İqtidar Avropanın siyasi episentri olan İngiltərənin paytaxtı Londonu “fəth” edir. Hökumətin ən yuxarı eşelonunda təmsil olunanlar, yüksək çinli məmurlar və övladları Londona toplaşırlar. Dünyanın siyasi mərkəzlərindən olan London azərbaycanlı nazirlərin, övladlarının, o cümlədən iqtidarda vaxtilə təmsil olunmuşların yurduna çevrilib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, baş nazirin müavini İsmət Abbasovun oğlanları, sabiq deputat Rza İbadov, prezidentin bacısı Sevil Əliyeva Londonda yaşamağı seçiblər. Hətta müxalif liderlər arasında övladları, ailələri Londonda yaşayanlar var.
Amma bu, istisnadır. Əsasən hakimiyyət düşərgəsində olanlar ingilis paytaxtını niyə seçirlər? Bu seçimin səbəbi və sirri nədədir? Birjaların, siyasi institutların, bank sektorunun, təhsil mərkəzlərinin bu Avropa şəhərində daha güclü və mükəmməl işləməsidirmi? Bəlkə Avropanın elitasının, aristokratiyasının, kübar və zəngin adamlarının toplaşdığı yer olduğu üçün bu şəhərə üstünlük verilir?
Deputat Fazil Mustafanın fikrincə, bu, daha çox İngiltərədə mülkiyyət toxunulmazlığına ciddi əməl olunması ilə əlaqədardır. F.Mustafanın sözlərinə görə, Azərbaycanda geniş imkanı olanlar bu mərkəzdə mülkiyyət almaq fürsətindən istifadə edirlər, iqtisadi idarəetməyə qatılmaq üçün fəaliyyət göstərirlər. Deputat İngiltərənin təlatümlər yaşamayan, sabit, müharibəsiz bir ölkə olmasını da xüsusi vurğuladı: “Mülkiyyət toxunulmazlığı bu səviyyədə Rusiyada qorunsaydı, bu ölkəyə axın olardı. Hətta Amerika belə son dərəcə etibarlı deyil. Nə vaxtsa bank hesablarını dondurması təhlükəsi var. Bu baxımdan azərbaycanlı milyonerlər kapitalını Avropaya daşıyır, bu qitənin etibarlı ölkələrinə banklara hesablarını yatırır”. F.Mustafa Londonda elitar ab-havası olmasını da səbəblərdən biri sayır: “Eyni zamanda Avropanın siyasi qəlbi Londonda döyünür. Bu baxımdan bu şəhərə maraq var. Səbəblər burdan qaynaqlanır”.

Yazıçı-publisist Həmid Herisçi deyir ki, bunu bilmək üçün ingilis yazıçısı Konan Doylun Şerlok Holms əsərinə baxmaq lazımdır. Yazıçının sözlərinə görə, həmin əsərdə İngiltərənin aşkar və gizli hökumətlərindən bəhs olunur: “Həmin kitabı oxuyanda London sirri açılır. Əsərdən bilmək olur ki, İngiltərədə iki hökumət var. Doktor Vatsın hökuməti üzdə olanıdırsa, Şerlok Holms gizli hökumətdir. Şerlok Holms kraliça ailəsinə bağlıdır. Dünya hökuməti də həmin kraliça ailəsi ilə sıx əlaqədədir. Postsovet ölkələrinin siyasi elitasının Londona toplaşması haqda Qazaxıstanda bir dəfə yaxşı fikir səsləndirmişdilər ki, İngiltərədə gizli dünya hökumətində 300 ailə təmsil olunur.
Həmid Herisçi: “Londonda gizli dünya hökuməti ilə əlaqələr var” |
Və qazax müxalifətçiləri yumorla danışırdılar ki, ölkədə 3 rus, yəni 300 tayfa ölkəni idarə edir. Onlar ironiya ilə sual edirdilər ki, Qazaxıstanı idarə edən bu 300 rus ailə niyə dünya hökumətində olan Londondakı həmin 300 ailə ilə təmas qurmasın?! Bir az yumorla deyilən fikir idi, amma həqiqət payı vardı".
H.Herisçi Azərbaycan siyasi elitasının London marağını da gizli dünya hökumətinin 300 ailəsi ilə bağlayır: “Bizim milyonerlər, hökumət adamları Londonu çox sevirlər. Ora gedənlər özlərinə vəkil tuturlar. Vəkil bütün işləri düzəldir, dünya hökumətində olan 300 ailə ilə əlaqələr yaratmağa kömək edir Həmin vəkillər detektiv əsərlərin qəhrəmanı olurlar, sonra müəmmalı şəkildə ölürlər və talelərindən xəbər olmur.
Bir tərəfdən də Azərbaycan neft ölkəsidir, İngiltərə ilə əlaqələrimiz strateji mahiyyət daşıyır. Tarix boyu ingilislər Azərbaycanla maraqlanıblar. Bu, ADR dövründən daha qədim tarixə gedib çıxır. Onlar Şamaxı, Gəncəyə tez-tez gəliblər, ingilislərin də Azərbaycana marağı olub.
Musavat.com

































































































