunmüddətli tərəqqi prosesinin yekunu olaraq meydana çıxan
Azərbaycan demokratiyası yalnız o şəxslərin hüququnu tanıyır ki, onların ölkə
qanunlarına təsir gücü qanunların onlara təsir gücündən qat-qat çoxdur. Əgər
siz yetərincə güclü deyilsinizsə, əgər sizin milyonlarla pulunuz, tonlarla
qızılınız yoxdursa, əgər çiyninizdə general paqonu, cibinizdə nazir vəsiqəsi
daşımırsınızsa, əgər bütöv bir ömrü yalnız halal zəhmətlə, sıradan bir zəhmət
adamı kimi keçirmisinizsə, deməli baş
verənlərin bütün məsuliyyət sizə məxsusdur. Ona görə də, Azərbaycanda
demokratiyanın yoxluğu ilə bağlı gərtəksiz hay-küy salmaqdan, ölkə iqtidarına
qara yaxmaqdan əl çəkin. Ləyaqətli olun və qara demokratiya qarşısında hörmət
hissi ilə baş əyin. Madam ki, sizi özünə əsir edən bu demokratiyadan xilas ola
bilmirsiniz, madam ki, nifrət etdiyiniz sistemin adi, idarəolunan tərkib
hissəsiniz, madam ki, dünən də, bu gün də həyatınıza cinayətkar hesab etdiyiniz
insanlar qərar verir və sizin bu qərara etiraz etmək, bu yolda ölmək
cəsarətiniz yoxdur, o zaman sadəcə ehtiramla baş əyin.
Səxavət Cabbarov
































































































