Bir müddət əvvəl mətbuatda Mərkəzi Klinikada kadr dəyişikliyi haqqında məlumat getmişdi. Azərbaycan oxucusu qısa cümlələrlə klinikanın baş direktoru Melikşah Acunerin öz vəzifəsindən uzaqlaşdırıldığını, yerinə Toğrul Adıgözəlovun gətirildiyini öyrəndi. İlk baxışdan ciddi heç bir məna ifadə etməyən, adi kadr dəyişikliyi təsiri bağışlayan bu hadisənin altında yatan bir çox mətləblər haqqında Moderator.az ilginc məlumatlar əldə edib.
Bizə ötürülən məlumata görə, sözügedən kadr dəyişikliyinin kökündə səhiyyə
sisteminə hakim olmaq savaşı dayanır. Savaşın mərkəzində isə Prezident yanında
xüsusi tibb xidmətinin maliyyə və təsərrüfat şobəsinin müdiri Ülkər Babayevanın
adı çəkilir.
Məlumatda bildirilir ki, Ülkər Babayeva hakim dairələrə yaxın əlaqələrindən
istifadə edərək bir çox səhiyyə ocaqları kimi Mərkəzi Klinikanı da tam nəzarət
altına götürmək istəyir. Son kadr dəyişikliyi isə onun ilk addımı deyil.
Hardasa ilyarım əvvəl Klinikanın bütün maliyyə sisteminə nəzarət etmək üçün
onun baş mühasibi dəyişdirilmiş, yerinə Ülkər Babayevanın bacısı oğlu Fuad
Sadıqov gətirilmişdi. Hələ o zaman belə həyata keçirilən bu dəyişiklik
Klinikanın bütün kreditorlarını ciddi narahat etmiş, pul ödənişlərində
axsamalar baş vermişdi. Müəssisədəki son dəyişikliklərlə isə bu narazılıq pik
nöqtəyə çıxmışdır.
Maraqlıdır ki, mətbuatda gedən xəbərdən fərqli olaraq klinikanın
bundan əvvəlki direktoru Melikşah Acuner də deyilmiş. Acuner son təyinatdan 12
gün qabaq Musa Abbasovla əvəz olunubmuş. Müəssisənin indiki rəhbəri Toğrul
Adıgözəlov isə Musa Abbasovun yerinə təyin edilib. 12 gün ərzində iki direktor
dəyişdirən klinikada həyata keçirilən son dəyişikliklər aparıcı həkimlərdən
tutmuş xadimələrə qədər bütün personal arasında ciddi narahatlıq yaradıb, hər kəs
yaxın günlərdə növbənin onlara da çatacağını düşündüyündən özlərinə yeni iş
yeri tapmağa çalışırlar. Verilən məlumata görə müəssisənin kreditorları da bundan
xeyli narahatdırlar və yatırdıqları sərmayəni geri çəkməyin yollarını
axtarırlar.
Bütün klinika personalını narazı salan əsas amil Ülkər Babayevanın
işçilərlə həddindən artıq kobud davranması və həyata keçirəcəyi ehtimal olunan
maliyyə maxinasiyaları ilə əlaqədardır. Belə ki, Prezident yanında xüsusi tibb
xidmətinin məsul işçisinin həkimlərdən yeganə tələbi onun iradəsinə tabe
olmaqdır. Kim bu iradəyə boyun əyirsə, müəssisədə qalıb işləyə bilər. Kim ki,
tabe olmağı bacarmırsa, dərhal ərizəsini yazmalıdır. Mənbəmiz klinikadakı vəziyyəti
eynilə bu sözlərlə ifadə edir-Mərkəzi Klinikada matriarxal çevriliş.
Bəs, Mərkəzi Klinikanın yeni direktoru kimdir və hansı xüsusiyyətinə
görə bu müəssisəyə rəhbər təyin olunub? Bildirildiyinə görə, yeni direktor
Toğrul Adıgözəlov məşhur bəstəkar Tofiq Adıgözəlovun oğludur. Ziyalı ailəsində
tərbiyyə alan bu adamın əslində çox gözəl xəsiyyətləri olsa da xarakteri idarəçilik
üçün yaramır. Həddindən artıq həlim xəsiyyəti ilə seçilən Toğrul Adıgözəlovun
indiki vəzifəyə gətirilməsi də əslində bununla bağlıdır. Məqsəd onun yumşaq təbiətindən
istifadə edərək həqiqi idarəçiliyi ələ keçirməkdir. Məlumatlı şəxs ondan narahatdır
ki, gələcəkdə klinikada baş verməsi ehtimal olunan maliyyə maxinasiyalarında
Yusif Sərrac rolunu oynamaq üçün Toğrul Adıgözəlov kimi həlim xəsiyyətli adam
bu vəzifəyə təyin olunub. Başqa sözlə, əslində müəssisəni başqaları idarə edəcək,
məsuliyyətu isə baş direktor daşıyacaq.
P.S. Redaksiya ötürülən məlumatların nə qədər həqiqət olduğunu
bilmirik. Mərkəzi Klinikanın bu gün ölkəmizin müasir standartlara uyğun nadir
tibb ocaqlarından biri olduğunu və səhiyyəmizin indiki vəziyyətini nəzərə alıb
məlumatı dərc etdik. İstərdik ki, əlaqədar qurumlar bu məsələyə ciddi diqqət
yetirsin, yazıda ifadə olunan məqamlar yoxlanılsın. Əgər məlumatlar doğrudursa
tibb sahəsində onsuz da xeyli geridə qaldığımız bir zamanda üzümüzü ağardan tək-tük
müəssisələrdən birinin şüurlu şəkildə iflas edilməsinin qarşısı alınsın.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



































































































