Həbsdə olan gənc NİDA üzvü Bəxtiyar Quliyevin yazdığı əfv müraciəti ilə bağlı müzakirələr hələ də yekunlaşmayıb. “Yeni Müsavat”a bu məsələnin pərdəarxası ilə bağlı yeni detallar məlum olub.
Əldə etdiyimiz məlumata görə, əfv müraciəti yazmaq həbsdəki digər NİDA üzvlərinə də təklif olunub. Belə ki, Pentesniar Xidmətin nümayəndələri onlarla ikibir-üçbir söhbət edib, əfv müraciəti yazmalarının azadlığa çıxmaları üçün faydalı olacağını bildirib.
Söhbət zamanı onlara bildirilib ki, bu müraciəti yazsalar, ən qısa zamanda imzalanacaq əfv fərmanı ilə azadlığa çıxa bilərlər. Təkbətək görüşlərdən sonra gəncləri bir otağa yığaraq onlara B.Quliyevin yazdığı əfv müraciətini göstəriblər. Gənclərə “baxın, Bəxtiyar artıq belə bir müraciət yazıb, siz də yazın” deyilib. Ardınca isə onlara bu məsələni birgə müzakirə etmək üçün vaxt verilib. Bir saata yaxın müzakirə aparan gənclər yekdilliklə qərar veriblər ki, belə bir müraciəti imzalamaq olmaz. Onların qənaətinə görə, əfv müraciəti yazmaq etmədikləri hansısa cinayəti boyuna almaqdır və bu, yolverilməzdir. Müraciət edilənlər arasında həbsə düşdükdən sonra NİDA-ya üzv olan İlkin Rüstəmzadə olmayıb. Ona hər hansı əfv ərizəsi yazmaq təklif edilməyib.
Vəkil Elton Quliyev isə iyunun 3-də Pentensiar Xidmətə gedərək, NİDA-çılarla söhbət edib. Görüşdə B.Quliyev iştirak etməyib. Görüşün təfərrüatları ilə bağlı vəkildən məlumat almağa çalışsaq da, zənglərimizə cavab vermədi.
Səkinə Qurbanova: “Bəxtiyar hansı cinayətkar qrupa qoşulub, bizə də desin...” |
Əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, B.Quliyevin müraciətindən öncə bəzi NİDA-çıların valideynləri övladlarının azadlığa çıxması üçün atılacaq addımlarla bağlı müzakirələr aparıblar. Amma müzakirələrin nəticəsində hər hansı müraciət yazmaq variantı rədd edilib və buna görə də məsələ qapanıb.
Hazırda isə Bakı İstintaq Təcridxanasında saxlanılan NİDA-çılar B.Quliyevin məlum müraciətindən sarsılıblar. Onlar üçün yoldaşlarının bu addımı gözlənilməz və ağır zərbə olub. Bununla belə, onların heç biri B.Quliyevin addımını təkrarlamayacağını bildirib.
Xatırladaq ki, bu, həbsdəki NİDA-çılara əfv ərizəsi yazdırmaq üçün sayca üçüncü cəhddir. Daha öncə məhkəmələri davam edən zamanda onlara analoji müraciət olmuş və gənclər yekdilliklə bunu rədd etmişdi.

NİDA İdarə Heyətinin üzvü Zaur Qurbanlının anası Səkinə Qurbanova isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, B.Quliyevin atası Səməndər Quliyevin bu ərizə ilə bağlı mediaya verdiyi açıqlama onları sarsıdıb. Müsahibimiz xatırlatdı ki, S.Quliyev “Bəxtiyar cinayətkar qrupa qoşulub” deməklə dostlarını etmədikləri bir işdə suçlayıb, onlara zərbə vurub: “İndi mənim də Səməndər Quliyevə suallarım var. Bu gənclər hansı cinayəti törədib? Kimdir o cinayətkar qrupun üzvləri? Bəlkə başqa dəstəyə qoşulub, xəbərimiz yoxdur? Bəlkə nəsə bir cinayət edib, biz bilməmişik? Mənim uşağım hansı cinayəti törədib ki, sənin uşağın da mənimkinə qoşulub? Olmayan bir şeyi, cinayəti necə boynuna alırsan axı sən? Mənim oğlum cinayət etsəydi, adam öldürsəydi, mən ana kimi xahiş edər, yalvarardım ki, cavanığına bağışlayın. Axı bu, heç nə etməyib. Kimə, niyə yalvarım mən? Mənim uşağım ağır qan xəstəsidir, nə qədər yaşayacağı bilinmir. 1 il 3 ay da bu tərəfdən ömrünü kəsdiniz. Mən günahsız olan oğluma görə necə yalvarım? Nə deyib yalvarım?”






























































































