Cəmil Həsənli Azərbaycan və erməni lobbisindən danışdı

Cəmil Həsənli Azərbaycan və erməni lobbisindən danışdı

Hazırda oxunan: Cəmil Həsənli Azərbaycan və erməni lobbisindən danışdı

55182

Bugünlərdə Yunanıstan parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsini qəbul etməsi Azərbaycanda ciddi narahatlığa səbəb olub. Baş verənləri erməni lobbisinin alktiv fəaliyyəti kimi dəyərləndirən bəzi siyasilər bu yöndə davam edən proseslərin ümumilikdə türk dünyasına yaxşı heç nə vəd etmədiyi qənaətindədir.

Erməni lobbisinin uğurları fonunda Azərbaycan diasporunun fəaliyyətini də tənqid edən ekspertlər, dövlət büdcəsindən xaricdəki diasporların saxlanılması üçün ayrılan milyonlarla vəsaitin özünü doğrultmadığı fikrindədir. Bəzi politoloqların fikrincə, Azərbaycan diasporunun uğursuzluğunun əsas səbəblərindən biri ayrılan vəsaitlərdən düzgün istifadə edilməməsi ilə yanaşı, bu məsələdə lazımi təcrübə və peşəkarlığın olmaması ilə bağlıdır.

Məsələyə münasibət bildirən Milli Şura sədri, professor Cəmil Həsənli Moderator.az-a açıqlamasında erməni lobbisinin Azərbaycan diasporundan daha aktiv olduğunu vurğulasa da, Azərbaycan tərəfinin gördüyü işlərə də diqət çəkdi:

“Xocalı məsələsi ilə bağlı Azərbaycan tərəfi xeyli iş görüb. Bunu qeyd eləmək lazımdır. Dünyanın bir sıra parlamentlərində Xocalı soyqırımı ilə bağlı qərar qəbul edilib. Nəzərə almaq lazımdır ki, Azərbaycan bir dövlət olaraq 20 ildən bir qədər artıq müstəqillik tarixinə malikdir. Onun lobbiçilik fəaliyyəti də yeni-yeni formalaşır. Amma 1919-cu ildə Topçubaşov Parisdən Nəsib bəy Yusifbəyliyə yazdığı məktubda qeyd edirdi ki, ermənilərin Avropa və ABŞ-da 50 illik təbliğat təcrübəsi var. Təsəvvür edin ki, 1919-cu ildən sonrakı tarixin üzərinə də 50 il əlavə edin və görün erməni lobbisinin nə qədər zəngin təcrübəsi var. Ermənilərin bu məsələdə təcrübə və imkanları böyükdür. Bu səbəbdən də məlum istiqamətdə müəyyən işlər görürlər”.

C.Həsənlinin bildirdiyinə görə, əslində Yunanıstan parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarını bir tək erməni lobbisinin fəaliyyəti ilə izah etmək düzgün deyil. Tarixçi alimin sözlərinə görə, bu gün bəzi ölkələri qondarma erməni soyqırımı amilindən Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar və Yunanıstan da bu baxımdan istisna deyil: “Qondarma erməni soyqırımı ilə bağlı qərarların qəbulu Türkiyəyə qarşı təzyiq vasitəsidir. Yunanıstanın Türkiyə ilə münasibıtləri aydındır. Yunanıstan bunu ona görə qəbul etməyib ki, 1915-ci ildə belə bir soyqırım olub və ya olmayıb. Yunanıstan bunu ona görə qəbul edib ki, Türkiyəyə qarşı hansısa təzayiq vasitəsi kimi istifadə eləsin”.

C.Həsənli Yunanıstan parlamenti tərəfindən qəbul edilən qanun layihəsinin Azərbaycanı da narahat etməli olduğunu qeyd etdi. Tarixçi alimin qənaətincə, Azərbaycanın baş verənlərə etiraz əlaməti olaraq Yunanıstanla iqtisadi-mədəni əlaqələrə yenidən nəzər salması məqsədəuyğun ola bilər:

“Azərbaycan məlum qanun layihəsinə cavab olaraq Yunanıstanla olan iqtisadi-ticarət, mədəni-turizm əlaqələrinə baxa bilər. Çünki bu qərarın Azərbaycana aidiyyatı var”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO